Eks prezident Mixeil Saakaşvilinin müalicə aldığı “Vivamedi” klinikası onun həbsxanaya qaytarılması ilə bağlı çağırışlara münasibət bildirib.

Tezadlar.az Gürcüstan KİV lərinə istinadla bildirir ki, xəstəxananın kliniki direktoru Zurab Çxaidze sabiq dövlət başçısının müalicəsini klinikada davam etdirməsi üçün bütün zəruri kriteriyalara uyğun gəldiyini deyib. O əlavə edib ki, Saakaşvilinin sağlamlıq durumunda müəyyən inkişaf olsa da ümumi vəziyyət onun klinikada qalaraq müalicəsini davam etdirməsini tələb edir. Qeyd edək ki, Gürcüstanın sabiq baş naziri Giorgi Qaxaria ölkə rəsmilərinə Saakaşvilini yeni ildən sonra xəstəxanaya qaytarmaq çağırışı edib. Onun çağırışına hakimiyyət yönümlü digər siyasətçilər də qoşulublar. Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə daha əvvəl bildirib ki, Saakaşvili xəstəxanada deyil, həbsxanada qalmağa layiqdir və onun heç bir xəstəliyi yoxdur. Xatırladaq ki, 2021-ci ilin sentyabrının sonunda qanunsuz yollarla Gürcüstana qayıtmış sabiq Prezident Mixeil Saakaşvili həmin il oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. Gürcüstan vətəndaşlığından məhrum edilmiş sabiq dövlət başçısına qarşı ölkə sərhədini qanunsuz keçmək də daxil olmaqla ümumilikdə 6 müxtəlif iş üzrə cinayət işi açılıb. İttihamları qəbul etməyən Saakaşvili özünün siyasi məhbus olduğunu bəyan edir.