İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda konfrans keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd KOB-ların iqlim dəyişiklikləri ilə mübarizəyə, yaşıl iqtisadiyyata keçidə verə biləcəkləri töhfəni bir daha diqqətə çatdırmaq və bu sahədə görüləcək birgə tədbirləri müzakirə etmək olub.

Konfransda aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların və sahibkarların ictimai birliklərinin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

""Yaşıl biznes standartı"nın hazırlanması üzərində çalışırıq"

KOB sektorunda “yaşıl siyasət və strategiya”ların geniş tətbiqi üçün kifayət qədər potensial mövcuddur. Biz beynəlxalq inkişaf təşkilatları ilə birgə bu sahədə təhlillər aparmışıq.

Bunu “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib

O, qeyd edib ki, KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması istiqamətində qarşılaşdığı problemləri 3 qrupa bölmək olar: məlumat və bilik çatışmazlığı, potensial və bacarıqların aşağı olması, maliyyə resurslarına çıxış imkanının məhdud olması.

““Yaşıl konsepsiya”nın tətbiqi üzrə işlərimiz davam edir. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrupu çərçivəsində həm yerli, həm də beynəlxalq müstəvidə ilk təcrübə olaraq “Yaşıl biznes standartı”nın hazırlanması üzərində çalışırıq. Onu da qeyd edim ki, KOBİA artıq bu ilin fevral ayından BMT-nin Qlobal Sazişinə üzv olub. Bu gün “ACWA Power” şirkəti ilə imzalayacağımız Anlaşma Memorandumu isə KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinə dəstək məqsədilə birgə əməkdaşlıq tədbirlərini nəzərdə tutur. KOB-ların “yaşıl transformasiya” sahəsində qarşılaşdığı problemlər universal xarakter daşıyır. Bu baxımdan, hazırkı tədbirin yaratdığı imkandan faydalanaraq qlobal təşəbbüs irəli sürmək istərdik. Bu təşəbbüs KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsində əks olunub. Sənəd preambula və operativ həll hissələrindən ibarətdir. İlk hissədə KOB-ların dünya iqtisadiyyatında mövcud rolu, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında əhəmiyyəti və müvafiq istiqamətdə qlobal resursların səfərbər edilməsinin vacibliyi məsələlərinə toxunulur. Operativ həll hissəsində isə yuxarıda sadalanan KOB-ların qarşılaşdığı 3 əsas problemli sahələr üzrə fəaliyyət istiqamətləri təklif olunur. Sənəddə həmçinin, qlobal səviyyədə şəbəkələşmənin təmin edilməsi və institusional əlaqələndirmə platformasının təmin edilməsi üçün “Yaşıl KOB Resurs Mərkəzləri”nin yaradılması təşəbbüsü irəli sürülür”, - deyə Orxan Məmmədov əlavə edib.

KOBİA sədrinin sözlərinə görə, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların ölkədə qarşılaşdığı spesifik problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübə qazanaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaq: “Beləliklə, KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsinin beynəlxalq səviyyədə qəbulu və KOB sektoru üzrə daha çox maraqlı tərəflərin qoşulması üçün İqtisadiyyat Nazirliyinin koordinasiyası ilə təşviq kampaniyası və əlaqələndirmə işləri aparmağa hazırıq”.

“COP29-un əsas prioriteti iqlim maliyyəsidir”

“Yaşıl KOB Resurs Mərkəzləri”nin yaradılması KOB-ların daha dayanıqlı təcrübələrə keçidini asanlaşdıracaq və onları lazımi bilik, məsləhət və texnologiya ilə təmin edəcək.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev “Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu” mövzusunda keçirilən konfransda deyib.

Nazir qeyd edib ki, bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə mövqeyini gücləndirir.

“COP29-un əsas prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya və adaptasiya istiqamətləri əhatə olunacaq. Eyni zamanda, danışıqlardan kənar önəmli istiqamətlər olan dövlətlər tərəfindən “İkiillik Şəffaflıq Hesabatları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Adaptasiya Planları”nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir. Bu tədbir çərçivəsində Azərbaycanın COP29 sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Bizim məqsədimiz yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Azərbaycan bu təşəbbüslərlə qlobal səviyyədə yaşıl iqtisadiyyata keçidini dəstəkləməkdə öz liderliyini davam etdirəcəkdir. Bu tədbirlər ölkəmizin beynəlxalq səviyyədə etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək. İnanıram ki, bugünkü tədbir ölkəmizdə fəaliyyət göstərən KOB-ların iqlim proseslərində rolunu, onlardan gözləntini və gələcək planları müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün səmərəli platforma olacaq”, - deyə nazir diqqətə çatdırıb.

"İqlim dəyişikliyi yaşıl iqtisadiyyatın inkişafını diktə edir"

"Dünyadakı iqlim dəyişikliyi, azalan təbii ehtiyatlar və artan tələbat yaşıl iqtisadiyyatın inkişafını diktə edir".

Bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O bildirib ki, bu, öz növbəsində, hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib:

"Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlərdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"dir. Bununla bağlı olaraq həyata keçirilən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində müvafiq tədbirlərin icrası davam etdirilir".

"Yaşıl Dünya Naminə Həmrəylik ilində və COP29 ərəfəsində ölkəmizdə bu səpkidə mühüm tədbirlər keçirilir. Hazırkı konfrans da bunun davamı olmaqla aktual məsələləri əhatə edir. Ümumilikdə, ekoloji təmiz texnologiyaların tətbiqinin və yaşıl istehsalın artırılması, təkrar emal, çirklənmiş ərazilərin bərpasının təşviqi kimi məsələlərlə bağlı qarşıda mühüm vəzifələr durur. Bir sözlə, ətraf mühiti qorumaq prinsipi əsasında iqtisadi tərəqqi və sosial rifahın yüksəldilməsinə nail olmalıyıq. Bu işdə isə özəl sektorun, xüsusilə kiçik və orta biznesin rolu böyükdür. Bugünkü konfransın əsas məqsədi məhz yaşıl iqtisadiyyata keçiddə yaşıl KOB konsepsiyasını təşviq etməkdir", - deyə nazir əlavə edib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN