Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü iyulda illik müqayisədə 11,2 faiz azalıb. Bu barədə “Kommersant” “Kpler”in məlumatlarına istinadən xəbər verir.

Ümumilikdə 2 milyon ton LNG ixrac edilib. Bu həcmin demək olar ki, yarısı Asiyaya (0,93 milyon ton), bir qədər az hissəsi Avropaya (0,88 milyon ton) göndərilib. Daha 0,29 milyon ton isə təyinat limanı göstərilmədən təqib edilib və ya hələ alıcıya çatmayıb. Ümumilikdə, 2023-cü ilin yanvar-iyul aylarında Rusiyadan LNG ixracı 18,46 milyon tona (3,5 faiz) azalıb, bunun 9,48 milyonu Avropaya göndərilib.

Qəzet yazır ki, tədarüklərin həcminin azalması əsas müəssisələrdə qazın mayeləşdirilməsi xətlərinin planlı təmiri ilə bağlıdır. İyun ayında Yamal LNG zavodunun xətlərindən biri dayandırılıb, iyulda isə Saxalin-2-də planlı təmirə başlanılıb.

Müstəqil ekspert Aleksandr Sobko avqustda LNG zavodlarında texniki işlərlə əlaqədar ixracda da azalma olacağını proqnozlaşdırıb. “Implementa”-dan İvan Timonin əlavə etdi ki, bu səbəbdən aylıq 2,5 milyon ton istehsal gücündən yalnız 1,9-u avqustda faktiki olaraq istifadəyə veriləcək.

Avqustun 9-da Avropada qazın birja qiymətləri, demək olar ki, 30 faiz artaraq, kəskin şəkildə yüksəlib. Moskva vaxtı ilə saat 16:20-də sentyabrda çatdırılma fyuçerslərinin qiyməti min kubmetr üçün 450 dolları ötüb (bağlanış qiymətinə əlavə olaraq 28 faiz). Avropada həddindən artıq istilər və kondisionerlərin işləməsi üçün elektrik enerjisinə tələbatın kəskin artması fonunda qaz bahalaşmağa başlayıb.

E.ŞİRİNOV