İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin təmin olunması üçün müxtəlif güzəşt mexanizmləri tətbiq edilir.
TEZADLAR.AZ xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına açıqlamasında bildirib ki, azad edilmiş ərazilərdə iqtisadi reinteqrasiya və biznesin dirçəldilməsi yönündə nəticəyönümlü tədbirlər həyata keçirilir, dövlətin dəstək və güzəşt mexanizmləri tətbiq olunur: “Bu, müxtəlif sahələrdə özünü göstərir. Belə ki, işğaldan azad edilmiş regionlarda fəaliyyət göstərən sahibkarlar 10 il müddətinə bir sıra vergilərdən azad olunublar. Eyni zamanda, həmin ərazilərdə istifadə üçün idxal olunan mallara vergi və gömrük güzəştləri tətbiq edilir, sahibkarların kommunal ödənişləri və sosial yığımları subsidiyalaşdırılır”.
E.Əmirov işğaldan azad olunmuş ərazilərdə biznes fəaliyyətinə başlaması üçün sahibkarların investisiya layihələrinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verildiyini vurğulayıb. O, burada kifayət qədər əhatəli mexanizm yaradıldığını, sahibkarların götürdüyü kreditlərin 90%-ə qədər olan hissəsinə dövlət zəmanəti verildiyini bildirib: “Bu, girov mexanizmini əvəz edən önəmli bir istiqamətdir. Yəni dövlət zəmanəti olan yerdə banklar məhz buna girov predmetindən daha etibarlı bir variant kimi yanaşırlar. Sahibkarlar, həmçinin banklar və bank olmayan kredit təşkilatları üçün bu, daha əlverişlidir. İş adamları kreditlər üçün subsidiyalardan da istifadə edə bilərlər. Burada kredit məbləğinin aşağı həddi 5 min manat, yuxarı həddi isə 10 milyon manatdır. Kreditin müddəti 10 ilə qədərdir və illik 5%-lə verilir. Sadəcə, dövlətin zəmanəti olan kreditlərin faizi sonsuz deyil”.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən tətbiq edilən "Elektron kredit və zəmanət” informasiya sistemi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes fəaliyyəti üçün yeni imkanlar yaradır. Bu, həmin ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirilir.
E.Əmirov bildirib ki, dövlət zəmanəti banklar üçün girovdan daha əlverişli olduğuna görə, məhz bu mexanizm bankları həmin sahibkarların yanında olmağa təşviq edir: “Bu, işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın qurulması üçün vacib məsələ idi”.