Ukrayna qoşunları kəskin piyada çatışmazlığı yaşayır ki, bu da əsgərlərin əhval-ruhiyyəsinin aşağı düşməsinə səbəb olur.

Tezadlar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ukrayna Silahlı Qüvvələrinin komandanlarına istinadən məlumat yayıb.

Nəşr Ukrayna hərbçilərinə istinadən yazır: “Ukrayna silahlı qüvvələri kəskin piyada çatışmazlığı ilə üzləşir ki, bu da cəbhə xəttində tükənməyə və əhval-ruhiyyənin aşağı düşməsinə səbəb olur”.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, şəxsi heyət çatışmazlığı xüsusilə qışda sərt hava şəraiti ilə domino effekti yarada bilər.

Özünü Sergey kimi təqdim edən ukraynalı komandirlərdən biri nəşrə deyib: “Siz bunu hiss edirsiniz, insanlar həm mənəvi, həm də fiziki cəhətdən tükəniblər”.

Ukrayna Silahlı Qüvvələrinin digər komandiri Aleksandr deyib ki, Ukrayna qoşunlarının sıralarına qoşulmaq istəyənlər yoxdur, çünki “dövlət onlara ora getməli olduqlarını izah edə bilməz”.

Nəşr bildirir ki, döyüş sursatı və silah çatışmazlığı da Ukrayna qoşunlarının cəbhədəki ağır vəziyyətini ağırlaşdırır. Komandirlərdən biri deyib ki, onun dəstəsi iki haubitsa üçün cəmi on mərmi alıb.

Xəbər verdiyimiz kimi, daha əvvəl Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ ölkələri artıq ehtiyatlarını tükəndiriblər və Ukraynaya daha çox mərmi vermək üçün “sehrli çubuq” yoxdur.

E.ŞİRİNOV