booked.netbooked.net booked.net  

“Bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi” deyimi bu gün Ağsu rayonunun Keçdiməz kəndində çılpaqlığı ilə göz önündədir...

Bir çox məmurların işinə düzgün yanaşmaması yerlərdə insanları narazı salır və nəticədə ciddi problemlər ortaya çıxır. Sonra da vətəndaş həmin problemi həll etmək üçün digər məmurların qapısını döyməyə başlayır. Əli hər yerdən üzüləndə isə mətbuata üz tuturlar. Belə insanlardan biri də Ağsu rayonunun Keçdiməz kənd sakini Əmənova Bağdagül Yavər qızıdır.

B.Əmənova qəzetimizə göndərdiyi müraciətində onun başına gətirilən müsibətlər barədə məlumat verir və bu məsələni ən yuxarı səviyyəyə çatdırmağı bizdən xahiş edir. B.Əmənovanın “Təzadlar”ın baş redaktoru Asif Mərziliyə ünvanladığı məktubundan stat: “Hörmətli Asif müəllim, istəyirəm ki, başıma gələn müsibətlər barədə rəhbəri olduğunuz qəzetdə yazı dərc edəsiniz və problemi hörmətli Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Ədliyyə Naziri cənab Fikrət Məmmədova və digər dövlət qrumlarının rəhbərlərinə çatdırasınız. Eyni zamanda məsələni araşdırmaq və mənim haqlı olduğumu görməyiniz üçün əməkdaşınızı kəndimizə göndərməyinizi xahiş edirəm...”

Bağdagül xanımın məktubu və bizə təqdim etdiyi sənədlərlə tanış olandan sonra xeyli təəccübləndik. Çünki mövcud problem o qədər sadədir ki, onu həll etmək üçün bələdiyyənin və ya icra nümayəndəsinin qanunsuzluğa yol vermiş kənd sakini Fərzəliyev Telman Əlsahib oğluna bircə təpkisi kifayətdir. Amma maraqlıdır ki, bu təpkilər olub, lakin heç bir bəhrəsini verməyib. Bəs problemin kökü nədir?

***

Bağdagül Əmənovanın və Telman Fərzəliyevin də giriş-çıxış qapıları kəndin gediş-gəliş yoluna açılır. Əvvəllər B.Əmənovanın hasarı dəmir tordan olub. Həmin vaxtı da T.Fərzəliyev, maraqlıdır ki, öz qapısının ağzında yox, məhz B.Əmənovanın hasarının düz dibində kombayn üçün çapdaq tikib. Məlum olduğu kimi, yol bələdiyyənin sərəncamındadır və heç kəsə nə satıla bilməz, nə də hər hansı tikintiyə icazə verilməsi qanunla mümkün deyil. Sonradan B.Əmənovanın Rusiyada yaşayan həyat yoldaşının göndərdiyi vəsait hesabına dəmir tor sökülüb, yerində daşdan hasar tikilib. Bu zaman təbii ki, kəndin yoluna olan əvvəlki balaca giriş qapısını indi böyük qapı ilə əvəz edib. Fikirləşib ki, üzbə-üz qonşusu T.Fərzəliyev qapısının ağzında olan qarajını nəhayət, söküb, özünün 80 sota yaxın həyətyanı sahəsində və ya öz qapısının ağzında tikəcək, həmçinin qapısının ağzı da bağlanmayacaq. Amma sən saydığını say, görün Telman Fərzəliyev nə sayır? T.Fərzəliyev də iki ayağını bir başmağa dirəyib ki, qarajı sökmürəm. Bu barədə Keçdiməz kəndinin də daxil olduğu Bico kənd Bələdiyyəsinin mərhum sədri Mirağa Dadaşov  yolu qanunsuz zəbt etdiyinə görə T.Fərzəliyev haqqında Ağsu Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində oxuyuruq:

“Cavabdeh Fərzəliyev Telman Əlsahib oğlu Keçdiməz kənd sakinidir və həmin kənddə yaşayır. Onun qonşusu olan Əmənova Bağdagül Yavər qızı ilə aralarında yaranan mübahisə ilə əlaqədar əraziyə Bico Bələdiyyə üzvləri ilə baxış keçirildi və məlum oldu ki, cavabdeh Fərzəliyev Telman Əlsahib oğlu həqiqətən də Bico Bələdiyyəsinin mülkiyyətinə aid olan hissədə qanunsuz olaraq qaraj tikmişdir. Həmin qarajı özünün istifadəsində olan kənd təsərrüfatı texnikalarını park etmək üçün qanunsuz olaraq tikmişdir...”

İddianın sonunda isə belə bir tələb əksini tapıb: “Mən cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınmasını, Bico Bələdiyyəsinin mülkiyyətində olan ərazidə qanunsuz tikmiş olduğu tikilinin sökülüb, tikinti materiallarının aparılmasını tələb edirəm”.

