İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinin “Alibaba” şirkətinin qlobal strateji tərəfdaşlıq üzrə rəhbəri Tim Sonqla görüşüb.

TEZADLAR.AZ xəbər verir ki, nazir müavini Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sahibkarlara göstərilən dəstək, eləcə də ixrac potensialı yüksək olan müəssisələr və strateji ixrac məhsulları, “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri barədə məlumat verib. “Alibaba” şirkəti ilə əməkdaşlığın və işgüzar dialoqun genişlənməsinin önəmi vurğulanıb. Qeyd olunub ki, AZPROMO ilə "Alibaba.com" arasında imzalanmış Anlaşma Memorandumu "Made in Azerbaijan" brendi adı altında məhsulların yeni ixrac bazarlarına çıxışının təmin edilməsinə töhfə verəcək.

Tim Sonq “Alibaba.com” elektron ticarət platformasının təqdim etdiyi imkanlar və üstünlükləri, həmçinin “Made in Azerbaijan” brendli məhsulların bu platformada satışının təşkili mexanizmləri ilə bağlı fikirlərini bölüşüb.

Tərəflər şirkətin ölkəmizlə biznes əlaqələrinin təşviqi, ixrac potensialı yüksək olan yerli məhsulların beynəlxalq elektron ticarət platformasına çıxarılması, qabaqcıl təcrübənin tətbiqi və potensial əməkdaşlıq istiqamətləri barədə səmərəli müzakirələr aparıb.