Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri İranla 2019-cu ildən qüvvədə olan müvəqqəti sazişi əvəz edəcək azad ticarət zonası haqqında tam miqyaslı saziş imzalayıb.

İmzalanma dekabrın 25-də Sankt-Peterburqda keçirilən görüş zamanı baş tutub.

Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç deyib: “Saziş rəsmi olaraq üzv dövlətlər tərəfindən ratifikasiya edildiyi andan qüvvəyə minir”.

Onun sözlərinə görə, proses kifayət qədər sürətlə getməlidir. Myasnikoviç qeyd edib ki, sazişin investisiya və ticarət müddəalarının həyata keçirilməsi mexanizmlərinin formalaşdırılması üzərində işləmək lazımdır.

O əlavə edib ki, bu, Rusiya və İrana gömrük rüsumları və ödənişlərinə qənaət etməyə imkan verəcək.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurası (Aİİ) və MDB sammitləri çərçivəsində ünsiyyət qura biləcəklər.

E.ŞİRİNOV