Göründüyü kimi, rəsmi dövlət qrumu olan Bico Bələdiyyəsinin mərhum sədri Mirağa Dadaşov çox haqlı olaraq məhkəmədə iddia qaldırıb ki, tikili qanunsuzdur. Bəs məhkəmə nə iş görüb? Məhkəmə gedən ərəfədə Mirağa Dadaşov infarktdan dünyasını dəyişib. O da məlum olub ki, məhkəmə Hazırda yeni Bələdiyyə sədri olan Südabə xanım Mikayılova indi bu işi davam etdirmək niyyətindədir.

Maraqlıdır ki, Ağsu Rayon Məhkəməsinin bu işə baxan əvvəlki hakimi Tahir İsmayılov işi Ədliyyə Nazirliyinin ekspertizasına göndərib və il yarımdır ekspertizadan xəbər yoxdur. Deyilənə görə, Tahir İsmaylıov başqa yerə göndərilib, indi iş hakim Babək Qasımovun icraatındadır. Görünür B.Qasımov da sələfi kimi hələ kələfin ucunu tapa bilmir. Yoxsa ekspertiza bu qədər uzanmazdı. Hər halda yeni hakim Babək Qasımova inanmaq istəyirik ki, nəhayət, bu sadə bir məsələyə son qoyacaq və B.Əmənovanın qapısı ağzında tikilmiş qarajın sökülməsinə qərar verəcək. Amma mən başa düşə bilmirəm ki, burada ekspertizaya nə ehtiyac var? Necə deyərlər, görünən dağa nə bələdçi? Məgər ekspertiza qan analizlərini yoxlayır, yoxsa yazılmış anonim məktubun yiyəsinin xəttini araşdırır? Əgər dövlət qrumu olan bələdiyyə sədri və üzvləri yerində məsələni araşdırıblar və qəti qərara gəliblər ki, tikili qanunsuzdur, onda ekspertizaya nə ehtiyac? Görünür dövlət qrumunun gəldiyi nəticə, digər bir dövlət qrumunu qane etmir. Niyə? Nə səbəbə? Axı yol bələdiyyənin mülkiyyətindədir və orada heç kəs, heç nə zəbt edib, tikə bilməz. Əvvəlki hakim Tahir İsmayılovun və il yarımdır ekspertizada növbəsini gözləyən rəy yazanların diqqətinə qanunları bir daha yada salıram.

“Mən şəxsən mərhum Mirağa Dadaşovun ölümünü hakim Tahir İsmayılovun məsuliyyətsizliyində görürəm...”

Deməli, Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, torpaq üzərində mülkiyyət,  istifadə və ya icarə hüququnu pozma əməli mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma ilə müşahidə olunursa, bu, 8 min manatdan, 10 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulmuş əməl subyektiv cəhətdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma ilə müşahidə olunursa və bir ildən, üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, qanunlarımız belə məsələlərdə çox açıq və aydın hər şeyi yazıb. Görünür hakim kimi Tahir İsmayılov hüquq diplomunu, dağılmış və xaraba qalmış Beynəlxalq Universitetdən alıb. Ona görə də bizim sitat gətirdiyimiz qanunlardan qətiyyən xəbəri olmayıb. Olsaydı, iş bu qədər uzanmazdı və mərhum Bələdiyyə sədri Mirağa Dadaşov da bundan qəzəblənərək, infarkt keçirib, dünyasını dəyişməzdi.

Mən şəxsən mərhum Mirağa Dadaşovun ölümünü hakim Tahir İsmayılovun məsuliyyətsizliyində görürəm. Mən bununla Tahir İsmayılovu qətiyyən ölüm işində günahlandırmıram. Allah eləməsin. Amma çox ciddi istintaq tədbirləri aparılsa bəlkə də mənim qənaətim təsdiq oluna bilər.

***

Bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, Telman Fərzəliyev kombayn üçün qarajını “Azəriqaz”ın mühafizə zolağında tikib. Allah eləməmiş sabah hər hansı bir qəza baş versə, Azəriqazın əməkdaşları hər hansı bir texnika ilə ora yanaşa bilməyəcəklər, qəzanın miqyası genişlənib çox ciddi fəsadlar və faciələr törədə bilər. Yaxşı olar ki, bu barədə “Azəriqaz”ın Ağsu regionu üzrə şöbələri gələcək qəzanın və faciənin qarşısını almaq üçün bu işlə ciddi məşğul olsunlar. Və maraqlıdır ki, bir kombayn qarajını sökdürmək üçün Ağsu Rayon Məhkəməsi, Rayon İcra Hakimiyyəti, yerli İcra və Bələdiyyə rəhbərləri, sanki acizdirlər. Bir traxtorçu, kombaynçı Telman Fərzəliyev bütün güc strukturlarına və İcra Hakimiyyətinə, sanki meydan oxuyur. Necə deyərlər, bir taktorçu Telman Fərzəliyev az qala Ağsunun probleminə çevrilib.

