Qazaxıstanın Ulıtaus vilayətinin Janaarkin rayonunda dövlət proqramı çərçivəsində sementsiz çoxmərtəbəli bina tikən podratçı cərimələnib.

Patriotnews.kz xəbər agentliyininin məlumatına görə, texniki nəzarət təşkilatı altı ay müddətinə lisenziyasını da itirib.

Artıq Janaarkin rayonunun Akimliyi və Qaraqanda vilayətinin Dövlət Memarlıq və Tikinti Nəzarəti İdarəsi işçilərin kərpic döşənərkən praktiki olaraq sement məhlulundan istifadə etmədiyi çoxmərtəbəli binanın tikintisinin yoxlanışını başa çatdırıb.

Komissiya hiyləgərliyə yol vermiş tikintini araşdırdıqdan sonra müəyyən edib ki, işçilər cəmi bir neçə cərgə kərpici döşəyərkən sementdən istifadə etməyiblər.

Ona görə də ev tam sökülməyəcək, keyfiyyətsiz ərazilər yenidən işlənəcək.

Qaraqanda vilayətinin Dövlət Memarlıq Tikinti Nəzarəti İdarəsinin məlumatına görə, podratçı tikinti təşkilatı 400 aylıq hesablama göstəricisi məbləğində cərimələnib. Həmçinin tikintinin gedişinə texniki nəzarəti həyata keçirməli olan ekspert təşkilatı da  60 aylıq hesablama göstəricisi məbləğində cərimələnib. Cərimədən əlavə, təşkilat altı ay müddətinə lisenziyasından da məhrum edilib.

Xatırladaq ki, Qazaxıstanda “Nurlı jer” (Nurlı yer) dövlət proqramı çərçivəsində hündürmərtəbəli binalar tikilir. Tikinti eyni podratçı tərəfindən davam etdiriləcək, lakin köhnə işçilər və inşaatçılar yeniləri ilə əvəz olunacaq.

P.S. Maraqlısı budur ki, hündürmərtəbəli binada tikinti aparılan zaman cəmi bir neçə cərgədə sementdən istifadə edilməyib, lakin Qazaxıstanın Dövlət Memarlıq Tikinti Nəzarəti İdarəsi bu fırıldağın üstünü açmağa müyəssər olub. Görəsən, ölkəmizdə tikilən binalarda nə qədər “xalturaya” yol verilir və hansıların üstü indiyədək açılıb? Hansı ki, nazik beton dirəkləri və təbəqələri ilə uzaqdan “gəl-gəl” deyirdi...

 

JASMİN