Professor Vilayət Vəliyev: “Universitetdə biz elə bir sistem yaratmaq istəyirik ki, təkcə müəllim tələbəni öyrətməsin, həm də müəllim tələbədən öyrənsin...”

Yanvarın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) mediatur çərçivəsində valideynlər və jurnalistlərin qış imtahan sessiyasının gedişini izləməsi üçün çox gözəl şərait yaradılmışdı.

Dəvət olunan valideynlər və jurnalistlər əvvəlcə çay süfrəsi arxasında universitetin rektoru professor Vilayət Vəliyev, Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli, İctimai Şuranın üzvləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, valideynlər və jurnalistlərlə xeyli maraqlı söhbətlər oldu. 

O.Gündüz İctimai Şuranın üzvü kimi universitet haqqında maraqlı təəssüratlarını bölüşdü. Sonra sözü Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevə verdi. Vilayət müəllim universitetdə görülən işlərdən, universitetin beynəlxalq əlaqələrindən, tələbə-müəllim münasibətlərindən geniş məlumat verərək dedi: “Əvvəla, dəvətimizi qəbul edib bura gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. Bizim ictimaiyyətdən gizli heç nəyimiz yoxdur. Yəqin ki, uşaqlarınız burada baş verən yeniliklər və hadisələr barədə evdə sizlərə danışırlar. Bizim məqsədimiz dövlətimiz və xalqımız üçün yüksək təhsilli kadrlar yetişdirməkdir. Bİz öz işimizdə Ali Baş Komandan Prezident cənab İlham Əliyevin elm və təhsilə göstərdiyi qayğı və diqqətin daima şahidi oluruq. Bu isə bizi ölkəmiz üçün savadlı kadrlar yetişdirməyə daha da ruhlandırır. Kadrları yetişdirmək üçün isə, təkcə elmi biliklər kifayət eləmir. Eyni zamanda, o biliklərə yiyələnmək üçün müasir texnologiyalara sahib olmalısan. Bu sahədə universitetdə xeyli işlər görülüb. Müasir laboratoriyalar yaradılıb, ən yeni texnologiyalardan ibarət emalatxanalar qurulub. Burada tələbələr müxtəlif konstruksiyaların qurulmasında iştirak edirlər.  Universitetdə biz elə bir sistem yaratmaq istəyirik ki, təkcə müəllim tələbəni öyrətməsin, həm də müəllim tələbədən öyrənsin. Çünki indiki tələbələrin daha çox dünyagörüşü var. İnternet vasitəsi ilə müasir texnologiyaları izləyirlər. Bununla onu demək istəmirəm ki, müəllim həmişə tələbədən öyrənməlidir. Tələbələrin belə dünyagörüşlü olduğunu görən müəllim öz üzərində işləməli, biliklərini daima artırmalıdır. Çünki elm hər zaman inkişaf edir. Onu da diqqətə çatdırım ki, AzTU-da imtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçirilir.

1705675073582

Məlumat üçün deyim ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.

Tezliklə Univesitetdə tələbələr üçün yeməkxana və elektron kitabxana olacaq       

Bizim ən böyük problemlərimizdən biri də tələbələrin yeməkxana problemi idi. İndiyə qədər bizdə tələbələr üçün yeməkxana olmayıb. İndi bu problemi aradan qaldırmaq üzrəyik. Özünüz də bunu indi görəcəksiniz. Böyük bir korpusun altındakı  yarımzirzəmidə olan tonlarla zir-zibil tamamilə daşınıb, orada təmir gedib, müasir şəraitə gətirilib. Tezliklə burada yeməkxana fəaliyyətə başlayacaq. Yeməkxananın araya-ərsəyə gəlməsində tələbələrin özlərinin də böyük əməyi olub. Bəzi köhnə avadanlıqları məhz tələbələr təmizləyib və əlavələr edərək elə vəziyyətə gətiriblər ki, sanki mağazadan indi alınıb. Bundan əlavə, yeni elektron kitabxananın yaradlması üçün də otaqlarda ciddi təmir işlər gedir. Onu da demək istəyirəm ki, bizim universitetdə çoxsaylı şəhid övladları və II Qarabağ döyüşünün qaziləri, veteranları təhsil alırlar. Şəhidlərimizə allah rəhmət eləsin, qazilərə allah şəfa versin. Veteranlarımıza da can sağlığı, uzun ömür arzulayıram. Onlarla biz fəxr edirik. Bu təbəqədən olan insanlar bizim qürur mənbəyimizdir. Ona görə də onlara çox böyük həssas və qayğıkeşliklə yanaşırıq.  Universitetin Beynəlxalq əlaqələrini də inkişaf etdirmək üçün səylə çalışırıq. Bu sahədə də böyük uğurlarımız var. Artıq universitetimiz beynəlxalq aləmdə tanınmağa başlayıb. Onların hamısından danışıb sizin vaxtınızı almaq istəmirəm. Kimin nə sözü, sualı varsa, dinləyib cavab verməyə hazıram”.

