Cinayət törədərək gizlənmək, xarici  ölkələrdən birinə sığınmaq və bəzi hallarda Azərbaycanın əleyhinə təbliğat aparmaq...

Belə hallara çox rast gəlinir. Lakin Azərbaycanın qoşulduğu beynəlxalq aktlar belə ünsürlərin tutukaraq ölkəmizə təhvil verilməsini mümkünlü edir... Belə ki, ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə və ədliyyə sisteminin, o cümlədən məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun müasirləşdirilməsi üzrə tədbirlərin nəticəsidir ki, Avropa dövlətləri ölkəmizə münasibətdə ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər. Məsələn, təkcə ötən aylarda oğurluq, soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı kimi cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən 4 nəfər şəxs Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Polşa, Moldova və Ukraynadan ölkəmizə gətirilib. Tezadlar.az Ədliyyə Nazirliyinin saytına istinadla bildirir ki, bu günlərdə isə dələduzluq və rəsmi sənədləri saxtalaşdırma ilə bağlı cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Belarus Respublikasından ölkəmizə təslim edilməsi təmin olunub. Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini heç yerdə təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Bununla yanaşı, cinayət törədərək Azərbaycanı tərk edən, Avropa ölkələrində gizlənən, özünü siyasi dissident kimi qələmə verib ölkəmizin qatı düşməni kimi əleyhimizə təbliğat aparan və ölkə rəhbərliyinin apardığı siyasətə qara kölgə salmağa çalışan hələ nə qədər bu tip ünsürlər vardır. Onların da ardıcıl olaraq tutulub Azərbaycana gətirilməsi təmin olunmalıdır. Erməni dəyirmanına su tökən belə insanlar üçün Vətən anlayışı yoxdur və yad ölkələrdə yaşamaqla cinayət əməllərini ört-basdır etməklə milli mənafeyi satmaq adi əməldir...

AZAD