(Baş verənlərin ardı olacaq)

“Sənə xəyanət etmiş insanların yanına bir də qayıtma. Onlar dəyişmirlər”.

                                                                                                                Konfutsi

...Lap qədim zamanlarda insanlar nağıl «icad» etməyə başlamışlar. Əlifba və yazı hələ mövcud olmamışdan çox-çox əvəllər nağıllar yaranıb… Biri digərinə təxəyyülündə uydurduğu, bəzən həqiqəti və ilahi dəyərləri əks etdirən nəyisə danışarmış. Əlifbanı öyrənməyənlər yazıb oxumaqdan çox danışmağı, yaxud həqiqətə uyğun yalan söyləməyi bacararmışlar.

 Sonralar həqiqətə uyğun yalanlar sujetlərin mənbəyinə çevrilmişdi... Müasir dünyada da belə yalanlar var və yəqin hələ çox olacaq. Nağılbazlar heç nədən və heç kimdən çəkinmədən qorxulu nağıllar icad edər, gecənin zülmət qaranlığına əhəmiyyət vermədən müxtəlif səpgili vahiməli nağıllar uydurmaqdan yorulardılarsa “Ardı var,” -deyib danışıqlarına müvəqqəti nöqtə qoyub ara verərdilər.

***

 Müasir alman ədəbiyyatının tanınmış simalarından biri, Nobel mükafatı laureatı Cünter Qrass Nobel nitqində nağıl dünyasına baş vurmuşdu: “İnsanlar yaza və yaxud yazılanların üzünü köçürə bilmədikləri zamanlarda daha çox ölüm və qisas almaq barədə danışardılar. Qisas xüsusi amansızlıqla seçilən qanlı hadisələr belə danışıqlar üçün yaxşı “material” sayılardı. Ümumiyyətlə, ta qədim zamanlardan həmin dövr üçün, bəlkə elə bu gün üçün də, ən çox işə yarayan mövzulardan biri xalqların qismən və yaxud tamamilə məhv edilməsi olub (Sonralar polyak alimi Rafael bunu «Genosid» kimi Beynəlxalq hüquqa əlavə etmişdi: S.Ə.). Qəhrəmanlar haqqında əhvalatlar da elə bu prinsip əsasında qurularmış. Nağılçılar daşqınlar və quraqlıqlar haqqında danışar, gələcəyi proqnozlaşdıra bilərdilər…».

Bu mənada bəşəriyyət tarixində ilk qatil  Hz.Adəmin böyük oğlunun kiçik qardaşını qəsdən öldürməsi olmuşdu. Bir az dərindən düşünəndə baş verənlər və hələ baş verəcək- insanlığa, ətrafa və ətraf mühitə zidd hadisələrin zamanın hökmü olmasını nağılçılar qədim zamanlarda, nağıllarında söyləyiblər... 2022-ci ilin ilk günlərində Qazaxıstan xalqı üçün yeni ilin zəhri-mara (ilan zəhəri - fars sözüdür. s.ə) çevrilməsi həmin «Ardı var» nağılların davamı idi…

 Rusiyanın Ukrayna müstəqil respublikasına heç kimin gözləmədiyi və inanmadığı hücumu “ardı var”ların təsdiqidir.

Zamanında kommunist sistemi ilə mübarizə aparan akademik Saxarov nüvə silahının kəşfi ilə məşğul idi. Dissident dostları akademikin bu tədqiqatından narahat olurdular.  ”Andrey Dimitriyeviç, siz tiranlar üçün qorxulu bir silah növünün kəşfi ilə məşğul olduğunuzdan heç narahat deyilsiniz?”-sualına “Biz müharibə imkanlarını kənara itələyirik”, -cavabını vermişdi.

Həmin ərəfədə Sovet atom proqramının rəhbəri, akademik Kurçatov müzakirələrin birində belə bir ifadə işlətmişdi: ”Biz elmi-texniki inqilabın-yeni müharibənin əsgərləriyik”. Həmin o “əsgərlər” indi Ukraynaya qarşı döyüşlərdə iştirak edir. Nasist hərəkətlərilə dünyanı vahiməyə salan rus əsgərləri sağlam bəşəriyyəti şok vəziyyətə salıb. Çıxış yolu hələ ki, tapılmır (?). Deyilənlərə görə, ardı Moldovada davam edəcək...

***

 ...Rus alimi Andrey Saxarov əvəzi olmayan sülhün, tərəqqinin və insan hüquqlarının -bu üç bəşəri dəyərlərin üzvü surətdə bağlılığına həmişə önəm verərmiş(?).

BMT-nin ilk onlayn səhifəsinin epiqrafında səslənən bir müdrik kəlam həmişə diqqətimi cəlb edib: «Sağlam planet(d)ə sülh, ləyaqət və bərabərlik».

Bütün bəşəriyyətin ehtiyac duyduğu bu İlahi dəyərlərə niyə əməl olunmur? - sualına hamını qane edəcək cavab tapmaqda çətinlik çəkirəm. Amma bir az oxuduqlarıma doğru addımlayanda belə qənaətə gəlmək olur ki, insan təbiətən qəliz bir bəşərdir. Müharibədən və aqressiyadan başqa bir şeyə qadir deyilmiş. Bu, qloballaşan dünyanın bəlkə də qəliz bir modelidir, -deyərdim. Belə bir model İbtidai İcma quruluşunun müəyyən mərhələsində dövlətin və hüququn yaranmasını qətiləşdirdi. Bu mənada bütün insanlar təbiətcə bərabər və fərqli xarakterə malik olsalar da, bunlar yalnız sülh şəraitində mümkün olur.  Dövlət bir sinfin, başqa bir sinif üzərində hökmranlığı və yaxud siniflər arasında davam edən barışmaz ziddiyyətləri nəticəsində yaranıb. Fərdin gücü digərini özünə tabe edə bilmək bacarığında, dövlətin gücü isə kiçik və zəif dövlətlər üzərində dominantlığın təsdiqində qərarlaşır. Tarixən “Daha çox əldə etmək” istəyi primatlığa və “rəqabətə” yol açır. İki nəfərin, iki qonşunun, iki qəbilənin, nəhayət, iki dövlətin ziddiyyətli maraqları düşmənçilik yaradır. Və heç kimin “ona hucum etməzlər” inamı qalmadığından güclü tərəf vaxtında və yaxud imkan, münasib vaxt tapan kimi bu fürsətdən faydalanmağa çalışıb.

Zaman-zaman belə olub. «Ardı var» nağıllarından belə oxumuşuq. «Məqsədə çatmaq» uğrunda mübarizə-döyüş lazımmış(?)...

***

...İngilis filosofu və böyük mütəfəkkiri Tomas Qobbs müasirlərinin insanların xeyirxahlığı barədə mübahisəsinə son qoymaq üçün ətrafına sual edir: “Onda, niyə yatmağa hazırlaşarkən qapını arxadan qıfılla bağlayır(sız)ıq? Səyahətə hazırlaşarkən niyə özümüzlə silah və digər alətlər götürürük?”.

 Bu o deməkdir ki, insanlar arasında qarşılıqlı inam və etibar artıq yoxdur. Dövlətlər arasında da qarşıdıqlı inam olmadığından vəhşi məqsədlərinə çatmaq və güclərini sınamaq üçün aqressiyaya üstünlük verirlər. Beləliklə, insanın qəliz təbiəti onu müharibəyə itələyir. Birinin digərinə rəqib olması, şöhrət eşqi və inamsızlıq bu müharibəyə təkan verir. Nə qədər ki, dövlətlər ümumi ittifaq və ümumi hakimiyyətdən kənarda seyrçi mövqedə durur, onlar müharibə qorxusu altında yaşayacaqlar. Tomas Qobbsun dediyi kimi – “Hamının hamıya qarşı müharibə qorxusu” olacaq və bu müharibə heç vaxt ədalətli sayılmaz. Ədalət yalnız ədalətli cəmiyyətdə ola bilər. Ləyaqət fərdlərə xasdır, sülh isə dövlətlər arasında mümkündür. Ədalət o cəmiyyətlərdə ola bilər ki, orada hüququn aliliyi hökm sürür, hakimiyyətin həqiqi bölgüsü var, məhkəmələr tam müstəqildir, sosial ədalət üçün təhlükə yoxdur. Fikir, söz, ifadə və iradə azadlığı var və s. İctimai, dövlət və dövlətçilik marağın özəl maraqlardan üstün olduğu, məmur təqibinə imkan verilmədiyi cəmiyyət ideal cəmiyyətdir… «Hamının hamıya müharibəsi» insanların psixologiyasından çox, cəmiyyətin və dövlətin mövcüd hüquqi vəziyyətindən asılı olur. Yəni, “Hamının hər şeyə hüququndan başqa, hamının heç bir hüququ da yoxdur və yaxud olmur” da mümkündür.

