booked.netbooked.net booked.net  

...Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızın müqəddəs və ümdə vəzifəsidir ki, yaşadıqları ölkədə Vətənimizin adını uca tutsunlar, hüquqi və siyasi mədəniyyət nümunəsi göstərsinlər, sosial və siyasi fəallıqları ilə öndə olsunlar.

Bəli, təəssüflə deməliyik ki, Azərbaycanda hansısa cinayət əməlinə görə xaricə qaçan, orada özünü hüquqları pozulmuş kimi göstərərk sonradan hansısa əcnəbi siyasi təşkilatların təsirinə düşərək Azərbaycanımızın əleyhinə təbliğata könül verənlər var. Onlar daim ictimai qınağa məruz və məhkumdurlar....

 “Təzadlar”ın xüsusi müxbiri İlham Rəsulun nümunəvi addımı təqdirəlayiqdir...

 Sevindirici haldır ki, Azərbaycanı canı-qəlbi ilə sevən, harada yaşamasından asılı olmayaraq ölkəmizin mənafeyini üstün tutan, yaşadığı ölkədə siyasi və sosial fəallıq göstərən gənclərimiz-soydaşlarımız çoxluq təşkil edir. Onlar Azərbaycanın fəxridirlər. Belə soydaşlarımızdan biri “Təzadlar”ın xüsusi müxbiri İlham Rəsuldur.

İlham Rəsul İsveçrədə yaşayır. O, yazar olaraq bu ölkənin Azərbaycanla bağlı tərəfləri haqqında daim araşdırmalar aparır, həmçinin Azərbaycanın mədəni irsinin, iqtisadi və siyasi, hərbi nailiyyətləri haqqında yaşadığı şəhərdə təbliğatı ilə müntəzəm məşğul olur. Xüsusilə, İsveçrədə idman yarışlarında Azərbaycan nümayəndələrinin, komandalarımızın dəstəklənməsi üçün Avropada, o cümlədən İsveçrədə yaşayan soydaşlarımızı bu kampaniyaya cəlb edir. Artıq neçənci dəfədir ki, “Qarabağ” futbol komandamız İsveçrənin yerli komandaları ilə üz-üzə gəlir. İlham Rəsul bütün dostları, Azərbaycansevərlərlə komandamızın oyununu canlı izləməklə komandamızın dəstəklənməsini təşkil edir, maraqlı yazıları ilə “Təzadlar”ın oxucularını bilgiləndirir. Onun sonuncu məqaləsi bu mənada diqqətiçəkəndir. Sitat: “...Ötən il İsveçrədə baş tutan “Bazel” – “Qarabağ” oyununu  müxtəlif səbəblərdən stadiondan seyr edə bilməmişdim... Bu il isə “Sürix” – “Qarabağ” oyununu mütləq canlı –stadionda izləmək istəyirdim. Bu fikri Arauda yaşayan digər həmyerlilərimiz– ağdamlı (Şelli kəndi) Nurlana söyləyəndə dərhal şərik oldu. Beləliklə,  birlikdə doğma komandanı iyulun 27 - də Sürixdə keçırıləcək “Sürix” – “Qarabağ” matçında stadionda dəstəkləmək planını cızdıq. 

 

 Sürix İsveçrənin ən böyük şəhəridir. Bu, İsveçrənin yeganə şəhəridir ki, 1 milyondan çox əhalisi var və əgər ölkənin bütün əhalisinin  8.5 mılyon olduğunu nəzərə alsaq, Sürixin mahiyyətini bir az daha anlamış olarıq. Əhali sayının Azərbaycana yaxın olmasına baxmayaraq, ölkənin ərazisi Azərbaycan ərazisinin yarısına bərabərdir. 

  Yaşadığımız şəhərdən Sürixə qatarla 1 saatlıq yoldur, ancaq iki qatar dəyişməlisən. Sürixə rahat gedib - qayıtmaq üçün, günlük bilet aldıq. İsveçrədə "yarım bilet"  deyilən 1  illik bilet var. Sən o bileti aldığında, bütün  ölkə boyu 1 il  hara getsən, bilet pulunun yarısını ödəyirsən. İsveçrədə  qatar bileti  həm də avtobus  üçün keçərlidir.

  Nə isə, adambaşına 25 frank  (fr.=$)  verib günlük bilet aldıq. Dəyişərək mindiyimiz  iki qatar 1  saata bizi  Sürixə çatdırdı. Sürixə  oyundan 6 saat öncə gəlməyimizin iki səbəbi var idi. Birinci səbəb matça bilet almaq, ikinci isə, bu özünəməxsus şəhəri gəzmək idi.

