İyulun 3-də bu qardaşlardan biri, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun anım günü qeyd edildi...

Bu gün Birinci Qarabağ müharibəsinin igid oğullarından biri, adı, qəhrəmanlıqları, ölkədə dillər əzbəri olmuş, igidliyi ilə ermənilərin canına vəlvələ salmış Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anım günü idi. II Fəxri Xiyabanda uyuyan qəhrəmanımızı anmaq, onunla bağlı xatirələrini bölüşmək, qəhrəmanlıqlarını bir daha yada salmaq üçün Fred Asifin döyüş yoldaşları, doğmaları və dostları onun ziyarətinə gəlmişdilər. Hər kəs qəhrəmanın önündə sanki gördüyü işlər barədə hesabat verirdi.

A.Məhərrəmovun döyüşən beş qardaşından biri, I Qarabağ müharibəsinin qazisi Ədalət Məhərrəmov belə məlumat verdi: “Bu gün bura heç kəsi dəvət etməmişəm. Sadəcə sosail şəbəkədə qardaşım Asif barədə bir paylaşım etmişdim. Bura gələn insanlar da bundan xəbər tutanlardır. Mən istəmədim ki, bu istidə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovu anmaq üçün çoxsaylı insanlara əziyyət verim. Əgər lazımınca məlumat verilsəydi, bu gün bura minlərlə Asifi sevənlər yığışardı. Elə bura gələn insanlar da sağ olsunlar ki,  xəbəri eşidib, bu günkü gündə bizim dərdimizə şərik olurlar. Gələn insanların hər birinə dərin təşəkkürümü bildirirəm. Bu ziyarətdən sonra ehsan süfrəmiz də var və hər kəsi ora dəvət edirəm”.

Ədalət bəy həm qəhrəman qardaşı, həm də özü və döyüşən digər qardaşları barədə təvazökarlıq edərək bir kəlmə də danışmadı. Çünki Ədalət bəy etdiklərini danışmağı sevən insanlardan deyil. Ona görə də mən öz çıxışımda məhz bu məsələyə diqqət yönəltmək istədim: “İtaliyalı yazıçı və rəssam Covanni Bakkaçonun belə bir kəlamı var. Deyir “dərdli adama acımaq, təsəlli vermək insana aid xüsusiyyətdir, lakin biz onu o adamlardan gözləyirik ki, onun özünün də nə vaxtsa təsəlliyə ehtiyacı olmuş olsun”. Mən könüllü olaraq I Qarabağ döyüşünün iştirakçısı olduğum üçün, döyüşçülərin  hansı hisslər keçirdiyini yaxşı bilirəm. 44 günlük Qarabağ müharibəsində yeganə oğlum da iştirak etdiyindən, 5 oğlu döyüşdə olan bu qəhrəman qardaşların anası Məhluqə xanımın nələr çəkdiyini də, bir valideyn kimi təsəvvür edə bilirəm. Özüm döyüş görsəm də, oğlu döyüşdə olmağın yaratdığı hissə, həyacana, stresə dözmək çox çətindir. İndi baxın,  beş oğulu döyüşdə olan Məhluqə ana, bu qədər stresə, həyacana mərdliklə dözdüyünə görə əsl qəhrəman deyilmi? Bu ana heç vaxt oğlanlarına deməyib ki, hamınız birdən döyüşməyin, heç olmasa, biriniz, ya ikiniz evdə qalın. Əksinə, ana oğullarına “düşmənin başına od ələyin, onları torpaqlarımızdan qovun” - deyərək, onları döyüşə ruhlandırıb. Belə anaya mütləq Milli Qəhərman adı verilməlidir.

1

Bu məqam mənim yadıma İstanbulun azad olunması uğrunda gedən döyüşlər zamanı 4 oğlundan 3-ü şəhid olan bir ananın Atatürklə söhbətini xatırladır. Ana Atatürkə belə deyir:

- Paşam, 4 oğlumdan 3-ü bu döyüşlərdə şəhid olub. Bəlkə qalan o bir oğlumu mənə bağışlayasınız?

Atatürk:

- Anam, sənin oğlanların kimi oğulları doğacaq analar İstanbulda nə qədər desən var. Amma göstər mənə elə bir ana ki, İstanbulu bir də doğsun.

Bundan sonra ana qalan o bir oğlunu da vətənə qurban deyib,  Atatürkün ixtiyarına verir.

Fred Asifin anası Məhluqə ana da 5 oğulu birdən bu vətənə qurban deyib, döyüşə göndərib. Onlardan dediyim kimi, biri Milli Qəhrəman şəhid Asif Məhərrəmovdur, qalan qardaşlardan biri veteran, üçü isə  Qarabağ qazisidir. Bu qəhrəman ana bir neçə il bundan əvvəl dünyasını dəyişib”.

