İyulun 6-da Bakıda Azərbaycan-Türkiyə əməkdaşlığına həsr olunmuş “Caspian Energy Forumu”n Xüsusi Sessiyası keçirilib.

Tədbirdə çıxış edən “Caspian Energy Club”un (CEC) sədri və qrupun baş icraçı direktoru Telman Əliyev sessiyanın əhəmiyyətinə toxunaraq bu gün keçirilən görüşdə əsas məqsədin Azərbaycan və Türkiyə sahibkarlarına dəstək olduğunu bildirib: “Son illər Azərbaycan ilə Türkiyə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İki qardaş ölkə arasında ticarət dövriyyəsi artıb. Bugünkü xüsusi sessiyada Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyi (TÜİB) və CEC arasında memorandum imzalanacaq. Memorandum çərçivəsində “Caspian Energy Forumu” artıq Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və Avropa İttifaqı ölkələri arasında sahibkarların birgə forumuna çevriləcək”.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bugünkü tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, dünyanın geosiyasi dəyişikliyinə uyğun Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsi Türk Dövlətlər Təşkilatına örnəkdir.

Onun sözlərinə görə, Qarabağ Zəfərinin Türkiyə-Azərbaycan münasibətləri baxımdan, bölgə baxımdan mühüm əhəmiyyətə malikdir: “Qarabağ Zəfəri 44 gündə qazanılıb, Bakının azad edilməsi də 45 gün ərzində əldə edilib. 44 Azərbaycan tarixində simvolik rəqəmdir. Türkiyə və Azərbaycan geopolitik dəyişikliyi yaxşı bilir. Bu geopolitik dəyişikliyə uyğun bir əməkdaşlıq modeli inkişaf etdirilib”.

Səfir, həmçinin xatırladıb ki, 2021-ci ilin iyunun 15-də Qafqazın incisi olan Şuşada Bəyannamə imzalanıb və siyasi iradə ortaya qoyulub: “Bu Bəyannamənin imzalanması ilə strateji əməkdaşlığımız artıq müttəfiqlik səviyyəsinə çatıb. Bu sənəd hər iki ölkənin Milli Məclislərində təsdiq edilib və Türkiyə Azərbaycan arasında münasibətlərinin hər sahədə genişləndirilməsi və dərinləşdirilməsinə töhfə vermək, əgər bu münasibətlərin önündə əngəllər varsa, əngəllərin aradan qaldırılması üçün işlərin aparılmasına dair bir təlimatdır”.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib ki, iki ölkə arasında ticarət əlaqələri durmadan inkişaf edir. Belə ki, cari ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2,45 milyard ABŞ dolları olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.

Yusif Abdullayev diqqətə çatdırıb ki, Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət göstərmək üçün 1200-dən çox müraciət daxil olub. Bu müraciətlər KOBİA vasitəsilə qəbul edilir: “Müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 100-ü Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri durmadan inkişaf edir”.

AZPROMO-nun rəhbəri xatırladıb ki, ötən il Azərbaycanın Türkiyəyə ixracı 12 faiz artaraq 4,7 milyard ABŞ dolları olub. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard ABŞ dollarına çatıb.

Tədbir çərçivəsində ATİB, TÜİB və CEC arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu ATİB-in İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Böyükfırat, CEC adından Telman Əliyev imzalayıblar.

Tədbirdə, həmçinin memorandumda imzalanan qələmlər auksiona çıxarılıb. Satılan qələmlərdən əldə olunan məbləğ YAŞAT Fonduna ianə ediləcək.

Tədbir “Azərbaycan və Türkiyə şirkətlərinin regionların inkişafında rolu” və “Azərbaycan və Türkiyə sahibkarlarının beynəlxalq arenada əməkdaşlığı” mövzularında öz işini davam etdirib.

E.ŞİRİNOV