Tomsk vilayətinin başçısı məmurları ondan nümunə götürməyə çağırıb...

Rusiya Federasiyasının Tomsk vilayətinin qubernatoru Vladimir Mazur yerli məmurları maaşlarının bir hissəsini səfərbər olunanların ehtiyacları üçün ianə etməyə çağırıb. O, bu barədə özünün Telegram kanalında bildirib.

Mazurun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində çağırılanların yalnız ehtiyaclarını təmin edir, lakin əsgərlərə təkcə ehtiyaclar üçün deyil, “ən yüksək keyfiyyətli” əşyalar lazımdır. O, həmçinin əlavə edib ki, Tomsk vilayəti hərbçiləri hərbi dronlar, dizel, benzin enerjisi generatorları və digər əşyalarla təmin etmək niyyətindədir.

Qubernator bu xərclərin qismən regional büdcədən maliyyələşdiriləcəyini bildirsə də, yerli məmurları səfərbər olunanların  ehtiyacları üçün və özəl olaraq ianə verməyə çağırıb.

“Hər maaşımdan bu məqsədlər üçün pul köçürəcəyəm. Tomsk vilayətinin bütün məmurlarını məndən nümunə götürməyə çağırıram", - deyə  o, vurğulayıb.

Mazur qeyd edib ki, hərbi xidmət cəsarət və yüksək keyfiyyətli texnika tələb edir və səfərbər olanlarda artıq cəsarət var.

***

...Daha əvvəl də Kursk qubernatoru Roman Starovoyt səfərbər edilmiş hərbi hissələrdə vəziyyətin pis olduğunu açıqlayıb.

Lakin bu günlərdə Rusiya müdafiə naziri Sergey Şoyqu səfərbər olunanların zəruri geyim dəstləri və digər əmlakla təmin edilməsi, hərbi vəzifələrə təyin edilməsi barədə müvafiq vəzifəli şəxslərə tapşırıqlar verildiyini bildirib. O, həmçinin qeyd edib ki, Vladimir Putinin səfərbərlik haqqında Fərmanından sonra silahlı qüvvələrə 200 min şəxs cəlb olunub. Şoyqu səfərbərlik üçün hərbi komissarlığa könüllülərin də müraciət etdiyini və ciddi səbəblər yoxdursa, onlardan heç birinə imtina cavabı verilməməli olduğunu da  vurğulayıb...

 

JASMİN