Bir çox hallarda işəgötürənlər sağlamlığını itirmiş, bu barədə əlillik dərəcəsi almış və əmək qabiliyyətinin məhdud olması barədə Tibbi Sosial Ekspert Komissiyasının qərarı olmasına baxmayaraq,

"Yüngül işimiz yoxdur" bəhanəsi ilə AR Əmək Məcəlləsinin tələblərini pozmaqla, belə işçiləri yüngül işlə təmin etməkdən imtina edir, həmin işçilərlə bağlanmış Əmək müqaviləsini qanunsuz olaraq ləğv edirlər.

Bunu “TEZADLAR.AZ”a hüquqşünas Azər Quliyev bəzi  işəgötürənlərin əmək qabiliyyəti məhdud olan işçilərini müvafiq işlə təmin etməmələri ilə bağlı sualını cavablandırarkən bildirib. O, belə hallarda işəgötürənlərin Qanunla məsuliyyət daşıdıqlarını vurğulayıb:

“"Yüngül işimiz yoxdur" deyən işəgötürənlər bu halda Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərini pozmuş olurlar, və bu Məcəllədə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar. Halbuki, Əmək Məcəlləsinin 231-ci maddəsinin tələbləri dispozitiv, yəni, işəgötürənin arzu və istəyindən asılı olan, yerinə yetirilməsi könüllü olan maddi hüquq norması deyil, yerinə yetirilməsi məcburi olan imperativ maddi hüquq normasıdır.

Əmək Məcəlləsinin 231-ci maddəsi: "səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur", - deyə hüquqşünas izah edib.

 

JASMİN