Gözəl insan və istedadlı jurnalist Sevil Sadıxovanın pak ruhuna böyük ehtiramla...

Biri vardı, biri yoxdu... İndi artıq şirin nağıllara və rəngli yuxulara çevrilmiş bir zamanlarda jurnalistika adlı sehrli, cazibəli məkanda Sevil xanım Sadıxova vardı... Həmin vaxtlarda “xanım” ifadəsi o qədər də dəbdə olmadığından biz ona “Sevil müəllimə” deyə müraciət edərdik. Çünki həqiqətən də gözəl insan, əsl xanım, istedadlı jurnalist və yaxşı pedaqoq idi.

Ötən əsrin 85-86-cı illərində mən orta məktəbin IX sinfində oxuyarkən ilk yaradıcı düşüncələrimi, qələm təcrübələrimi kağız üzərinə köçürəndə Zaqatala rayonunda işıq üzü görən “Qırmızı bayraq” qəzetində peşəkar və zəhmətkeş jurnalist heyəti çalışırdı. Bu kollektivin rəhbəri – qəzetin redaktoru isə Sevil xanım Sadıxova idi.

qurban-3

Sözügedən dövrün şahidləri mövcud ideoloji tələblərə uyğun şəkildə rayon partiya komitəsindən sonra qəzetin, birinci katiblə yanaşı, redaktorun hansı statusa və nüfuza sahib olduğunu unutmayıblar. Bundan əlavə, qələmə hörmət, sözün çəkisi, jurnalist vəsiqəsi imtiyazı, ictimai qınağın varlığı şəraitində mətbuat, qəzetçilik inkişaf, kütləvi təbliğat, təşviqat  mərhələsi yaşayırdı. Biz 15-16 yaşlı yeniyetmələr də məktəb tədbirləri, kənd həyatı, təsərrüfat işləri, idman yenilikləri barədə kiçik məqalələr yazıb redaksiyaya aparır, ya da məktubla yollayırdıq. Həmin bahar qoxulu günlərdə adıçəkilən ünvanda mənim də qarşıma yaxşı insanlar çıxdı - Zenfira Nəsibova (onun barədə başqa bir yazıda) cızma-qaralarımı çap elədi, Sevil müəllimə yaradıcılıq istiqaməti, mənəvi dəstək, qol-qanad verdi. Həm də təkcə mən deyildim ki, xeyli yazarlar ordusu vardı – gənclərdən Elmira Ərtilova, Musa Muradov, Gülnar Məmmədova, Nüsrət Musayev, Şöhrət Məmmədova, Elman Maliyev, Sona Hacıyeva; nisbətən yaşlılardan Şabiddin Aslanov, Mollavəsi Mollayev, Gülbənd Durmuşova, Əzəddin Əliyev və başqaları...    

qurban-1

Nəzərə alsaq ki, 1984-88-ci illərdə “Qırmızı bayraq” 15-16 min sayda nəşr olunur, hər ailədə mütaliəyə meyllilərin, oxu həvəskarlarının sayı orta hesabla dörd nəfər idi, altmış minlik oxucu auditoriyasına malik “yerli qəzet”ə bu günün azman media orqanları həsəd apara bilərlər. Redaksiya nəzdindəki “Qönçə” ədəbi birliyinin hər məclisi qızğın müzakirələr, maraqlı şeir və hekayələrin seçilməsi zəminində istedadlı gənclərin üzə çıxarılmasına xidmət göstərirdi. Həmin materialların dərc olunduğu qəzet səhifələri şəxsi arxivimin qiymətli eksponatları kimi bu gün də qalır və hər dəfə vərəqlədikcə nostalji hisslər yaradır, gərəkli, məhsuldar insan ömürlərini bir daha xatırladır. Redaksiya ilə əməkdaşlıq etdiyim vaxtlarda əsl yaradıcılıq ab-havası hökm sürürdü və biz özümüzü (təvazökarlıqdan kənar çıxsa da) həqiqi jurnalist sayırdıq. Çünki ofislərdən verilən statistik rəqəmləri, məlumatları bir-birinə calayıb quru, sxolastik məqalələr yazmır, şehli çöllərdə tütünçülərlə, üzümçülərlə, tərəvəzçilərlə; tozlu tikinti meydançalarında fəhlələrlə; yaylaqlarda, qışlaqlarda heyvandarlarla, sonradan cəbhələrdə əsgərlərlə birgə çalışır, canlı reportajlar, oçerklər hazırlayırdıq. Hər yazıya görə qazancımız, mükafatımız isə 10-12 manat qonorar, ən əsası minnətdarlıq dolu məktublardan duyulan xalq sevgisindən başqa bir şey deyildi.