Bəli, 1988-ci ildə, Qarabağ hadisələri başlayandan, ta 1994-cü ildə bağlanan  atəşkəsə kimi Fred Asifdən əlavə, dörd qardaşı da qəhrəmancasına döyüşüb. Fred Asifə Allah qəni-qəni rəhmət eləsin, qalan 4 qardaşın hər birinə Allah şəfa və uzun ömür versin. Qardaşlardan  Ədalət, Mahir, Səxavət döyüşlərdə yaralanaraq qazi olublar, hər birinin əlilllk dərəcəsi var. Döyüşən beş qardaşdan yalnız Qara Qarabağ veteranıdır.

Fred Asifin oğlu Azər Məhərrəmov vətənin adını idmançı kimi dünyada ucaltmaqla, atasının yolunu gedərək, Avropada və dünyada dəfələrlə Azərbaycan bayrağını göylərə qaldırıb. Qol güləşi üzrə dörd dəfə Avropa və  üç dəfə Dünya Çempionu olan Azər Məhərrəmovun, atasının anım günündə etdiyi kiçik bir çıxış olduqca təsirli oldu: “Mən indiyə qədər Avropa və dünyada 38 dəfə yarışlara çıxmışam. Bildiyiniz kimi, qol güləşi üzrə çoxsaylı medallarım var. Hər dəfə yarışlara getməzdən öncə gəlib atamın ruhundan xeyir-dua alıram. Bu, mənə çox böyük qüvvət verir və mən hər dəfə də qalib gəlirəm. Yalnız bircə dəfə, vaxtımın az olmasına görə, yarışa getməzdən öncə atamı ziyarət edə bilmədim və həmin yarışda mənim qolum qırıldı. Bundan sonra hər dəfə yarışlardan öncə atamı ziyarət edib, onun ruhundan xeyir-dua alıram. Bu gün atamı ziyarətə gələn hər kəsə öz dərin təşəkkürümü bildirirəm”.

1

Daha sonra I Qarabağ müharibəsində 701 saylı döyüşən briqadanın komandiri olmuş  polkovnik Əzizağa Qənizadə, Səbail Rayon Müharibə Veteranları Təşkilatı sədri, DİN-in sabiq polkovnik-leytenantı Fəqan Nəsibzadə və onun müavini polkovnik-leytenant Ənvər Qarayev, Fred Asifin xalası nəvəsi, birinci  Qarabağ qazisi, II qrup əlil Elməddin Səfərov, Ağdam Rayon Xəstəxanasının uzun müddət baş həkimi işləmiş Tariyel Eyvazov və tarixçi Ramazan müəllim də qəhrəmanımız barədə xatirələrini bölüşdülər. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları, II qrup Qarabağ qaziləri kapitan Hikmət Məmmədov, kapitan Gündüz Əhmədov və 859 saylı hərbi hissənin əsgərləri də qəhrəmanı ziyarətə gələnlərin sırasında idilər.

Bütün çıxışlarda belə bir məqam qeyd olundu ki, 44 günlük Qarabağ müharibəsinin qəhrəmanları, məhz I Qarabağ döyüşünün qəhrəmanlarından örnək götürərək, böyümüşdülər. Ona görə də 44 günlük savaşla 30 illik işğalda olan və qəhrəmanlarımızın, şəhidlərimizin qanı axıdılan torpaqlarımız düşməndən azad edildi və biz mənfur düşmən üzərində parlaq qələbə qazandıq.  Bu səbəbdən də, indi bütün şəhidlərimizin ruhu şaddır.  Əlbəttə, bu qələbə üçün ilk növbədə bacarıqlı sərkərdəmiz, Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli ordumza, şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq...

Ziyarətə gələnlərin sırasında  qeyrətli, vətənpərvər bir xanımı xüsusilə qeyd etmək istəyirəm. İş adamı olan bu dəyərli xanım Rusiyanın Rostov şəhərində yaşayan və Azərbaycan Dostluq Birliyinin sədri Leyla Əhmədovadır. Bu vətənpərvər xanım Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhid ailələrinə qazilərə, veteranlara yardım göstərməsin. 44 günlük döyüş zamanı isə Leyla xanımın ordumuza və döyüşən əsgərlərə göstərdiyi maddi və mənəvi yardımın sayı hesabı yoxdur. Çoxsaylı şəhid ailələrinin, qazilərin və veteranların hər hansı probleminə yardım etməyi Leyla xanım özünün müqəddəs borcu bilir. Əlbəttə, bunun özü də bir qəhrəmanlıqdır. Eşq olsun Leyla Əhmədova kimi belə qeyrətli Azərbaycan xanımlarına! Leyla xanımın belə vətənpərvər fəaliyyəti barədə ayrıca yazı hazırlamaq niyyətindəyəm.

Ziyarətin sonunda cəmi şəhidlərimizin ruhuna dualar oxundu. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin! Qazilərə Allahdan şəfa, veteranlara isə sağlam və uzun ömür versin!

Elçin Məmmədli

1

1

1

1

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN