DAMM-nın I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun Qəbələyə səfəri bu rayonun Vəndam kəndinə istirahətə gedən məcburi köçkünlərlə adı çəkilən qəsəbənin bir sakini arasında olan davaya təsadüf etmişdir. Bu barədə R.Məmmədov özü məlumat vermişdir.

Məlum olur ki, R.Məmmədov məişət xarakterli bu mübahisəyə aydınlıq gətirmək üçün 50-ə yaxın yerli sakin və məcburi köçkünlərlə görüşmüşdür. “Burada adi bir məişət mübahisəsi var və onu gətirib şəhidlərin ruhuna sayğısızlıq həddinə çıxarmaq yolverilməzdir, səbrli olun və belə halları təkrarlamaq özü bir cinayətdir”, -deyən R.Məmmədov tərəfləri barışığa dəvət etmişdir. “İki şəxs arasında mübahisə yaranırsa, bunu şəhidlərin, qazilərin ünvanına yönəldərək şişirtmək siyasi səbatsızlıqdır, belə hallara yol vermək olmaz!»

 R.Məmmədovla söhbətimizdən o da bəlli oldu ki, araya süni dava salan şəxs, sən demə, əvvəllər həmin ailənin Qəbələdəki evlərinə xidmət etmişdir, sonradan isə onu bu işdən kənarlaşdırmışlar. Onun yerinə işə götürülən isə onun əmisi oğludur. Bu isə hər iki tərəf arasında münaqişəyə gətirib çıxarmışdır.

Məsələ ondadır ki, tərəflərdən biri bu adi mübahisə və ya münaqişəni şişirdərək özünü haqlı çıxarmaq üçün rayonun, qəsəbənin, sonra şəhidlərin, qazilərin adını  hallandırmaqla yanlış hərəkətə yol vermişdir. Məsələyə artıq hüquq-mühafizə orqanları qarışmışdır.

R.Məmmədov ictimaiyyəti bu kimi hərəkətlərdən uzaq durmağa, real faktlara əsaslanmağa çağırmışdır: "Təəssüflər olsun ki, hələ də şəxsi intriqasını siyasiləşdirmək arzusunda olan və yanlış düşüncəyə söykənən insanlar vardır. Belələrinin hərəkəti  ictimai qınağa məhkumdur!"

JASMİN