Şəmsəddin Əliyev, hüquqşünas

(Əvvəli ötən saylarda)

...Atamın gəlişini gözləyən anamın hərəkətlərində yaddaşıma həkk olunan maraqlı anlarla indi də tez-tez təmasda oluram. Anam kişinin nə vaxt gələcəyini intuisiyası ilə təxmin edə bilərdi. Vaxtından qabaq şam yeməyi hazır olsaydı belə, anam atam gəlməmiş qazanın qapağını götürməzdi. “Səbr edin, atanız gəlsin, sonra bir yerdə süfrəyə yığışarıq” - deyərdi. Bizə düşən yemək payımız az olsa da, qane olardıq. Amma Abdin qardaşım böyük iştahaya malik olduğundan zarafatyana həmişə anamdan soruşardı: “Vedemosti (pay cədvəlini nəzərdə tutardı) neçədən tutmusan?”. Anam isə zarafatla: “Sənin qarnının doyan vaxtı olmayacaq, həmişə səni nəzərdə tutsam da, yenə danışırsan”, - deyə zarafata zarafatla cavab verərdi. Beləcə, atamın nə vaxt gələcəyini səbirsizliklə gözləyərdik. Ac olsaq da, anamın hökmündən dönməyəcəyini yaxşı bilirdik. Ona görə hamımız ocağın üstündə buğlanan qazana sakitcə baxardıq. Hər kəs öz yerində bardaş qurardı. Anamın bişirdiyi yemək qazanı misdən hazırlanmış, ailəmizin tərkibinə uyğun böyük qazan idi. O, bilə-bilə ocağın üstündə böyük qazan qaynadardı ki, yeməyin hamıya çatacağına arxayın olaq. Bir növ bizi aldatmaq və nəfsə qarşı dura bilmək vərdişini yaradırdı. Atam isə belə vəziyyətlə barışa bilmirdi. Anama irad tutardı: “Bu çətin vaxtda  uşaqları intizarda qoyma, aclıqla imtahana çəkmə. Günahdır”- deyərdi. Anam isə evin KİŞİSİnə hörmət əlaməti olaraq qərarından dönməzdi.

Atamla söhbətdən qəribə zövq alardım. Həmin anları indi təsvir etməkdə çətinlik çəkirəm...

Yaşadığımız evdən təxminən 200 m aşağıda kəndin çayı axırdı. Payızda və qış fəslindən sonra çay daşar, ətrafı təmizləyərdi. Bahar çağlarında çayın suyu dupduru olardı. Çayın təxminən 1 metr dərinliyi olan yerlərində qırmaqla balıq ovuna çıxardıq. Atam dupduru axan çaya və qarşıda yaşıl örpəyə bürünən meşəyə bəzən məhzun-məhzun baxardı. Mənə elə gələrdi ki, o, nə isə axtarır. Və bir gün heyrətimi gizlədə bilmədim, soruşdum:

-Nə axtarırsan?

-Əgər insan sağlamlığını və əsəblərini qorumaq istəyirsə tez-tez yaşıl zəmiyə, meşəyə, otlağa və axan çaya baxsın...

O vaxt bu cavab mənə maraqlı deyildi. Sonralar heç bir kitab oxumayan atamın dediklərinə oxşar məzmunda müdriklərin kəlamlarında rast gəldim. Sən demə, yaşıl ota, axan suya və gözəl qadına baxmaq gümrahlığın əlamətiymiş (Amma atamın izahında “gözəl qadın” qeyd olunmamışdı).

Biri bu ifadənin müəllifinə: Gözəl qadına baxmaq kifayət edər, yerdə qalan iki əlamətə ehtiyac yoxdur. Müdrik adam isə cavabında: Yaşıl çəmənə və axar suya baxmazsan, İlahi gözəlliyə həvəsin də olmayacaq!-demişdi.

***

...6 qardaşın 4-ü artıq gənclik şəhəri Sumqayıtda məskunlaşıb işləyirdi. Uzun müddət onlardan bir xəbər gəlməyəndə (yanında mən və sonuncu qardaşım Fəxrəddin olardıq) mənə ultimatum məzmunlu məktub yazdırardı. Məktubu ucadan oxutdurduqdan sonra poçtalyon vasitəsi ilə Sumqayıta göndərərdi. Reaksiyası gec olardısa atam hövsələdən çıxardı.

