Azərbaycanda cari ildə ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon kubmetr artımla qaz hasil edilib.

***

2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, iki ay ərzində respublikada 8,2 milyard kubmetr təbii qaz hasil edilib.

Qazın 2,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 4,5 milyard kubmetri “Şahdəniz”, 0,3 milyard kubmetri “Abşeron”, 1,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon kubmetr artımla qaz hasil edilib.

TEZADLAR.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu dövrdə xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir. Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,8 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 218,5 milyard kubmetr, “Şahdəniz”dən isə 213,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 151,5 milyard kubmetri  ixraca nəql edilib.

 Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 48 milyard 496,7 milyon kubmetr qaz (artım 3,8%) hasil edilib. Əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr olub.

 Təbii qaz ixracı isə 2022-ci illə müqayisədə 6,9% artaraq 23 milyard 856 milyon 355,587 min kubmetr təşkil edib.

Y.Məmmədli