 “De-fakto” və “De-yure” müasir dünyada “beynəlxalq terrorizm” bəhanəsi ilə  baş verən zorakılıqlar, müşahidə edilən aqressiv savaş iri dövlətlərin istəyindən başqa  bir istək deyil. Belə dövlətlərin hegemonluğu Nobel mükafatı laureatı, müasir alman ədəbiyyatının ən görkəmli nümayəndəsi Cünter Orassın dediyi kimi-kitaba seçilən başlığa bənzər. Günterin anası qonşuya danışarmış ki, oğlunun kitaba sevgisi o qədər güclü idi ki, yanında qoyulmuş və dişlədiyi buterbrodu balaca bir sabunla dəyişsəydim belə, yenə gözlərini kitabdan ayırmadan sabuna əlini uzadar, bir parça dişləyib, bir neçə dəqiqə çeynədikdən sonra kənara qoyduğuna  tamaşa edərdim…

***

Dünyada bu istəklə yaşayan dövlətlər az deyil. Onları çirkin məqsədlərindən döndərmək müşkil bir işdir. Rusiyanın“Novoya Qazeta”nın baş redaktoru Dmitriy Muratov Oslo şəhərində ona Nobel mükafatının təqdimatı zamanı cəsarətlə Rusiyanın çirkin siyasi planların saxlandığı sandığı açıb, pambığı da elə Osloda səpələdi. O, deyib: “Dünya demokratiyanı unudub. Dünya hakim elitaya olan münasibətdə yanılır. Dünya diktaturaya meyl edir.  Tərəqqiyə zorakılıqla nail olmaq illüziyası yaranıb. İnsan hüquq və azadlıqlarına hörmət ona riayət etmək yolu ilə yox, diktatura və zorakılıqla təmin edilir. Hakimiyyət müharibə ideyasının satışında çox aktivdir. İnsanlar aqressiv müharibə marketinqin təsiri altında yaşayır və tədricən bunun mümkünlüyü qənaətinə gəlirlər... Rusiyaya Stalin repressiyalarının, diktaturanın yenidən qayıda biləcək təhlükəsini xatırladır...”

BMT hara baxır, niyə susur? İnsan hüquqları ilə bağlı hamılıqla tanınan Bəyannamələr niyə işləmir? Zamanında Muəmmər Kəddafi (bəzən də Qəzzafi) BMT-nin böyük tribunasından çıxış edərkən unudulmaz və bağışlanmaz böyük bir qələt də etmişdi. Rəhmətlik üzünü kapitalistlərə tutub demişdi: “Siz pul qazanmaq məqsədilə saxta vaksinlər hazırlayıb dünyaya satmaqla insanlara zülm edirsiz...” Sonra əlindəki  BMT nizamnaməsini dörd bölüb zala səpələmişdi.

Qəddafi bəlkə də düz addım atmışdı. Amma onun hərəkəti hamıya qarşı müstəsna həyasızlıqla törədildiyindən yazılmayan hüquqi məsuliyyət də yaradırdı... Nəticəsi isə hamıya bəllidir. Baş verən əmələ görə tətbiq edilən cəza təhlükəlilik dərəcəsinə adekvat sayıla bilməzdi...

Dünyada baş verən hekayətlərin hər biri siyasi xarakterli belə qorxulu nağıllardır və ardı da var...

Şəmsəddin Əliyev.,

hüquqşünas

 

 

 

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA