Dünən iti döyərək öldürən şəxsin həbs olunması barədə yazmışdıq...

Gürcüstanın Marneuli bələdiyyəsinin Qaçağan kəndində iti döyərək öldürdüyünə görə həbs edilən şəxsin anası isə jurnalistlərin suallarını cavablandırıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, saxlanılan şəxsin anası deyib ki, hadisə iki ay əvvəl baş verib və videonu kimin çəkdiyini bilmirlər. Onun sözlərinə görə, oğlunun azyaşlı qıza cinsi təcavüz etməsi barədə yayılan məlumatlar isə tamamilə yalandır: "Bu it bütün toyuqlarımızı yedi, inəyi də dişlədi. Onu evdən çıxara bilmədik. Bu, iki ay əvvəl oldu. Oğlum çox əsəbi idi, ona görə də iti döydü. Bu videonu kimsə çəkib, indi də paylaşıblar. Oğlum dünən aldadılaraq dərəyə aparılıb və 5 nəfər tərəfindən amansızca döyülüb. Oğlumun dediyinə görə, onu öldürmək üçün bıçaq axtarıblar. Polis gələndə oğlum çarpayıda döyülmüş vəziyyətdə yatırdı. Oğlumu beşinci sinif şagirdinə təcavüz etməkdə ittiham etdilər. Bu yalandır. Uşağın nənəsi bizə gəlmişdi, mən dedim ki, oğlum belə etməz, anlaşılmazlıq olub. Düşünürəm ki, bu video döyülmə hadisəsini ört-bastır etmək üçün yayımlanıb”.

Hüquq müdafiəçisi Samirə Bayramova isə müsahibəsində bildirib ki, söhbət 13 yaşlı qızın cinsi təcavüzündən gedir. Onun məlumatına görə, saxlanılan şəxs neçə gün əvvəl cinsi təcəvüz məqsədi ilə qızı qaçırmağa cəhd edib, buna görə də uşağın qohumları onu döyüblər.

Polis isə araşdırma aparır.