Gənc bir taksi sürücüsünün Vilayət Vəliyev haqqına dedikləri

Bu çıxışdan sonra yaranan sakitlikdən istifadə edib, söz alaraq bunları dedim: “Əvvəlla, Azərbaycanda fəaliyyət göstərən universitetlər arasında ötən il “İlin rektoru” seçilməsi münasibəti ilə Vilayət müəllimi ürəkdən təbrik edirəm. Uzun ömür  və can sağlığı arzulayıram. Mən həm jurnalist, həm də bir valideyn kimi bu universitetdə baş verən yeniliklərdən xəbərdaram. Əvvəlki rəhbərliyin vaxtında da baş verənlərdən məlumatımız var idi və bu, heç də yaxşı məlumatlar deyildi. Mən sizə bu günlərdə rast gəldiyim kiçik bir əhvalatı danışmaq istəyirəm. Təxminən iki həftə bundan  əvvəl, bir taksi ilə yol gedirdim. Gördüm sürücü cavan oğlandır. Soruşdum ki, təhsilin varmı? Cavab verdi ki, Texniki Universiteti qurtarmışam. Nə vaxt qurtardığını və rektor Vilayət müəllimi tanıyıb-tanımadığını soruşdum. Sürücü belə cavab verdi: “Mən 4-cü kursda oxuyanda Vilayət müəllim təzə rektor təyin olunmuşdu. Mənim və qrup yoldaşlarımın çoxsunun xeyli kəsirləri var idi. Elə hey fikirləşirdik ki, o kəsrləri aradan qaldırmaq üçün pulu haradan tapaq? Elə həmin vaxtlarda rektor Vilayət müəllim qrupumuza gəldi, bizlərlə hal-əhval tutdu və kəsrlərlə maraqlandı. Məsələni biləndən sonra, göstəriş verdi ki, bütün tələbələrin kəsirləri aradan qaldırılsın. Gözlərimizə inanmadıq. Bir manat belə xərcimiz çıxmadan kəsirlərimizin hamısı düzəldi”.

Mənə elə gəlir ki, bir taksi sürücüsünün dediyi bu fikirlər Vilayət müəllim haqqında geniş təsəvvür yaradır. Mənim işlədiyim “Təzadlar” qəzeti ictimai həyatda baş verən nöqsanlara, ayrı-ayrı məmur özbaşınalıqlarına qarşı barışmaz mövqedə dayanır və haqqı pozulanların haqqını, hüququnu yazılarla müdafiə edir. Mən özüm də  adətən tənqidçi jurnalistəm. Ancaq bu, o demək deyil ki, qəzetimiz və mən  əlimizə qılınc alıb, gələni-gedəni haqlı, ya haqsız qılınclayırıq. Yaxşıya yaxşı demək insanlıq borcumuzdur. Mərhum şair Cabir Novruzun sözləri ilə desək “Sağlığında qiymət verin insanlara”. Bunu nəzərə alıb, xalqımız və dövlətimiz naminə, təhsilimizin inkişafı üçün təmənnasız gördüyü müsbət işlərinə görə Vilayət Vəliyevə “çox sağ olun” deyirik.

