Asif Mərzili: "Hakim Kərim Xudayev mediaya qarşı iddiaya baxır, amma "Media haqqında" Qanunun ən azı 77-ci maddəsinin tələblərindən xəbərsizdir…"

Bu gün Bakı şəhər Yasamal rayon Məhkəməsində hakim Kərim Xudayevin sədrliyi ilə iddiaçı, SOCAR stukturundakı şirkətlərdən birində çalışan Baqiyev İlyas Knyaz oğlunun "Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair" mülki iddiasına (İş№2(004)-5715-2023) baxıldı. İddia üzrə ötən ilin oktyabr ayından başlayan məhkəmə mübahisəsi bu gün martın 28-də tamamlandı.

Belə ki, hakim Kərim Xudayevin sədrliyi ilə davam edən 6 aylıq məkkəmə çəkişməsində yekun qərar elan edildi. Hakim müşavirədən qayıdaraq qərarını belə qət etdi: "İddia qismən təmin edilsin, "Təzadlar" qəzeti Baqiyev İlyas Knyaz oğlunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələdiyinə görə 500 manat cərimə edilməklə, təkzib versin!".

Asif Mərzili: "Məhkəmə prosesində başa düşdüm ki, həm hakim, həm də SOCAR sistemində çalışan iddiaçı Baqiyev İlyas Knyaz oğlunun "Şərəf və ləyaqətini, işgüzar nüfuzunu…" müdafiə edən vəkil Prezidentin imzaladığı "Media haqqında" Qanundan tamamilə xəbərsizdirlər…".

Beləliklə, bu gün Yasamal rayon Məhkəməsində baş verən şok olay, yəni mediaya qarşı iddiaya baxan hakimin və iddiaçının şərəf və ləyaqətini müdafiə edən vəkilin "Media haqqında" Qanundan xəbərsizliyi barədə qəzetin baş redaktoru Asif Mərzili bunları söylədi:

- Bəli, təəssüf edirəm ki, uzun illərdir məhkəmə sistemində islahatlardan, yeni dünyəvi məhkəmə təfəkkürlü hakimlərin təyinatından və s. danışıldığı bir vaxtda, əcaib məhkəmə qərarları ilə də üz-üzəyik. Misal olaraq, bu gün Yasamal rayon Məhkəməsinin gənc hakimi Kərim Xudayevin elan etdiyi qərar dediklərimə sübutdur. Belə ki, bu qərar hakim müstəqilliyinə və məhkəmə ədalətinə, eləcə də hakim savadlılığına olan etimadın üzərindən qara xətt çəkmiş oldu…

- İddiaya səbəb nə idi? Burada nə ciddi bir mübahisə predmeti var idi ki?!

- Mən hələ sonuncu iclasda hakimə iddiaya etirazımı təqdim etmiş və bildirmişdim ki, biz burda qanunlarımızın tələblərindən danışır və mübahisəmizi bu tələblər üzərində quracağıqsa, onda gəlin qanunun tələbləri və dili ilə də danışaq… Beləliklə, sonuncu iclasda məhkəmənin, yəni hakimin diqqətinə iddiaya etirazı əsaslandıran bu sübutları təqdim etmişdim: İddiaçı tərəfindən mübahisələndirilən "SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar" başlıqlı məqalə tezadlar.az saytının 20 oktyabr 2023-cü il tarixli buraxılışında yayımlanmışdır. Məqalənin girişində xüsusi mətnlə və vurğu ilə yazılmışdır ki, Neftçilərin Hüquqlarının Müdafiəsi (Bundan sonra: NHMT) İB-nin sədri Mirvari Qəhrəmanlı özünün (NHMT-nin) elektron poçtuna daxil olan, eləcə də ona (NHMT-yə) məxsus sosial platformada yayımlanmış bir sıra informasiyalarla bağlı "Təzadlar" qəzetinə (sayta) açıqlamalar vermişdir. Ardınca isə həmin yazıda M.Qəhrəmanlıya müraciət etmiş şikayətçi olan neftçinin ona yazmış olduğu məlumatlara istinad edilməklə, redaksiya "Media haqqında" Qanunun 20.2 və 77.2-ci maddələrinin tələblərinə riayət edərək M.Qəhrəmanlının müəllif hüquqlarını pozmadan, ona (mənbəyə) istinad edərək həmin məlumatları yayımlamışdır.