Günlərin birində atam dülgərliyi ilə məşğul olur, quru şam ağaclarını rəndələyirdi... Yanında durub onu seyr edər, qulluğunu tutardım. Birdən üzünü mənə tutub: “Sən də böyüyüb onlara oxşayarsan, mollanın mıxdakı danası”.

Bunun səbəbi var idi. Göndərilən məktuba cavab gecikdiyindən “qisas”ı məndən alınardı.

Sonra üzünü bizə tutub deyərdi:

 “İmkanım olsaydı siz uşaqları böyüməyə qoymazdım. Böyüyən kimi qaçıb əlimdən çıxırsız....”.

 İndi olub keçənləri düşündükcə atama haqq qazandırıram. Tək qalmışdı. Əlindən tutan da yoxuydu. Maddi sıxıntılardan nələr çəkiblərmiş, nələr? Kasıblıq əlacı çətin tapılan bir dərdiymiş... Tanrı heç kimi yoxsulluq və acizliklə imtihana, sınağa çəkməsin!...

***

...Atam işləyəndə züm-zümə etməyi çox sevərdi: Qəlbinə daha çox yatan “Kəsmə şikəstə” idi (Lap sonralar bildim ki, kişinin züm-züməsi “Şirvan şikəstəsi” üstə imiş):

Əzizinəm e... məni tapar,

Dərd gələr e... məni tapar.

Göydən bir bəla gəlsə eyy...

Axtarar məni tapar, məni tapar...

Pəstən züm-züməsi çox şirin səslənərdi. Doğrusu, gənc muğam ifaçıları Mirələm Mirələmov və Elnarə Abdullayeva bu şikəstəni ifa edəndə yaman kövrəlirəm...

Valideyn olmaq və valideynlik borcunu ödəmək nə qədər çətindirsə, oğulluq etmək, ata-ananın xidmətində durmaq ondan da çətinmiş. Həyatın sonu yaxınlaşdıqca bu borcun “ödənilməsi” unudulur. Borc dərdə çevrilir...

Atamdan eşitdiyimə görə şəcərəmiz Ərdəbil vilayəti ilə bağlıdır, Şeyx Səfinin kökündənik. Babamın adı bu ad xatirinə, həm də Hz. Əlinin (ə.s.) şəninə Səfi Əli çağrılıb. Atam 6 qardaşın adlarını o kökə söykənən- Zülfüqar, Ağaddin, Abiddin, Nurəddin, Şəmsəddin və Fəxrəddin qoyub. Hər bir ad dinimizi özündə ehtiva edir. Zülfüqar isə Hz. Əlinin (ə.s.) qılıncının adıdır...

SSRİ-nin təşkilindən sonra ittifaq üzrə imkanlı insanlara qarşı repressiv metodlardan istifadə edilib. Babam da bölgəmiz üzrə “əksinqlabçı” siyahısında var imiş. Həmin vaxt babamın Masallının Qodman kəndində çoxlu sayda iribuynuzlu mal-qarası olub. Necə-deyərlər, Babam “Kapitalist”, bəzən “qolçomaq” adlandırılıb. Təqib olunacağını hiss edən babam gecə ikən kəndi tərk edib, Ərdəbilə getmək niyyəti ilə arabanı hazırlamağı atama tapşırır. Həmin gecəni atam belə xatırlayardı: “...Kəl arabasının dörd təkərlərini” taxıl kisələri ilə büküb bağladım ki, çarxlar səs verməsin. Tapşırığın öhdəsindən gəlmişdim. Kişini ötürərkən bir an duruxdu, sonra “ya Əli” deyib yoluna davam etdi... Sən demə onun izinə düşənlərin məlumatı varıymış. Yolda NKVD-nin işciləri atamı arxadan güllə ilə vurmuşdular...”. 

Babamın çoxlu sayda iri-buynuzlu mal-qarası ev-ev, kənd camaatına paylanılıb. Bu “səxavətdən” şübhələnən bəzi haramzadələr özlərini qorumaq üçün donos veriblərmiş...

