Artıq Sahibkarlığın İnkişafı Fondu tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi
çərçivəsində işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir.
TEZADLAR.AZ xəbər veriri ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.
O, qeyd edib ki, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
“Bu baxımdan, həmin qərar dövlət başçısının çağırış və tövsiyələrinin məntiqi nəticəsidir. Milli sahibkarlıq belə layihələrdə nə qədər fəal olarsa, bundan hamı udar – həm dövlət, həm özəl sektor, həm orada çalışan işçi qüvvəsi, həm də, təbii ki, o torpaqlara qayıdacaq vətəndaşlarımız. Yəni bu qərarın olduqca geniş diapazonlu pozitiv nəticələri olacaq. Hətta deyim ki, bu, bir iqtisadi addım olsa da, ciddi mənəvi mahiyyət daşıyır. Çünki ilk növbədə 30 il ərzində viran qoyulmuş torpaqlarımızın bərpasına, quruculuq işlərinin sürətlənməsinə yönəlib”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən “İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi hazırlanıb. Hansı ki, bu mexanizmin tətbiqi nəticəsində 500 milyon manat kommersiya kreditinin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsi nəzərdə tutulur.
Artıq fevralın 1-dən etibarən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizmi üzrə müraciət imkanı yaradılıb. Belə ki, sahibkarlar e-gov portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
JASMİN