Bu gün, Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Türkiyənin ticarət naziri Mehmet Muş, Gürcüstan və Türkiyə arasında azad ticarət sazişinə düzəlişlər barədə sənəd imzalayıblar.

TEZADLAR.AZ xəbər verir ki, imzalanma Gürcüstan, Türkiyə və Avropa İttifaqı arasında diaqonal kumulyasiyaya həsr olunmuş forumda baş tutub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, dəyişikliklər kənd təsərrüfatı məhsullarının tariflərinin liberallaşdırılması və azad ticarət sazişinə xidmət sektorunun əlavə edilməsinə aid olacaq. Bundan başqa, Gürcüstandan Türkiyəyə məhsul ixrac edərkən güzəştlər tətbiq edilməyən məhsul növləri üzrə Gürcüstan kvota çərçivəsində güzəştlər alacaq. Bu gün imzalanmış qərarın icrasından sonra Gürcüstandan Türkiyəyə kvota çərçivəsində ixrac edilərkən diri mal-qara, mal əti, yaşıl çay, quru meyvələr, kivi, limon, pomidor konservləri və ərzaq məhsullarının idxalına sıfır tariflə icazə verilib. Burada qeyd edək ki, eyni qərara uyğun olaraq, bal, alma və şərab üçün Türkiyə tərəfində də kvotalar artırılıb.

Qeyd edək ki, Gürcüstan-Türkiyə Azad Ticarət Sazişi 2008-ci il noyabrın 1-də qüvvəyə minib və həmin dövr üçün azad ticarət sazişlərinin imzalanması formatına görə, yalnız mal ticarətinə şamil edilib. 2016-cı ildən Türkiyə tərəfi ilə azad ticarət sazişinin tarif bölməsində dəyişikliklərin edilməsi və müqaviləyə xidmət sektorunun əlavə edilməsi məsələləri ilə bağlı da əlavələr olunub.