qurban-4

İndi o günləri xatırlayanda heyrətdən donub qalıram: ilahi, insan nə qədər pak, tərbiyəli, ürəyigeniş, alicənab ola ki, sadə ailədən çıxmış, hələ orta məktəb təhsilli bir uşağın (yəni mənim) belə geniş yaradıcılığına, az qala hər sayda imzasına, yazılarına şərait yarada, yerlərdən həmin ünvanlı təşəkkür məktublarına qısqanclıqla yanaşmaya, məktəblərin, kolxoz-sovxozların tədbirlərinə, hesabat-seçki iclaslarına qatılmasını, müəssisə rəhbərləri ilə eyni sırada əyləşməsini, çörək kəsməsini qəbullaya bilə... Xilqət necə təmənnasız, gözütox, nəfsinə hakim xəlq edilə ki, övladının fəaliyyəti ilə maraqlanmaq üçün kənddən gələn valideynə nəinki hansısa umacağını eyhamla çatdıra, hətta pay gətirdiklərindən də nəzakətlə imtina edə... Bəxşişi qaytarıb qəlb sındırmasın deyə, birinci dəfə həmin məhsulları qonşu kabinetlərdəki iş yoldaşları arasında bölüşdürə və bir də bunun təkrarlanmaması barədə təbəssümlə bərk-bərk tapşıra... Adam nə boyda şükran, qane, iddiasız yaşaya ki, məsələn, həyat yoldaşına, oğluna, qızına, nə bilim, qudaya, kirvəyə niyə hansısa vəzifə, təltif, mükafat çatmadı deyə fikirləşməyə, qohum-əqrəbadan ötəri mənsəb nərdivanına çevrilməyə... Sadə, təmiz adla, vüqarlı, üzüağ, alnıaçıq yaşaya...

Elə ölkənin qarışıq vaxtlarında – doxsanıncı illərin əvvəllərində Sevil xanımın qəzet redaktorluğundan könüllü istefa verib pedaqoji işə keçməsi də səviyyəsini qoruyub saxlamaq, kürsü davalarında tərəf, şər-böhtan kampaniyalarında rupor olmamaq istəyindən irəli gəlmişdi. Yenə də icra hakimiyyətində, yaxud da başqa yüksək qurumda vəzifə istəmədi, hansı ki, anında bunu reallaşdırmağı bacarardı. Ziyalı həyat yoldaşı Ənvər Məhyəddinovun çalışdığı kollektivə sığındı – Zaqatala şəhər 2 saylı orta məktəbində dil-ədəbiyyat fənninin tədrisinə başladı.

qurban-2

O, sonralar – BDU-nun Jurnalistika fakültəsinə imtahan verdiyim, təhsil aldığım və müxtəlif işlərdə çalışdığım vaxtlarda da mənimlə maraqlanar, tövsiyələrini verərdi... Bir dəfə universitetdən çıxarkən üzbəüzdəki “partşkola”nın qonaq evinin (indiki İdarəçilik Akademiyasında ikinci ali təhsil alırdı) foyesində əyləşdiyini gördüm, yüyürüb çölə çıxdı, hal-əhval tutduq, dərslərimlə, maddi vəziyyətimlə maraqlandı, orada çalışan tələbə yoldaşı Zeynal Məmmədlinin, digərlərinin adını çəkdi, yaxşı oxumağı, səbrlə çətinliklərə sinə gərməyi tapşırdı, iş üçün redaksiyada yolumu gözlədiklərini dedi... Əlbəttə, bütün bunlar Bakının yay istisində qovrulan, böyük meqapolisin tünlüyündən, havasızlığından, xlorlu suyundan əziyyət çəkən, paytaxta nabələd, rayon, kənd uşağı üçün bir dost, doğma dəstəyi, güvəni, Zaqatala sərinliyi və genişliyi demək idi.      