Atam babamın qətlindən sonrakı günləri belə xatırlayardı: “Atamın dəfnindən sonra heç kim bizə bircə baş belə qara mal vermədi ki, biz də kasıblığımızı edək. Uzun müddət çətin həyat yaşadıq. Əziyyətli, hətta çörəksiz günlərimiz də çox olurdu. Tədricən dülgərliyin incəliklərini mənimsədikcə sənətimə hakim oldum. İkinci dünya müharibəsi başlanandan sonra çox kişilər arxada qaldı, mən isə cəbhəyə yollandım...!”

Atam dülgər olduğuna görə qədim zamanlarda “Dülgər Həbib” kimi tanınan müqəddəs bir şəxs haqda eşitdiyini unutmayıb. Həbib ən- Həccarın şücaətini Şəmsəddin Muhəmməd Dəməşqi(1327-ci ildə vəfat edib) qələmə aldığı əsərində vəsf edib. Aralıq dənizinin 22-ci km-də yerləşən ərəb şəhərlərindən biri Antakiyada yaşayan dülgər olub Həbib Həccar. Ərəblər Silpius dağını Həbib ən-Həccar adına dəyişmişlər (Quranda Yasin surəsinin 20-ci ayəsində bu barədə danışılır). İlahi kəlamlara görə dülgər Həbib ən-Həccar şəhid olduqdan sonra sol əli ilə kəsilmiş başını yuxarı qaldırıb, sonra sağ əlinə alaraq üç gün, üç gecə onun bədəni Antakiyanın küçə və meydanlarında gəzib, dolaşıb. Vurulmuş başı qışqıra-qışqıra “Rəbbimin məni niyə bağışladığını və hörmət sahiblərindən etdiyini, mənə niyə “cənnətə daxil ol!”-dediyini bilirsinizmi? Kaş biləydiniz, kaş, kaş!” (Rəvayətə görə abid bir kişi, Həbib ən-Həccar Allahın Antakiyalılara göndərdiyi “Elçilərə tabe olun” dediyinə görə həmyerliləri tərəfindən öldürülmüşdü).

Atam dülgər və abid bir kişi Həbib ən-Həccar barədə bildiklərini ruhani üləmalarının Yasin surəsinin şərhindən eşitdiyinə görə yadında qalmışdı. Qurani-Kərimin müasir məalında bu izahlar var. Yasin surəsi kənddə ən çox oxunan surədir...

Atam xatirələrini danışdıqca mən hiddətlənirdim. “Bu kişi nə qədər çətinliklər görüb? Anam atamın cəbhədən qayıdan gününə qədər ailəni öz zəhməti ilə necə dolandıra bilib? Anam da dözümlüymüş”-düşünüb fikrə dalardım...

Dörd qardaşın kənddən uzaqda-Sumqayıtda yaşayıb çalışdıqlarına görə mənim atamla mehriban münasibətdə və sıx təmasda olmağıma şərait yaratmışdı. Xətrimə dəyməzdi. Hətta qardaşlarla bir yerdə olduğum vaxtlarda atamın əsəblərinə toxunan bir hal olsaydı mənim üzərimə atardılar ki, “təhlükə” onlardan sovuşsun, “Bu göygözün işidir”-deyərdilər. Atam daha dərinə getməz, mən də susub durardım...

Atamla bir yerdə yaşadığım gecələrin birində çox maraqlı bir yuxu görmüşdüm. Səhər yuxunu atama danışdım: “Ata, yuxuda gördüm ki, uca boylu bir ağ atlı mənə yaxınlaşıb atın cilovunu çəkdi. Əlini  uzadıb məni tərginə almaq istəyəndə ondan soruşdum: Sən kimsən?

-Cavab verdi ki, “Mən, Allaham”. Daha heç bir sorğu-sual olmadan əlimi uzatdım. Məni yanına alıb dördnala çapıb kənddən uzaqlaşdıq”.

Atam yuxunu belə yozmuşdu: Gözəl yuxudur. Sən də pərvazlanıb o biri qardaşlarının yanına uçacaqsan. İnşəallah niyyətinə də çatacaqsan! Sən, Quranı oxumağa başladığından bu yuxu sənin üçün bir mükafatdır, mənim balam! O kitabdan-Qurandan möhkəm yapış! Tanrı səni müjdələdi. Xətrin həmişə uca olsun! Uca Allah rəhmətilə hər birinizi hifz etsin...

