Hindistanın Azərbaycandakı səfirliyi Bakıda Ümumdünya Hind Dili Gününü qeyd edib.

Tədbirdə hind dilinin həvəskarları, bu dili öyrənən tələbələr və onu tədris edən müəllimlər, Azərbaycan universitetlərinin nümayəndələri, Hindistan tarixi və mədəniyyətini sevənlər, Hindistan diasporunun üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr, eləcə də Azərbaycanın tanınmış mədəniyyət xadimləri və jurnalistlər iştirak ediblər.

Tezadlar.az xəbər verir ki, tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar bildirib ki, “Vişva Hindi Divas” adı ilə tanınan Ümumdünya Hind Dili Günü 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında hind dilindən ilk dəfə istifadə olunması münasibətilə hər il yanvarın 10-da qeyd olunur. O xatırladıb ki, ilk Ümumdünya Hind Dili Konfransı 1975-ci il yanvarın 10-da açıq elan edilib. Mavriki, Böyük Britaniya, Trinidad və Tobaqo və Amerika Birləşmiş Ştatları kimi müxtəlif ölkələr 1975-ci ildən Ümumdünya Hind Dili Konfransına ev sahibliyi ediblər. 12-ci Ümumdünya Hind Dili Konfransı 2023-cü ilin fevralında Ficidə təşkil olunacaq.

“Vişva Hindi Divas” ilk dəfə 2006-cı il yanvarın 10-da qeyd olunub. Hindistan Xarici İşlər Nazirliyi o vaxtdan bəri hər il hind dili haqqında məlumatlılığı artırmaq və onu qlobal dil kimi təbliğ etmək üçün tədbirlər təşkil etməklə bu günü qeyd edir. Müvəqqəti işlər vəkili bildirib ki, “Vişva Hindi Divas” hind dilinin dünyanın ən qədim dillərindən biri olduğunu xatırlatmaqda mühüm rol oynayır. Hind dili dünyada dördüncü ən çox danışılan dildir, belə ki, bu dildə 26 milyondan çox insan danışır.

Tədbirdə hindistanlı və azərbaycanlı iştirakçılar hind dili barədə çıxışlar ediblər, eləcə də hind dilində şeirlər söyləyiblər. Həmçinin hind musiqisinin müşayiəti ilə mahnılar və rəqslər ifa olunub.

Rəqs və mahnı ifaları, eləcə də hind dilində çıxışlara və şeirlərin oxunmasına görə təşəkkürnamələr təqdim edilib, “Təmiz Hindistan Kampaniyası 2023” münasibətilə keçirilmiş hind dilində inşa və rəsm müsabiqələrinin qalibləri sertifikatlarla mükafatlandırıb.