“50 il ərzində bir çox rayonlara xidmət edən su kəmərinin bu gün “sağ” yeri qalmayıb, kəmərin demək olar ki, 90%-i çürükdür”.

Qazaxıstan Respublikası Parlamenti Senatının mətbuat xidmətinin məlumatına görə, bu sözləri senator Talqat Junusov deputat müraciətində Akmola vilayətinin rayonlarının sakinlərinin su ilə təminatındakı problemlərdən danışarkən bildirib.

Parlamentarinin sözlərinə görə, son 10 ildə Akmola vilayətinin Yeqindıkolski rayonunun əhalisi 3 dəfə azalıb. Senatorun fikrincə, əhalinin şəhərlərə miqrasiya etmə səbəblərindən biri kənd yerlərində suyun olmamasıdır.

Həmçinin Nurinski su kəmərindən qidalanan Korqaljin və Atbasar rayonlarının sakinləri də su qıtlığı ilə üzləşirlər. Su borularının tez-tez partlaması səbəbindən rayon sakinləri həftələrlə susuz qalırlar. 12 kənd içməli suyu mərkəzi magistral su kəmərindən alır, 4 kənd isə yalnız kənardan gətirilən su hesabına yaşamaq məcburiyyətində qalıb.

“50 il ərzində bir çox rayonlara xidmət edən su kəmərində bu gün “salamat” yeri qalmayıb.

Ekspertlərin fikrincə, boru kəmərinin demək olar ki, 90%-i çürükdür. Buna görə belə bir boru kəmərində su itkiləri 70-80% -ə çatır. 2014-cü ildə su kəmərinin təmirinə 400 milyon təngə vəsait ayrılsa da, indiyədək işlər lazımi səviyyədə aparılmayıb, Nurinski su təchizatı qrupu isə içməli su ilə təmin etmək gücündə deyil. Hər il vilayət və rayon büdcələrindən su təchizatı sisteminin qismən təmiri üçün vəsait ayrılır, lakin bütövlükdə sistem qaydasında olmadığından problem həllini tapmır. Bununla əlaqədar olaraq, bu məsələnin Akmola vilayətinin əhalisi üçün əhəmiyyətini nəzərə alaraq, su təchizatında modernləşdirmə məsələsinə baxmağınızı xahiş edirəm”, – deyə Talqat Junusov bildirib.

Qeyd edək ki, Azərbaycanın rayonlarında da, Bakının bir çox kəndlərində dəd su qıtlığı problemi var. Bir çox rayonlarda kənd sakinləri su olmaması səbəbindən, hətta həyətyanı sahələrində bostan-tərəvəz məhsulları yetişdirə bilmir, meyvə bağları susuzluqdan quruyaraq məhv olur. Kənd əhalisi paytaxt Bakıya üz tutur.

Bir neçə ay əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalyıb.

Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməlidir.

 

Y.MƏMMƏDLİ