Atam çox həyalı və ədəbli kişi idi. Həya da imandanmış... Bərəkətli süfrə sahibi kimi imkanı olanda evin tədarükünü görməkdə çətinlik çəkməzdi. Deyərdi ki, insan nə qədər həyalı olarsa özünə xeyir qazandırar. Atam qazandığını övladları üçün xərcləməyə zövq alardı. Onun belə dediyini eşitmişdim. “Ailə başçısı ailəsinə bir şey xərcləsə, Allah bunu onunçün bir sədəqə sayar. Xərclədikcə Allahdan umsun,” Ya Rəbbim əvəzini ver” - desin. 

“Bəzən gecələr mənə dərd ağacına çevrilirdi”   

 ...Tələbəlik həyatımın son yay tətilində kəndə gedib valideyinlərimə baş çəkdim. Adətən tətil vaxtlarında zavodlarda, daha çox Sumqayıt Polimer-Tikinti kombinatında və Sumqayıt Su kanal İdarəsində fəhlə kimi çalışardım. Valideynlərimin gündüz təhsil alan tələbə övladlarına, mənə və Fəxrəddin qardaşıma əl tutmağa imkanları çatmırdı. Oxuduğum müddət ərzində aylıq təqaüdlə, üç aylıq tətil günlərində isə işləyərək ehtiyaclarımı ödəyə bilirdim.

Yay tətilinin təqaüdünü sentyabrda alıb dükana yollandım. İlk dəfə aldığım halal zəhmət haqqımla valideyinlərim üçün hədiyyə almaq istədim. Amma nə alacağımı bilmirdim. Görən hədiyyə ata-anamın ürəyincə olardımı?-düşündüm. Dükana daxil olan kimi ilk növbədə diqqətimi kişi üçün asılmış tünd göy rəngli kostyum diqqətimi çəkdi. Kostyum yaz-yay aylarında geyinmək üçün yaxşı hədiyyə idi və atamın zövqünə uyğun olardı. Astarsız, nazik kətan parçadan hazırlanmış paltar Çin istehsalı idi. Tərəddüd etmədən almağa qərar verdim. 35 manata aldığım yay dəsti bu günkü məzənnə ilə 70 manata bərabər idi. Atam üçün 50 ölçüdə olanı aldım.

Şəhərdə havalar küləkli, bəzən də bürkülü keçirdi. Sübh tezdən Sumqayıt şəhərinin avtobus vağzalından Sumqayıt-Astara marşrutu ilə hərəkət edən avtobusa minib valideyinlərimin ziyarətinə yollandım...

 Masallı-Yardımlı yolu kəndimizdən 4 km aralıda uzanırdı. Yol boyu Talış sıra dağlarının vəsfə sığmaz meşələrini seyr etmək imkanı yaranırdı. Bu başqa bir aləm olurdu...

 Avtobus Masallı rayonun mərkəzinə çatıb dayandı. Avtobusdan düşüb kəndə getmək üçün “QAZ 51” markalı bortlu maşına mindim. 20  dəqiqə ərzində “Qodman kəndi” yazılan lövhənin yanında düşüb payi-piyada evə tələsdim. 4 km yolu qızmar günün altında başa vurmaq mənim üçün çətin deyildi. Bu yolu piyada çox gedib-gəlmişdim. Orta təhsilimi rayon mərkəzindəki 2 saylı orta məktəbdə aldığımdan 4 km çınqıllı yolu ən azı, həftədə iki dəfə gedib-gələrdik. Ona görə də maşın gözləmədən yoluma davam etdim. Məsafəni təxminən 1 saata qət etmək mümkün idi.