Vilayət müəllim bayaq çıxışında universitetdə şəhid övladlarının, qazilərin və veteranların oxuduqlarını bildirdi. Məlumat üçün deyim ki, mənim oğlum da 44 günlük II Qarabağ döyüşünün iştirakçısıdır və bu universitetin 3-cü kurs tələbəsidir. Vilayət müəllimin bu kateqoriyadan olan insanlara necə böyük həssaslıqla yanaşdığının bir valideyn kimi şahidiyəm. Mən özüm də 1-ci Qarabağ döyüşünün iştirakçısıyam. Bu səbəbdən Qarabağ mövzusu mənim üçün çox həsas bir mövzudur. Ona görə də Vilayət Vəliyevin bu qəbildən olan insanlara göstərdiyi diqqət və qayğı, məni həm keçmiş döyüşçü, həm də döyüşçü atası kimi çox duyğulandırır. Rektordan əlavə, prorektorlar, o cümlədən tədris işləri üzrə prorektor Nurəli müəllim, oğlumun oxuduğu fakültənin dekanı Malik müəllim, Mətbuat Xidmətinin rəhbəri Sevinc İsgəndərova, eyni zamanda müəllimlər və universitetin bütün şəxsi heyətinin hər biri II Qarabağ döyüşünün iştirakçılarına çox diqqət və qayğıkeşliklə yanaşırlar. Mən Vilayət müəllimin söhbətlərimizin birində söylədiyi bir fikiri, inanın, hər yerdə danışıram, uyğun mövzularda yazı hazırlayarkən istifadə edirəm. Vilayət müəllim belə demişdi: “Elçin müəllim, bu döyüşçülər orada imtahan veriblər, artıq bizim növbəmizdir, indi biz onlara imtahan verməliyik”. Belə bir vətənpərvər, elmə-təhsilə bağlı olan insanın Texniki Universitet kimi ali məktəbin rəhbəri olması, bizi  həm  sevindirir, həm də bu təhsil ocağının nüfuzunu günü-gündən artırır. Əlbəttə, belə bir şəraitdə oxumaq, elm öyrənmək tələbələr üçün də bir qədər asandır. Bütün bunlara görə rektor Vilayət Vəliyevə sonsuz təşəkkürümüzü bildiririk”.

Məndən sonra çıxış edən jurnalistlər və valideynlər də universitetdə tələbələr üçün yaradılan şəraitdən və rektorun gördüyü müsbət əməli işlərdən razılıq edərək,  təşəkkürlərini bildirdilər. Eyni zamanda onları maraqlandıran suallara rektor tərəfindən  ətraflı cavab aldılar.

AzTU-da müxtəlif modelli dronlar hazırlanır?

Bu söhbətlər və müzakirərdən sonra dəvət olunan qonaqlar, həm yeni yaradılan yeməkxana, elektron kitabxana, müxtəlif modelli dronların yığılması üçün emalatxana və imtahanların gedişi ilə tanış oldular. Bu emalatxana Türkiyənin Aviasiya və Kosmik Tədqiqatlar şirkəti mütəxəssislərinin dəstəyi ilə yaradılıb və olduqca diqqətçəkən idi. Hətta qısa müddətdən sonra havaya qalxaçaq o dronların hissələrinin neçə yığılmasını özümüz müşahidə etdik. Kompüterdə də həmin hissələrin çertojları işlənirdi. Tələbələr çox sərbəst şəkildə bu hissələri hazırlaya bilirdilər. Belə bir emalatxana Azərbaycan universitetləri arasında yeganədir və yalnız AzTU-da fəaliyyət göstərir.

Tələbələrin kompüter arxasında həm fizikadan, həm də riyaziyyatdan ayrı-ayrı auditoriyalarda imtahan verməsini də canlı izlədik. Onlara verilən vaxt müddətində cavabları hazırlayıb çatdıra bilirdilər. Mobil telefonlar yığıldığından əlavə də heç bir köməkdən istifadə olunmurdu.

Bütün bunları görəndən sonra bir daha əmin olduq ki, universitetin idarəçiliyi etibarlı əllərdədir. Necə deyərlər, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin ona göstərdiyi etimadı rektor Vilayət Vəliyev tamamilə doğruldur. Biz də bu yolda Vilayət müəllimə sağlam və uzun ömür arzu edirik. 

Sonda onu da deyim ki, bir təşəkkür borcumuz da, Universitetin Mətbuat Xidmətinin rəhbəri, işinə olduqca məsuliyyətlə yanaşan Sevinc İsgəndərovayadır. S.İsgəndərova həm jurnalistlərlə çox sıx əlaqədə işləyir, həm də o qədər vətənpərvər bir xanımdır ki, bəlkə də imkan versələr, əlinə silah alıb, ermənilərlə döyüşmək üçün birbaşa ön cəbhəyə gedər. Buna imkanı olmadığından, şəhid övladlarına, qazi və veteran tələbələrə göstərdiyi hədsiz diqqət, qayğı sayəsində, necə deyərlər həmin döyüşməyi kompensasiya edir. Belə geniş ürək sahibi olan Sevinc İsgəndərovaya sonsuz təşəkkürlərimizi bildiririk.

Elçin Məmmədli

2

1705675073749

1705675073739

1705675073772

1705675073762