ABŞ prezidenti Co Bayden Konqresdəki Respublikaçılar Partiyasının nümayəndələrinin Ukraynaya yardım üçün əlavə vəsait ayıracağını gözləyir. Bundan əvvəl ABŞ Konqresindəki respublikaçılar Kiyevə maliyyə yardımının ayrılması ilə bağlı bəndin hökumətin xərclər haqqında qanun layihəsindən çıxarılmasına nail olublar.
“Mən tamamilə gözləyirəm ki, Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti və Konqresdəki respublikaçı çoxluq Ukraynaya yardımın ayrılması haqqında qanun layihəsinin qəbulunu təmin etmək üçün verdikləri vədlərə əməl edəcəklər”, - Bayden Ağ Evdə deyib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya yardımı nəzərdə tutmayan hökumət büdcəsi qanununu imzalayıb. Sənəd layihəsi yalnız hökumətin maliyyələşdirilməsini və təbii fəlakət qurbanlarına dəstəyi ehtiva edirdi. Eyni zamanda, Ağ Evin rəhbəri əmin edib ki, Vaşinqton “heç bir halda” Kiyevi dəstəkləməyi dayandıra bilməz.
Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ-ın Ukraynaya hərbi təchizat üçün bir neçə həftə ərzində vəsaiti qalıb. Kiyevə tədarükün maliyyələşdirilməsini davam etdirmək üçün Konqresdən 24 milyard dollar məbləğində əlavə vəsait ayrılması barədə qərar qəbul etmək lazımdır.
E.ŞİRİNOV