Redaksiya, Qanunun 1.1.7. maddəsində qeyd olunduğu kimi, ilkin və əsas mənbəyə istinad edərək Azərbaycan Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmış, uzun illərdir səbərəli fəaliyyət göstərən, beynəlxalq nüfuza malik Qeyri-Hökumət Təşkilatı olan NHMT-nin onlayn (sosial) mediada yayımlanmış informasiyasını yayımlamışdır. Hansı ki, hakim Kərim Xudayev və iddiaçı Baqiyev İlyas Knyaz oğlu, yaxud onun vəkili şikayətçi neftçinin SOCAR prezidenti Rövşən Nəcəfə ünvanlı həmin müraciətini diqqətlə oxusaydı, bir daha görərdi ki, məqalə ittiham ruhunda deyil, SOCAR rəhbərliyini konkret faktlarla məlumatlandırmaq məqsədlidir (Məqalənin linki təqdim edilir).

- Asif müəllim, hakimi və qarşı tərəfi başa düşürük, nədəncə SOCAR adı gələndə hamını əsməcə tutur, bəs «Media haqqında» Qanun bu iddianı tanıyırmı?

- Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 30 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş (№ 471-VIQ) "Media haqqında" Qanunun 9-cu fəsilinin ""Media haqqında" Qanunun pozulmasına görə məsuliyyət" bölməsinin 77-ci maddəsində aydın şəkildə yazılır: "Maddə 77. Bu Qanunun pozulmasına görə məsuliyyət: 77.1. Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

77.2. Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır:

77.2.1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa;

77.2.2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;

77.2.3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müәssisә, təşkilat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;

77.2.4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə".

tezad-oxu-1

Yaxşı, hakim Kərim Xudayev, yaxud iddiaçı və ya SOCAR-da onu qabağa verənlər Qanunun 77.2.2-ci maddəsində konkret və aydın şəkildə bu qeyd olunanları da başa düşmürlər? Axı Qanunda aydın şəkildə yazılır ki, mübahisələndirilən məqalədəki bütün məlumatlar rəsmi Qeyri-Hökumət Təşkilatı olan NHMT-nin rəhbəri və  qurumun bütün mətbuat və informasiya məlumatlarının yayıcısı olan Mirvari Qəhrəmanlının şəxsən özü tərəfindən yayılmış məlumatlardır, redaksiya bu məlumatlara istinad etmişdir, heç bir məsuliyyət daşımır. Bir daha bəyan edirik: bu məlumatların sahibi Mirvari Qəhrəmanlıdır!

- Bunları məhkəmədə səsləndirmədiniz?

- Nəinki səsləndirdim, həm də Qanunu hakimə və Bagiyevin vəkilinə də göstərdim… Amma başa düşdüm ki, hakim də, vəkil də qanunun bu maddəsini bilmirlər, sadəcə, oxumayıblar. Çünki hakim məndən soruşanda ki, iddiaçının vəkilinə sualınız var, onda ilk sualım bu oldu ki, "Hörmətli vəkil, başa düşürəm ki, şikayətçi vəkil olaraq sizə iş yeri deməkdir, qazancdır, amma peşəkar baxımdan siz onlara, yəni şikayətçiyə "Media haqqında" Qanunun 77-ci maddəsini izah etməli idiniz ki, bu məlumat M.Qəhrəmanlıya məxsusdur, ona görə də qanunun tələblərinə görə media bu halda məsuliyyət daşımır… Demisinizmi?". Vəkil susdu, hakim üzümə baxdı. Vəkil isə cavabında qanunun 14 və 19-cu maddələrini misal göstərdi. Həmin maddələrin isə bu iddia preddmetinə qəti aidiyyəti yox idi…

- Yaxşı, vəkil qanunu bilməyə bilər, yaxud ona sərf etdiyindən özünü bilməzliyə vura bilər, belə hallara çox rast gəlinir, bəs hakim?

- Mən hətta misal da çəkdim ki, möhtərəm hakim, bu ona bənzəyir ki, məsələn, Zelenski özünün «X» platformasında Putin haqqında xoşagəlməz ittiham səsləndirib, "Təzadlar" qəzetinin rəsmi saytı istinad edərək bunu yayımlayıb. Belə çıxır ki, Vladimir Putin Zelenskini yox, "Təzadlar" qəzetini məhkəməyə verməli və Zelenskinin söylədiklərinə görə bizdən təkzib etməlidir?

- Hakim nə dedi?