Şikayətçi Bağdagül Əmənova həmin bu traxtorçunun qarajını sökdürmək üçün yerli dövlət strukturlarından bir haray görmədikdən sonra, Respublika rəhbərliyinə və ayrı-ayrı dövlət qrumlarına məktublar ünvanlayıb. O da maraqlıdır ki, gələn cavab məktublarında B.Əmənovanı haqlı çıxarırlar və qanunla qarajın sökülməli olduğunu bildirirlər. Di gəl ki, məşhur lətifədə deyildiyi kimi, o zınqırovu pişiyin boynuna asan tapılmır. Belə məktublardan bir neçəsindən sitat gətirmək istəyirəm. B.Əmənovanın Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya yazdığı şikayət məktubunun baxılması üçün Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinə göndərilib. Göyçay Regional Ədliyyə İdarəsinin rəisi, kiçik Ədliyyə müşaviri Elnur Əsədovun imzası ilə 25.04.2022-ci il 7-279;279/2 saylı məktubunun sonunda olunan tövsiyyədə oxuyuruq: “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mühafizəsi sahəsində bələdiyyənin müstəsna hüququnun olması nəzərə alınaraq, zəbt olunmuş və ya zəbt olunmaqla torpaq sahəsində qanunsuz tikinti işləri aparılmış sahənin zəbtdən azad tədbirləri görülsün, görülmüş işlər barədə idarəyə məlumat verilsin. Sözügedən məsələ ilə bağlı mübahisənin davamı olduğu bələdiyyənin nəzərinə çatdırılsın, mübahisənin həlli istiqamətində daha çevik addımlar atılsın, hər iki vətəndaşın (hər iki nəfərin) münaqişə vəziyyəti təhlil edilsin, onlara qonşuluqda birgə yaşayış qaydaları, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz zəbt olunması və ya zəbt olunmaqla qanunsuz tikinti işlərinin aparılmasının nəticəsi və məsuliyyəti izah edilsin”.

“...Bildiririk ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlarına sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin qanunun 26-cı maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda da məsuliyyət daşıyırlar”.

***

Bəs bu məsuliyyəti sadə kəndli olan traxtorçu Telman Fərzəliyevə kim izah etməlidir? Niyə indiyə qədər bu dövlət qrumları gəlib bu sadə kəndli insana qanunları və onun məsuliyyətini izah etməyib? Deyəsən, heç kəs öz kürsüsündən durub, yerini soyutmaq istəmir. Amma biz adi bir problemə görə başı müsibətlər çəkən və bütün dövlət orqanlarından kömək uman Bağdagül xanımın problemini yerində araşdırmaq üçün, dəvətini qəbul edib Ağsu rayonunun Keçdiməz kəndinə getməyi qərara aldıq.

Həyat yoldaşı Rusiyada olduğundan məni qaynı və bu məsələlərdə öz qardaşına yaxından kömək edən Qardaşxan Qurbanov qarşıladı. Birlikdə bir xeyli sənədləri və məktubları araşdırdıq. Bütün sənədlərdə və yazılan məktublara gələn cavablarda haqlı tərəf Bağdagül Əmənovanın olduğu görünür.

Nəhayət, dövlət strukturlarının funksiyasının burada mənimsəyərək həmin traktorçu, həmçinin kombaynçı Telman Fərzəliyevlə söhbət etmək qərarına gəldim. Hərçənd, mənə dedilər ki, heç bir xeyri olmayacaq. Amma “cəhd etmək, cəza almaq deyil” prinsipinə əsaslanaraq Telman kişinin qapısını döydüm. Əvvəlcə xanımı qapıya gəldi və kimliyimlə maraqlandı. Özümü təqdim etdim və mentalitetə uyğun olaraq, evin kişisi ilə danışmaq istədiyimi bildirdim. Amma xanım məsələni bilən kimi başladı, nə başladı. Hiss etdim ki, artıq buradan qan iyi gəlir.

Nəhayət, Telman kişi də gəlib söhbətə qoşuldu və elimizin adəti ilə həyat yoldaşına təpindi ki, kişi söhbətinə qarışmasın. Bu təpinmə də xanıma təsir etmədi, əks tərəfə söyüş və qarğışın biri-bir qəpiyə oldu. Belə olan surətdə xanıma dedim:

-Ay xanım, elimizin adəti var, dava düşəndə xanımlarımız həmişə bu davanı sakitləşdirər və necə deyərlər, odun üstünə su səpər. Amma siz əksinə, ocağı daha da alovlandırırsınız. Telman kişi burada sakit söhbət edir, siz isə, uca səsinizlə,  sanki dava axtarırsınız. Qadınlar həmişə barışdırıcı mövqe tutublar axı...

Xanım bu sözü eşidən kimi dedi:

-Bizim onlarla heç bir barışığımız ola bilməz. Onlar bizim düşmənlərimizdir. Ölənə qədər də onları bağışlamaram.

Mən dedim:

- Ay xanım, bizim bir düşmənimiz var. O da ermənilərdir. Bəli onları heç vaxt bağışlamaq olmaz. Amma siz iki qonşu, qapılarınız da üz-üzə açılır və ikiniz də eyni yola çıxırsınızsa, necə düşmən ola bilərsiniz?

Bu yerdə qadın yenə də uca səslə dişinin dibindən çıxanı əks tərəfə ünvanladı. Xanımla söhbətin mənasız olduğunu görüb, Telman kişiyə üz tutdum:

-Telman kişi, deyəsən problem sənin xanımındadır. Bəlkə xanımı sakitləşdirəsən?

Bundan sonra Telman Fərzəliyev həyat yoldaşını evə getməyə məcbur etdi...

Telman kişi danışdıqca mən şəkillərə baxırdım. Bu zaman şəkillərin birində həmin dəmir tordan ibarət hasarda adam keçmək üçün qapı gördüm və soruşdum.

- Bəs bu qapı nədir? Axı görünür dəmir tordan hasar olanda da burada giriş-çıxış olub.

- Oradan onlar çox da istifadə etmirdilər. Onların giriş-çıxışı o biri yoldan idi. Sonra acıqla qapını burdan qoydular.

- Əgər bu adamın əvvəllər burda qapısı olubsa, indi daş hasar çəkiləndə onu genişləndirib rahat hala gətirməlidir axı... Bu bir. İkincisi isə, sən niyə o qarajı öz qapının yanında və yaxud 80 sot olan həyətində tikmirsən, gedib, əks tərəfdə qonşunun qapısı ağzında tikirsən? 

Telman kişi qarajın orda olmasını əsaslandırmaq istəsə də alınmırdı. Onda başa düşdüm ki, bu kişinin qarajı sökmək fikri yoxdur.

Gözləyirlər ki, doğrudan da hadisələr qızışıb ortaya qan tökülsün? Bəlkə Ağsu rayon Məhkəməsinin sabiq hakimi Tahir İsmayılov qan görəndə daha operativ işləyir? İnanmaq istərdik ki, indiki hakim Babək Qasımov bu qanın da tökülməsinə imkan verməyəcək. Bu səbəbdən il yarım Bakıdakı Ekspertiza Mərkəzindən alınmalı rəyin tezliklə alınmasına nail olacaq.

***

Mən nəhayət, oradan aralanmalı oldum. Məqsədim Ağsu rayon İcra Hakimiyyətindəki rəsmilərin bu məsələ ilə nə dərəcədə maraqlandığını bilmək idi. Çox təəssüf ki, həmin gün YAP-ın iclası olduğundan müavinlər orada idilər. İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov isə vətəndaşların qəbulunu başa çatdırıb, getmişdi. Ona görə də başçının müavini Sevil Mirzəliyeva ilə görüşdük. O, məni çox səmimi və hörmətlə qarşıladı. Məsələnin mahiyyətini ona söylədim və xahiş etdim ki, Rövşən müəllimə bu məlumatlar çatdırılsın. S.Mirzəliyeva da öz növbəsində söz verdi ki, mütləq mənim gəlişimi və məsələ barədə başçını məluamtlandıracaq. Doğrudan da Sevil Mirzəliyeva öz dediyi sözün üstündə durub. Məsələni icra başçısı Rövşən müəllimin nəzərinə çatdırıb. Bundan sonra R.Bağırov həmin kəndə, məsələni yerində öyrənmək üçün xüsusi nümayəndələr göndərib. Yəqin ki, bu nümayəndələr hər şeyi öz gözləri ilə görüblər və hər şeyi başçıya məruzə ediblər. Rövşən müəllimi obyektiv və məsuliyyətli icra başçılarından biri kimi tanıyırıq və inanırıq ki, bu məsələnin böyüməsinə və iki qonşu arasında qan tökülməsinə imkan verməyəcək. Şikayətçi Bağdagül Əmənovaya və bu məsələlərdə ona yardımçı olan qaynı Qardaşxan Qurbanova da inanırıq ki, məsələnin sülh yolu ilə həllinə sona qədər sadiq qalacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.

Elçin MƏMMƏDLİ

Bakı-Ağsu-Keçdiməz-Bakı

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN