Keçmiş birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqova hücum edib.

Bununla bağlı vəkilin özü sosial şəbəkədə daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edərkən bildirib.

Vəkil E.Sadıqov qeyd edib ki, bu gün R.Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə qətlə yetirilmiş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Fəday Əliyevin hüquqlarını müdafiə edirkən keçmiş birlik komandiri Rövşən Əkbərovun oğlu tərəfindən hücuma məruz qalıb.

“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün faəliyyət göstərdiyimə görə məhkəmə iclaslndan çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi. Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut var.

Xahiş edirəm ki, general Rövşən Əkbərovun oğlunun bu gün Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində mənə hücum etməsi faktını xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”, - deyə vəkil E.Sadıqov daxili işlər naziri V.Eyvazov və Baş prokuror K.Əliyevə müraciətində bildirib.

E.ŞİRİNOV