- Hakim nə deyəsəkdi ki?! Hüquqi məntiq onu diqtə edirdi ki, iddia əsassızdır və rədd edilməlidir… Hətta mən hakimin diqqətinə onu da çatdırdım ki, baxmayaraq, bizə aidiyyəti yoxdur, yenə də  redaksiya peşəkar yanaşaraq "İnformasiya əldə etmək haqqında" Azər. Resb. Qanunun tələblərinə uyğun olaraq Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri M.Qəhrəmanlı tərəfindən onun sosial media platformasında yayımlanmış, redaksiyaya təqdim olunmuş məlumatları 15 oktyabr 2023-cü il tarixdə SOCAR-ın This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına "İnformasiya sorğusu" formasında göndərmiş, mövqe bildirilməsi xahiş edilmişdir (Mətn təqdim edilir). Lakin informasiya sahibi bu sorğunu nəinki qanunun tələblərinə uyğun müddətdə, hətta bu günədək cavablandırmamışdır. Yalnız bundan bir həftəlik iş günündən sonra həmin məlumatlar tərəfimizdən NHMT-yə istinadla yayımlanmışdır. Hətta redaksiya 03 noyabr 2023-cü il tarixdə də təkrarən SOCAR-ın qeyd edilən elektron poçtuna digər məlumatları və sənədləri də əlavə etməklə informasiya sorğusu göndərmişdir. Bu günədək də qarşı tərəf təkrar sorğunu və ya elektron məktubu cavablandırmamışdır. Azərbaycan Respublikası "Media haqqında" Qanunun 5-ci - "Media azadlığı" maddəsinin 5.3-cü bəndində isə yazılır: "Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır". Redaksiya bu əsasları və qanunun yuxarıda qeyd etdiyim digər tələblərini rəhbər tutaraq mənbəyə istinad etməklə məlumat xarakterli şikayət məktubunu (müraciəti) yayımlamışdır.

asif_bey

Ən nəhayət, hakim Kərim Xudayevin diqqətinə onu da çatdırdım ki, hörmətli hakim, Bakı Dövlət Universitetinin professoru və BDU-nun Jurnalistika fakültəsinin müdiri, dilçi alim Qulu Məhərrəmli, eləcə də tanınmış filioloq və yazıçı Akif Əli mətbuata açıqlama verərək bildirmişlər ki, sosial platformalarda cəmiyyətə açıq olan, aşkar mənbəə və ya şəxs tərəfindən yayılmış məlumatları yaydığına görə jurnalist, yaxud media subyekti heç bir halda məsuliyyət daşıya bilməz (Həmin rəsmi açıqlamaların hər biri təqdim edilir).

- Asif müəllim, axı məqaləni oxumuşuq, orda nə ciddi predmet var ki, 6 aydır çəkişmə gedib?

- Məsələ ondadır ki, həmin məqalənin əsas motivləri (tam mətnlə) NHMT-nin sədri, hörmətli  M.Qəhrəmanlının sosial media platformasında yayımlanıb… Bizdə olan məlumata görə, qarşı tərəf həyəcanlanaraq dərhal həmin məlumatların sosial platformadan sildirilməsi üçün M.Qəhrəmanlıya şəxsən müraciət etmişdir (Həmin şəxsin adını hələki açıqlamırıq), Mirvari xanıma müəmmalı təkliflər də irəli sürülüb. Lakin M.Qəhrəmanlı bu təklifləri qəti surətdə rədd edib… Bundan sonra həmin məlumatlar "Təzadlar"ın saytında yayımlananda isə düşünüblər ki, qəzeti məhkəmə ilə qorxudub həmin məlumatları saytdan sildirsinlər… Elə məhkəmənin ilk iclasında bu iyrənc niyyəti hiss etdim və birmənalı olaraq məhkəmənin, yəni hakimin diqqətinə çatdırdım ki, qarşı tərəfin M.Qəhrəmanlıya gücü çatmayıb, qorxublar deyə, indi məhkəməni alətə çevirib mediaya təsir etmək barədə düşünürlər, buna yol verilməsin!!! Onu da məhkəmənin, yəni hakim Kərim Xudayevin diqqətinə təkrarən çatdırmışam ki, hörmətli hakim, "Media haqqında" Qanunun 6-cı maddəsinin ("Jurnalist fəaliyyətinin təminatı") 6.3 bəndində yazılır: "Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir". Və demişəm ki, bu mediaya qarşı təhdid formasıdır! İnanırsınız, canımın dərdindən hakimə təqdim etdiyim sübutlar arasında Azərbaycan Cinayət Məcəlləsinin 163-cü maddəsini də xatırlatmışam. Ki, həmin maddədə deyilir: «Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma: 163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə (təhdid də bu sıraya aiddir - RED.) onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə- 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə-

3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə islah işləri ilə və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Hansı ki, qarşı tərəfin hərəkəti bu maddənin sanksiyasına birbaşa aiddir!