 Vaxtımızın çoxluğundan və həm də günorta olduğundan Nurlanın yaxşı  tanışları olan türk restoranına getdik. Burada türk qardaşlar bizi çox səmimi qarşıladılar, yaxşıca qonaq etdilər, yediyimiz yeməklərin hesabını da almamaqla  bizi əməllicə "utandırdılar". Türk arkadaşlar, hətta oyuna bilet almaq üçün yardım etmək imkanlarının olduğunu da bildirdilər. Biz isə, hər şeyə – sayğıya, qayğıya görə təşəkkür edib, şəhəri gəzməyə çıxdıq. 

 Avropada türk qardaşlarımızdan gördüyümüz növbəti mehribanlıq isə, bizi duyğulandırdı. Sürix hündür binaları, göydələnləri olmayan tipik bir Avropa – İsveçrə şəhəridir.

 

  ...Axşam üstü saat 5-ə  qədər şəhəri dolaşıb, bilet almaq üçün yenidən oyunun keçiriləcəyi  "lestegrud"  stadionuna  qayıtdıq. Stadionun yaxınlığında oyunu izləmək üçün Isveçrənin fransız əyalətlərindən gəlmiş  azərbaycanlılarla qarşılaşdıq, bu həmvətənlimiz – ziyalı  Samir Sədəqətoğlunun qrupu idi. Oyuna bilet almaq üçün gözlədiyimiz 1 saat çox maraqlı keçdi. Avropanın müxtəlif ölkələrindən  "Qarabağı" dəstəkləmək üçün gəlmiş həmvətənlərimizlə görüşdük, tanış olduq, dərdləşdik.

Onların arasında qadınların, uşaqların olması da ayrıca maraqlı idi. Əlbəttə ki, türk  qardaş və bacılarımız da öz yerində: əllərində də qardaş ölkənin bayraqları. Təbii ki, oyunu izləməyə gələn  həmyerlilərimizin içində Almaniyadan gələn soydaşlarımız üstünlük təşkil edirdi. "Qarabağ"ı seyr etmək, dəstəkləmək üçün bura toplanmış soydaşlarımız müxtəlif yaşda, fərqli əqidədə olsalar da, onları bu gün qürbətdə bir  amal birləşdirirdi – vətən, millət  sevgisi.

 Kassadan matça bilet alarkən, stadion işçilərinin  bizə – qonaqlara olan münasibəti bizi bir az dilxor etsə də, əhval - ruhiyyəmiz yüksək idi. Bizim üçün  ayrılmış tribunada yerlərimizi titduq və 2 saatdan  (əlavə vaxtla birgə)  artıq davam edən gərgin, maraqlı oyunu izlədik. Sayımız yerli azarkeşlərin sayından dəfələrlə az olsa da, səsimiz, hayqırtımız, atəşfəşanlığımız heç də zəif deyildi və doğma komandanı yetərincə dəstəklədik. Bu dəstəkdə hər şey vardı: bayraqlar, nağaralar, "Qarabağın"  atributları, şüarlar, "can Qarabağ"  mahnısı... Gərgin keçən oyun, nəhayət  "Qarabağ"a  sərf edən  nəticə ilə bitdi: 2:2.

Qeyd edim ki, bu həm də mənim oyun öncəsi  verdiyim  proqnoz nəticə idi. Və budur, komandamız növbəti  mərhələdədir. Bu münasibətlə  xalqımızı təbrik edirəm. 

Möhtəşəm oyun, möhtəşəm dəstək və layiqli nəticə! Komandaya  inanırıq, "Qarabağ"  nöbəti  mərhələni keçməyə qadirdir. Hələ Sürixlə Bakıda  baş tutan  birinci oyundan sonra mən qeyd eləmişdim ki,  əgər "Qarabağ"  Polşa  çempionunu keçməyi bacardısa, İsveçrə çempionunu da keçə bilər. Indi isə, deyirəm ki,  Macarıstan  çempionatı  heç də İsveçrə və ya Polşa çempionatından səviyyəli, güclü deyil. Uğurlar Qarabağ!”

***

Bəli, Azərbaycanda doğulmuş və Azərbaycanlı kimi doğulmuş, qərib ölkələrdə Azərbaycanın adını ləyaqətlə yaşadan oğullarımıza-qızlarımıza eşq olsun! Onların xarici ölkələrdəki hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksək olması, sosial və siyasi fəallığı qürurvericidir!

Asif Mərzili

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.3.).

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN