"Təzadlar"ın rəsmi saytının ötən günlərdəki buraxılışlarında şəkildə gördüyünüz bu ətriyyat məhsulu barədə məlumat vermişdik...

Təxminlərimizə görə, bu "məhsul" "Sədərək" Ticarət Mərkəzində topdan satılır... Amma bizə necə gəlib çıxıb, bu bəxt məsələsidir. 

Məlum olur ki, ətriyyatın üzərindəki yazıları primitiv qaydada vuran dələduzlar iri çənə spirt və ətriyyat qoxusu verən kimyəvi rəngli maddəni doldurublar və başlayıblar ətir istehsal etməyə. DİN-nin Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin gözündən uzaq bu fəaliyyət zamanı ətrafda vızıldayan ağcaqanad həmin ətriyyat dolu çənə hücum edib... Amma o ələ keçirilərək ətriyyat qabına salınıb. Yəni, dələduzlar bu ağcaqanadı onların "işinə" mane olduğuna görə "həbs edib" cəzalandırıblar... Lakin biz hesab edirik ki, bu ədalətsizlikdir, ağcaqanadın nə günahı?! Dərə yiyəsiz, tülkü bəy!- olduğundan ağcaqanad da seyrangaha çıxıbmış, dələduzların əməlini yaxından görmək istəyib, nəticədə ölümə məhkum edilib.

 Onu da xüsusi vurğulayırıq ki, bu ağcaqanada heykəl qoyulmalı, adı əbədiləşdirilməlidir. Çünki o bu ölümü ilə dələduzların cinayət əməlinin üstünü açmaqda əsas  və bəlkə də yeganə rol oynamışdır... Ağcaqanad ölümə məhkum edilib ətriyyat qabına salınmasaydı, biz ətriyyat dələduzluğunun üstünü necə aça bilərdik?!

A.Məmmədli

P.S. Son sözü hüquq mühafizə orqanları deməlidir...