Sonda onu da deyim ki, iddiaçı tərəfindən mübahisələndirilən və tezadlar.az saytının 20 oktyabr 2023-cü il tarixli buraxılışında yayımlanmış "SOCAR-ın Geofizika və Geologiya İdarəsində müəmmalar" başlıqlı məqalə kokret faktlarla bütövlükdə adı çəkilən idarədəki "ailə podratı"na və digər problemlərə həsr olunmuşdur. Redaksiya qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsi üçün həmin məqalənin SOCAR Prezidenti cənab Rövşən Nəcəfə göndərmişdir. SOCAR Prezidentinin göstərişi ilə SOCAR-ın Geofizika və Geologiya İdarəsində yoxlamalar aparılmış və nəticəsi olaraq tezadlar.az saytında qeyd edilən faktlar təsdiqini tapmış, idarənin rəisi Elçin Şirinov yol verdiyi nöqsanlara görə vəzifəsindən çıxarılmışdır. Bu barədə NHMT-nin sədri M.Qəhrəmanlı rəhbəri olduğu QHT-nin sosial media hesabında paylaşım etmişdir. Bütün bunlar da bir daha sübut edir ki, QHT rəhbəri M.Qəhrəmanlının yaydığı məlumatlara istinadla yayımlanmış məqalə həqiqəti əks etdirmişdir.

Beləliklə, mən məhkəmənin ədalətinə inanaraq, xahiş etmişdim ki, iddia qanunsuz və əsassız olduğundan rədd edilsin. Amma bu gün gördüm ki, hakim ortada SOCAR adı olduğundan Prezident İlham Əliyevin imzalayıb təsdiq etdiyi "Media haqqında" Qanuna saymazlıq nümayiş etdirərək redaksiyanın 500 manat cərimələnməsi və M.Qəhrəmanlının əvəzinə (?) təkzib verilməsi barədə qərar qəbul etdi.

- Bundan sonra atacağınız addım nə olacaq?

- Vacibdir deyim, bu günkü məhkəmə iclasında hakimin diqqətinə onu da çatdırdım ki, iddia rədd edilməlidir, əks qərar presedent yarada bilər. Çünki bu o demək olacaq ki, hər bir media subyekti bundan sonra "Media haqqında" qanunun 77-ci maddəsini unudub ilkin heç bir mənbəyə istinad etməklə xəbər yaya bilməyəcək. Yəni, əsas mənbə qalacaq kənarda, media olacaq cavabdeh. Hətta hakimə 2009-cu ildə keçmiş ABU rektoru Elşad Abdullayevin mənə qarşı, aidiyyəti olmayan müsahibəyə görə Yasamal rayon Məhkəməsinə xüsusi ittiham qaydasında verdiyi şikayətini xatırlatdım. Dedim ki, hakimlər - Abbas Rzayev və Tahir İsmayılov qanunlara göz yumaraq barəmdə 1 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb məni məhkəmə zalından həbs etdirdilər… Lakin cənab Prezident İlham Əliyev bu cür əsassız və qanunsuz hökmə sərt reaksiya verdi, mən 2 gün sonra Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət alaraq həbsdən azad edildim. ATƏT rəsmiləri Prezidentə buna görə minnətdarlıq etdilər… Nəticədə, hər iki hakim sərt cəzalandırıldı... Və bu gün hakim Kərim Xudayevə ABŞ Departamentinin bu barədə 2010-cu il üzrə illik media hesabatının əsli olan jurnalı da göstərdim, xatırlatdım ki, bu cür məsələdə diqqətli olsun. Amma və lakin… Təbii ki, həmin qanunsuz qərardan apellyasiya şikayəti verəcəyik və hakim Kərim Xudayevin barəsində Məhkəmə Hüquq Şurasına şikayət təqdim olunacaq…

- Müsahibəyə görə təşəkkür edirəm.

Elbar ŞİRİNOV