Kiyev şəhər hərbi administrasiyası bildirib ki, Kiyev sakinlərinin yarıdan çoxu hələ də işıqsız qalıb.

"Paytaxt abunəçilərinin 55%-i fövqəladə söndürmə rejimindədir. Enerji sistemində təmir işləri davam edir", - administrasiya Telegram kanalında bildirib.

Rəhbərlik əmin edib ki, hər bir elektrik kəsilməsi 5 saatdan çox olmamalıdır. Sakinlərə tövsiyə edilib ki, elektrik enerjisi daha uzun müddət kəsiləcəksə və ya noyabrın 23-dən bəri işıqlar, ümumiyyətlə, yanmayacaqsa, DTEK-ə müraciət etsinlər.

Bundan əvvəl Kiyevin meri Vitali Kliçko Ukrayna paytaxtının enerji təchizatı ilə bağlı ən pis ssenaridə vətəndaşların şəhərətrafı ərazilərə qismən təxliyəsinin başlaya biləcəyini istisna etməyib.

E.ŞİRİNOV