1 dekabr 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə qaz təchizatına başlanılıb.
TEZADLAR.AZ SOCAR-ın məlumatına əsasən xəbər verir ki, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.
Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.
Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycandan Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb.
JASMİN