Tovuz rayon sakini Almaz Məmmədova Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin Arxiv şöbəsinin müdiri Məmmədov Musa Nadir oğlundan şikayətçidir.

Şikayətçi A.Məmmədova Musa Məmmədovun Tovuz rayonunda yerləşən onun ailəsinə məxsus torpaq sahəsi ilə bağlı arxiv sənədlərinin çıxarılmasında problem yaratdığını iddia edir.

Şikayətçi yazır: "Tovuz rayonunda atam İsa Məmmədova məxsus torpaq sahəsi var. Atam vəfat edəndən sonra uzun illər o torpağa sənəd çıxarılmadı. Sonradan torpağın çıxarışını almaq üçün aidiyyəti üzrə müraciət etsəm də, həmin torpağın üzərində olan evin sənədləri mənə verilsə də, torpağa aid arxiv sənədləri təqdim olunmadı.

Səbəb isə M.Məmmədovun atama məxsus torpaq sahəsini zəbt edərək orada ev, kafe və market tikməsidir. Torpağın sərhədlərini dəqiq bilmədiyim üçün qurumlara müraciət etdim. Rəsmi qurumlar mənə torpağın sərhədlərini müəyyənləşdirmək üçün bu məsələni əmimlə aydınlaşdırmağımı məsləhət gördülər.

Başa düşmürəm, bütün sənədlər arxivdə olduğu halda, mən niyə bu məsələni əmimlə aydınlaşdırmalı idim? Mənə rəsmi qurumlar torpağın sənədlərini almaqda çətinliklər yaratsa da, arxiv sənədlərini aldım və həmin sənədlərdə torpağın atam İsa Məmmədova aid olduğu təsdiq olunur".

A.Məmmədovanın yazdığına görə, torpağa çıxarış alanda qurum nümayəndəsi ona zəng edərək arxiv sənədində göstərildiyi sərhədlərə əsasən, çıxarış verə bilməyəcəyini deyib. Səbəb isə dövlət məmuru olan Musa Məmmədovun vəzifəsindən sui-istifadə edərək başqasına məxsus olan torpaq üzərində ev tikərək topraq sahibinin icazəsini almadan evi o torpaq üzərində sənədləşdirməsidir. Nəticədə, qurum çıxarışı daha az torpaq ərazisini əhatə edərək verilməsini təklif edib. Amma məsələ bununla da bitməyib. Şikayətçi Almaz Məmmədova əlavə edib ki, arxiv şöbəsinin müdiri Musa Məmmədov həmin torpağın üzərində qanunsuz olaraq kafe və market də tikib: "Ona görə də torpağın sənədləşdirilməsinə problem yaradır. Tutduğu dövlət vəzifəsindən sui-istifadə edərək mənə hədə-qorxu gəlir, o torpağa sənəd çıxartdığını bildirir. Mənə deyir ki, get, kimə istəyirsən şikayət et, o torpağın sənədlərini çıxartmışam. Bu isə hər iki tərəfdən qanunsuzdur. Torpağın atam İsa Məmmədova məxsus olduğu bütün arxiv sənədlərində var, o, necə ora sənəd çıxarda bilər? O sənədi hansı qurum ona verə bilər? Məndə olan məlumata görə, Musa Məmmədov öz işində qanunsuzluqlara yol verdiyi üçün iki dəfə şiddətli töhmət alıb. İndi mənə maraqlıdır, bu qədər qanunsuzluqlardan sonra onun hələ də vəzifəsində qalması kimlərin marağındadır?"

A.Məmmədova sonda bildirib ki, onun istəyi sözügedən torpaq sahəsinin qanun çərçivəsində atası İsa Məmmədovun vərəsəsi olaraq onun adına çıxarılmasının təmin olunmasıdır.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV