Gülməli də olsa, bu dəfə paytaxt Tiflisdə xəstə və ya ölmüş at və uzunqulaq əti satmaqda ittiham olunan 2 nəfər saxlanılıb.

Bu barədə Maliyyə nazirliyi məlumat yayıb. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxslər, Mçxeta rayonu ərazisindəki obyektlərdən birində sanitar və gigyenik qaydaları pozaraq, kustar üsul əsasında iri və xırdabuynuzlu heyvanların kəsimini həyata keçiriblər. Onlar arasında ölmüş və ya xəstə halda olan at və uzunqulaq da olub. Təqsirləndirilən şəxslər daha sonra isə kəsdikləri heyvanların ətini paytaxt bazarlarına gətirərək satışını həyata keçiriblər. Faktla bağlı cinayət məcəlləsinin müvafiq bəndləri əsasında istintaq başladılıb. Təqsirləndirilən şəxsləri 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Azərbaycanda da AQTA dəfələrlə Bərdədə, Bakının "8 KM kolxoz bazarı"nda və digər ərazilərdə at və ya eşşək, digər cinsdən olan ölmüş heyvanların ətini satanları təqib etmiş, barələrində toplanmış sənədlər hüquq mühafizə orqanlarına təhvil verilmişdi. Amma görünür, hələ də dələduzlar qanunla qadağan edilən əməllərdən çəkinmirlər.

A.Məmmədli