Bu il “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) aqroparkında 613 hektarda arpa, 5179 hektarda buğda əkilib.

Hazırda aqroparkda arpa biçini aparılır və hər hektardan 8 tondan çox məhsul əldə edilir. Samux ərazisində yerləşən aqroparkda isə 221,7 hektarda arpa, 2416 hektar ərazidə isə buğda əkilib. Artıq biçilmiş 150 hektar sahənin hər hektarından 8,4 tondan çox arpa əldə olunub.

Xatırladaq ki,  “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) və Samux ərazisində yerləşən aqroparklarına indiyədək 182.6 milyon manatdan çox investisiya yatırılıb. 

***

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yaz əkininin əvvəlindən 4 114,8 hektar sahədə buğda əkilib ki, bu da ötən ilə nisbətdə 3,2 dəfə çoxdur.

Xatırladaq ki, Azərbaycanın buğda təlabatı təqribən 3,1 - 3,5 milyon tondur. Ölkəmizdə istehsal olunan buğdanın həcmi isə təxminən 1,9 milyon tondur. İndiyədək Azərbaycan buğda tələbatının 60%-ə yaxınını yerli istehsal hesabına ödəyib. Dünyada buğda ixracının 29%-i Rusiya və Ukraynanın payına düşür. 

Ölkəmizə əsasən Rusiya, Qazaxıstan və Ukraynadan taxıl idxal olunur - daha çox hissəsi Rusiyadan.

DSK-nin məlumatına görə, ötən il Azərbaycana buğda idxalı 1,148 milyon ton olub. İdxal olunan buğdanın 1,088 milyon tonu Rusiyadan gəlib.

Hazırda Rusiya-Ukrayna müharibəsi səbəbindən Ukraynanın münbit torpaqlarında kənd təsərrüfatı məhsulları əkilmir...

Rusiya isə ixraca müvəqqəti qadağa qoyub. Taxıl qadağası sabah – iyunun 30-da bitməlidir. Və hələki Azərbaycan xaricdən buğda idxal etmək məcburiyyətindədir.

Lakin proqnozlara görə, yaxın zamanda işğaldan azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı – taxılçılıq inkişaf  etdiriləcək ki, bu da ölkəmizin idxaldan asılılığını azaldacaq.

 

JASMİN