Uzun illərdir Mənzil- Tikinti Kooperativləri (MTK) alıcılarına "qan uddururlar".

İstədikləri qiymətə mənzillər satılır, bir çoxunda satılan mənzillərin sahəsi aldıqları pulla üst-üstə düşmür (mənzil sahəsində əskiklik olur), qaz, su, elektrik sayğaclarına əlavə pul tələb edilir, alıcı mənzilə köçdükdən sonra isə mənzilin hər kv.m-i üçün istədikləri qiyməti müəyyən edirlər. Binaların əksəriyyətində də mərkəzləşdirilmiş istilik sistemləri mövcud olmur. Vətəndaşlar məcbur olub kombi sistemi quraşdırırlar və bu da ailə bedcəsindən xeyli pul itkisi deməkdir.

Bir çox yeni tikilən hündürmərtəbəli binaların sakinləri evin kommunal xərclərinin, MTK-ya ödənilən aylıq mənzil pulunun o qədər yüksək olduğunu bildirilər ki, bu, şəxsi mənzil sahibi olmaqdan çox, kirayədə yaşamağa bərabər olur...

Artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə vətəndaş müraciətlərinə baxıb.

Dövlət Xidmətindən TEZADLAR.AZ-a verilən məlumata görə, araşdırmalar zamanı mənzil-tikinti kooperativləri (MTK) ilə alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən, sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb.

Qeyd edək ki, təbii inhisar subyektlərinə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə sayğacların təbii inhisar subyektlərinin vəsaiti hesabına quraşdırılması barədə 2021 və 2022-ci illərdə Dövlət Xidməti tərəfindən müvafiq göstərişlər verilib.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xətaya görə hüquqi şəxslərin dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Xidməti tərəfindən MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərilib.

***

Arzu olunardı ki, yuxarıda qeyd edilən məsələlər də gələcəkdə nəzərə alınsın və MTK sahiblərinin özbaşınalıqlarına son qoyulsun. Çünki indi MTK-lar binanı tikib satarkən əldə etdikləri külli miqdarda gəlir azmış kimi, həmin mənzillərdə yaşayanlarla ömürlük kirayənişinləri kimi davranırlar. 

JASMİN