Ölkəmiz Həştərxandan durna balığı kürüsü idxal edəcək.

Rusiya mətbuatının yaydığı məlumata görə, Həştərxandan Azərbaycan, Qazaxıstan və Özbəkistana durna balığı kürüsünün (ağ kürü) ixracı nəzərdə tutulub.

Bu barədə Həştərxan qubernatoru İqor Babuşkin deyib.

Qeyd edək ki, ölkəmizdə bu il öncəki ildən 8.5% çox nərə balığı kürüsü istehsal edilib. Beləki, 2022-ci ilin ilk 6 ayında 140.8 kq nərə balığı kürüsü istehsal edilib.

Və statistikaya görə, istehsal edilmiş soyuq delikates qəlyanaltısı qara kürünün 79.8 kiloqramı satışa yönəldilib.

Xatırladaq ki, qara kürünün qiyməti günbəgün bahalaşır və onu almaq hər adama nəsib olmur. Məsələn, ölkəmizdə kürü istehsalı ilə məşğul olan «Baku Caviar» şirkətinin müxtəlif qramlıq bankalarda  təqdim etdiyi kürünün kiloqramının qiyməti təxminən 3500 manata başa gəlir.

Və bu qiymət çoxlarının cibinə görə deyil. İndi Həştərxandan ölkəmizə idxal ediləcək durnabalığının kürüsü də piştaxtalarımızı bəzəyəcək. Amma bu kürünün qiymətinə görə süfrələrimizi bəzəyib-bəzəməyəcəyi sual altındadır...

Y.MƏMMƏDLİ