Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “TEZADLAR.AZ”a verilən məlumata görə, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44.5 km təşkil edir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88%-i icra olunub. Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolu işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.