Həyətimizin pələdinə çatanda eyvanımızın küçə tərəfinə tozdan qorunmaq üçün çəkilən cod kisə parçadan hazırlanıb (1. 50sm hündürlüyündə) ipdən asılmış uzun pərdə iki yerdən qaldırılmışdı. Eyvanda heç kimi görməyəndə qəribsədim. Elə bil uşaqlığım burada keçməmişdi. Haylı-küylü evin eyvanında tam sakitlik idi. 6 qardaşdan heç biri ixtiyar çağında olan valideyinlərimin yanında deyildi. Üç bacım da, artıq ata evini tərk etmişdilər. Bir anlığa xəyal məni keçmiş xatirələrə apardı. Anam bəzən qardaşlardan birini çağırarkən çaşıb hamımızı-Şəmsəddin, Nurəddin, Fəxrəddin eeeh... deyə bir-bir adlarımızı təkrarlayardı. Anam kimi çağırır, anlaya bilməzdik. Sonra yorğun-yorğun: Vay ...y... hanı bunlar, hara getdilər? Eh! Allah vermişdi, yenə apardı ... Onlara səsim yetməz. Təki Allah baxtlarını versin-deyərdi.

Bu düşüncələrlə eyvana qalxdım. Anam məni görcək: Bura bax e, göy-göz gəldi, Şəmsəddini deyirəm.

 Qucaqlaşdıq. Anam gözlərimdən öpdü. Zarafatyana yenə- “Gözdən öpmək ayrılıqdır, axı ?!” -  dedim. 

-Elə ayrıyıq da, a y bala. Ayrılıq necə olur?

- Bəs kişi hanı?

-Eyvanda, çarpayıda uzanıb. Bir az kefsizdi.

-Niyə?

-Eh bala, siz yaxşı olun. Bizim daha pilləkənlə üzü yuxarı qalxan vaxtımızdı. Ömrümüzün pillələri tükənir, bala!

-Yox, ay ana, yox. Allahın işinə qarışmaq olmaz - dedim.

Atamın çarpayısına yaxınlaşdım. Məni məhzun baxışlarları ilə süzüb kövrəldi, sonra bığaltı gülümsədi. Alnından öpdüm. Üzümü atamın tük basmış üzünə qoyub bir az beləcə qaldım. Əllərimi arxadan çiyninə salıb dikəltdim. Kürəyini divara söykəyib elə çarpayısında bardaş qurdu. Mən onunla üz-üzə oturub söhbətə başladıq.

- “Otpuskaya” buraxdılar?

-Bəli, tətildəyəm. Düz sentyabra qədər sizinlə birlikdə olacağam, xarratlığına kömək edəcəyəm-dedim.

-Daha əvvəlki halım yoxdur. Mişarım, rəndəm, usta alətlərimin hamısı bandadır. Çoxdandır ki, onlara da toxunmuram, heç nə edə bilmirəm.

-İnşəallah, durarsan - dedim. Sonra aldığım hədiyyəni çıxardıb ona göstərdim.

-Bax, istədiyin rəngi seçmişəm. Sən həmişə yayda belə nazik kostyum sevərdin. Rastıma düşdü, aldım. Bir Allah şahiddir ki, halal pulumla almışam.

Atam da bunun əvəzində:

-Halal da, haram da bəlli olan şeylərdir. Çox insanlar bunu bilməzlər. Şübhəli şeylərdən isə çəkinmək lazımdır, mənim balam. Kəndin qoruğu olduğu kimi, Allahın da yer üzündəki qoruğu haram buyurduğu şeylərdir ki, meyl etmək olmaz.

 Atam özünü dikəldib kostyumu yavaş-yavaş geyindi. Anam etiraz etsə də, ona məhəl qoymadı. Kişinin qaməti düz və arıq olduğundan aldığım paltar əyninə biçilmişdi və yaraşdı.

Atam da, anam kimi nə işlə məşğul olduğumu soruşdu: “Qohum -qonşu mənə gözaydınlığı verir, nə sənət sahibisən?”

Atama onun başa düşdüyü tərzdə çatdıra bildim: “Prokurorluqda çalışıram.”

 Hüquqşünaslığı o qədər də tutmadı.

Öyüdündən anladım ki, sənətim ona aydın olub. “Mərdimazarlıqla məşğul olmayasan”, -müdrik kəlamı işlədiyim bütün vaxtlarda mənə görk oldu. Amma etiraf etdim ki, atamın “mərdimazarlıq etmə”, anamın da “haram tikədən qaçarsan” nəsihətamiz sözlərinə həmişə əməl edə bilmədim. Bəzən “zərurət” bu hikməti pozmağa vadar edirdi... Bəzən xatirələrimdə ötən günləri yaşadıqca bunun ağrısını çəkirəm...