Yanvarın 5-də Masallı rayon Ərkivan qəsəbə kənd sakini 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə

qardaşı İlqar Cəbiyevin müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilmiş gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Qalib Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilmişdir. 

Baş Prokurorluqdan "TƏZADLAR"A bildirilib ki, araşdırmalarla Qalib Cəbiyevin yanvarın 3-də, gecə saatlarında aralarında yaranmış mübahisə zamanı qardaşı 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən Seyfulla Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilmişdir.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Seyfulla Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.