Rusiya hökumətinin başçısı Mixail Mişustin beynəlxalq maliyyə ehtiyatları institutunun nüfuzdan düşdüyünü bildirib.

Mişustin MDB Hökumət Başçıları Şurasının iclasında “Bundan əlavə, dollardan silah kimi istifadə etməklə, Qərb bütövlükdə beynəlxalq maliyyə ehtiyatları institutunu nüfuzdan salıb” dedi.

Daha sonra o, Rusiya prezidenti Vladimir Putinin sözlərini xatırladaraq qeyd edib ki, milli valyutalarda hesablaşmalara sürətləndirilmiş keçid və qarşılıqlı ticarətdə dollardan imtina yeni qlobal maliyyə infrastrukturunda sui-istifadə hallarını istisna edəcək.

Xatırladaq ki, Bakıda keçirilən XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində çıxış edən Bank VTB-nin rəhbəri Andrey Kostin də bildirib ki, Rusiyanın dollar və avro ilə hesablaşmalardan imtina edəcəyi qaçılmazdır. O, vurğulayıb ki,  bu, xüsusi qrup ölkələrlə milli valyutalarda hesablaşmalara keçid əsas prioritetdir.

Qeyd edək ki, bir müddət əvvəl  Qərb də, Avropa da Rusiyanı qaz ixracındakı bəzi tələblərinə görə qazdan silah kimi istifadə etməkdə suçlamışdı və bu asılılıqdan yaxa qurtarmaq üçün Rusiya qazına alternativ ölkə axtarışına çıxdılar.

Göründüyü kimi, indi də Rusiya Qərbi dollardan silah kimi istifadə etməkdə suçlayır və tezliklə dollardan imtina etməyə çalışır...

JASMİN