Azərbaycanın qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır. Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın payına düşdüyü halda Türkiyə 28.9 faizə sahib olub.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı diqqətə çatdırıb ki, əgər belə davam edərsə Türkiyə Azərbaycanın bir nömrəli qeyri-neft idxalatçısı olacaq.
"Göründüyü kimi, sözügedən ölkələrin qeyri-neft ixracatında payı arasındakı fərq cüzidir. Bu, həmçinin o deməkdir ki, ümumi artım tendensiyasında kordinal dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) qapayırlar", -deyə o, bildirib.
Onun sözlərinə görə, cari ildə qeyri-neft ixracının həcmi 3.5 milyard dollara yaxın olacaq.
"Bütövlükdə, həmin müddətdə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb. Qeyd edək ki, son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir", - qeyd edib.
Lakin iqtisadçı ekspert qeyri-neft məhsullarının ixracda payının böyüməsinə rəğmən, yenə də ümumi ixracda çəkisinin az olduğunu da xatırladıb və bu baxımdan bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
"Digər tərəfdən, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır", - Vüqar Bayramov qeyd edib.
Y.MƏMMƏDLİ