Belə söyləyirlər və təsdiqlənmiş həqiqətdir ki, bəzi insanların adı ilə xarakteri arasında bağlılıq, oxşarlıq var. O da adına uyğun şəkildə hamı tərəfindən bir ana, bacı, jurnalist, redaktor, müəllim kimi sevildi, dəyərləndirildi, bu əbədi gəliş- gedişli karvan yolunda öz köçünü çəkib getdi...

qurban-5

Bir məqama təəssüflənirəm ki, bu yazını gərək Sevil xanım həyatda olarkən yazaydım. Xalq şairimiz Cabir Novruz demişkən, "sağlığında qiymət verin insanlara..." Bəlkə, bir-iki kəlmə xoş söz, təşəkkür vaxtilə çəkdiyi zəhmətlərin əvəzi olar, qəlbini sevindirər, yorğnluğunu götürər, ağrılarını azaldar, ömrünü uzadardı... Amma nədənsə həmişə elə düşünürük ki, doğmalarımız, əzizlərimiz həmişə yanımızda olacaq, heç zaman bizi tərk etməyəcəklər... Həmin ağır itkidən də sırf təsadüf nəticəsində xəbər tutdum – oktyabrın 4-də Bakıda nüfuzlu bir qəzetin Baş redaktorunun otağında söhbət zamanı zaqatalalı olduğumu bilib tələbə yoldaşını – Sevil Sadıxovanı soruşdu, salamını çatdırmağı xahiş etdi. Sanki yuxudan oyandım, çoxdandır əlaqəm yox idi, çıxan kimi oğlu ilə birgə çalışan dostumuz Elnur Sumaylının telefonunu yığdım, acı xəbər məni sarsıtdı: əziz redaktorum artıq həyatda deyildi...

q

Sevil Saleh qızı Sadıxova 1950-çi il sentyabrın 11-də Zaqatala şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1957-1967-çi illərdə Zaqatala şəhəri 1 nömrəli orta məktəbində təhsil alıb, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. 1976-cı ilin 8 avqustunda sevib-seçdiyi Məhyəddinov Ənvər Hidayət oğlu (2002-ci il noyabrın 27-də vəfat edib) ilə ailə həyatı qurmuşdu. 2023-cü il avqustun 12-də paytaxt xəsətxanalarının birində cərrahiyə əməliyyatı zamanı dünyasını dəyisib. Azər və Arzu adlı iki övladları, üç nəvələri var.

qurban-7

Diqqətli oxucu, bu xatirə yazısının sərlövhəsinə görə məni qınamasın: “Qəzetin, jurnalın, televiziyanın, nəşriyyatın redaktoru olar, rayonun, şəhərin yox!” – bunun fərqindəyəm. Və qəsdən elə yazmışam, çünki o, həqiqətən Zaqatalanın və öz ömrünün tələbkar, məsuliyyətli, xanım-xatın redaktoru idi. Həyatını, əməllərini elə redaktə elədi ki, yaxşılıqları, xeyirxahlıqları sayəsində 50-də, 60-da qalmadı, Allahın köməyi ilə 73 yaşına çatdı.

q

Bəli, biri vardı, biri yoxdu... İndi artıq əl çatmayan, ün yetməyən zamanlarda, şirin nağıllara və rəngli yuxulara çevrilmiş günlərdə jurnalistika ünvanlı sehrli, cazibəli məkanda Sevil Sadıxova adlı bir xanım vardı... Zaqatalanın və ətraf rayonların mətbu, ictimai-siyasi gündəmində böyük rol oynamış, bu gün 100 illik yubileyi keçirilən, sonralar “Zaqatala” adlanmış “Qırmızı bayrağ”ın xanım-xatın redaktoru vardı...

Onu daim xatırlayanlar adından hörmət, rəhmət və məhəbbətlə, 

Qurban Cəbrayıl,

“Mədəniyyət” jurnalının redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü