Göyçay rayonu Hacıağabəyli kəndinin bir qrup sakini redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib.

Müraciətdə deyilir:

"Uzun müddət idi ki, Göyçay rayonunun Hacıağabəyli kəndinin sakinləri qazsızlığıa görə çox əziyyət çəkirdi. Halbuki Sovetlər dönəmində kəndimizə qaz xətti çəkilib, əhali istifadə edib. Ancaq 1994-cü ildə kəndin qaz xətti ləğv edildi və sakinlər qazsız qaldı. Ona görə çox əziyyət çəkirdik. Bu səbəbdən də həyətlərdəki meyvə ağaclarını kəsib odun kimi istifadə etmişik. Hər il odun almağa görə zülm çəkmişik. Lakin Prezident cənab İlham Əliyevin tapşırığı əsasında 2022-ci ilin yanvar ayında Göyçay rayonunun Hacıağbəyli kəndinə qaz xətti çəkildi. Ancaq istifadəyə vermirlər ki, sayğacı öz vəsaitimiz hesabına almalıyıq. Bir sayğacın qiymətini isə 282 manat deyirlər. Buna isə bizim maddi imkanımız yoxdur. Ancaq Nazirlər Kabinetinin qərarı var ki, bir kəndə qaz xətti çəkilməsi üçün lahiyə-smeta tərtib edilibsə, sayğac da daxil olmaqla bütün işlər dövlətin vəsaiti hesabına aparılmalıdır.

"Azəriqaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsindən və Göyçay Qaz Sahəsindən bizə bildirirlər ki, sayğacı dövlət vəsaiti hesabına yox, öz vəsaitiniz hesabına almalısınız. Biz bunun yanlış olduğunu bilirik. Onu da qeyd edək ki, Hacıağabəyli kəndində 60-dan çox təsərrüfat var. Əhalinin əsas məşğuliyyəti əkinçilik və meyvəçilikdir. Bizim kəndin qazı olmadığı üçün təsərrüfatlardakı bütün meyvə ağaclarını kəsib odun kimi istifadə etmişik. Bu səbəbdən yoxsul vəziyyətdəyik. Kəndimizdə Vətən müharibəsi iştirakçıları var. Əhalinin əksər hissəsi işsizdir. Maddi imkansızlığa görə qarşıdan gələn soyuqlara görə odun tədarükü edə bilməmişik. Çox sevindik ki, kəndimizə qaz xətti çəkildi və əziyyət çəkməkdən qurtulduq. Ancaq bizə qaz sayğacının pulla satılması xəbərinə çox məyus olduq. Buna baxmayaraq, ümüdümüzü üzmürük, ona görə ki, bizim cənab İlham Əliyev kimi qayğıkeş prezidentimiz var.

Buna görə biz mətbuat vasitəsilə Prezident cənab İlham Əliyevə və "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə müraciət edirik. Xahiş edirik, Göyçay rayonunun Hacıağabəyli kənd sakinlərinin yoxsul vəziyyətdə yaşamsını və qarşıdan soyuqların gəlməsini nəzərə alıb qaz sayğaclarının dövlət vəsaiti hesabına təmin edilməsinə köməklik göstərəsiniz.

Hörmətlə, Göyçay rayonunun Hacıağabəyli kənd sakinləri:

Vətən müharibəsi veteranı Səfərov Kamil Famil oğlu, Vətən müharibəsi veteranı Ədalət Şamil oğlu, Vətən müharibəsi veteranı Xasıyev Vüsal Bahadur oğlu, Vətən müharibəsi veteranı Xasıyev Ramazan Ələddin oğlu, Vətən müharibəsi veteranı Quliyev Orxan Elman oğlu, Fətəliyev Eldar Asib oğlu, Xasıyev Qadir Bahadur oğlu, Fətəliyev Rafiq Xudu oğlu, Fətəliyev Elməddin Eldəniz oğlu və Fətəliyev Ağaismayıl Xudu oğlu".

E.ŞİRİNOV