Təəssüflər olsun, ölkə üzrə 2023-cü ildə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı yenə də davam edib, amma təsəlli budur ki, ötən illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub.

Tezadlar.az xatırladır ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsininin saytında məlumat verilir. Bildirilir ki, onlardan 941-i, başqa sözlə 57.5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb.

Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib. Bu statistikanın formalaşmasına sürücü səhlənkarlığı, yolun hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması və digər amillərlə yanaşı, bilavasitə piyadaların özlərinin yol hərəkəti qaydalarına etinasizlığı, həyat və sağlamlıqlarına biganə münasibəti az təsir göstərmir.