Azərbaycançılıq bir xalqın ideologiyası deyil, müasir dövlətin ideologiyasıdır. Bu gün milliyyətindən, dinindən, siyasi dünyagörünüşündən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir kəs azərbaycançılığın formalaşmasında iştirak edir, onun yaşamasına öz dəstəyini verir. Əslində azərbaycançılıq Azərbaycan dövlətinin tarixi, mədəniyyəti ilə bugünkü müasir təfəkkürün, inkişaf ideyalarının birləşməsi deməkdir.

Ümumilli lider Heydər Əliyev çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təqdim və təbliğ etməliyik.

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən ümummilli lider Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu.

O, ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək qeyd etmişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, eyni zamanda onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Məhz bu səbəbdən də, demək olar ki, Azərbaycan hakimiyyəti son onilliklərdə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən missiyanı yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə, digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.

Mövzu ilə bağlı “Təzadlar” qəzetinin bazasında yaradılmış «TEZADLAR TV»yə müsahibə verən Böyük Türk Qurultayının Çağrılması üzrə Təşkilat Komitəsinin sədri, tanınmış ziyalı, hüquqşünas  İbrahim Xəlil Balayoğulları deyib ki, yüz ildən artıqdır türk ulus və elləri üzərində bütün türklərin birləşməsi, min ildən artıqdır yaşadığımız və getdikcə dərinləşməkdə olan süni bölünmə və parçalanmanın aradan qaldırılması ideyası gəzir: “Türklərin bir bütün olaraq birləşməsi kəskin zərurətə, ucadan səsləndirilən sosial tələbə çevrilmiş, gözəl xalqımızın bütün təbəqələrinin təkidli tələbinə dönüb. Məqsədimiz türk dünyasını mənəvi və mədəni baxımdan bir araya gətirmək,  onlar arasında əlaqələri daha da genişləndirməkdir”.

Böyük Türk Qurultayının Çağrılması üzrə Təşkilat Komitəsinin yaradılması zərurətinin hansı səbəbdən əmələ gəldiyi barədə məlumat verən siyasi analitik, hüquqşünas İbrahim Xəlil Balayoğulları bildirib ki, türk xalqları Balkanlardan tutmuş Uzaq Şərqə kimi uzanan böyük bir ərazidə, o cümlədən Əfqanıstan, İran, Monqolustan, Çın və digər ölkə ərazilərində məskunlaşıblar. Onların əsrlərlə müxtəlif səbəblərdən bir-birilərindən uzaq düşməsi aralarında mənəvi, mədəni sahədə müəyyən fərqliliklərin yaranmasına gətirib çıxarıb. Ona görə də türk xalqları arasında tarixdən gələn milli, mədəni, mənəvi, ortaq dil, ortaq tarix, ortaq əlifba yaradılması və bu əsasda əlaqələrin bərpa edilməsi olduqca vacib məsələlərdəndir. Təbii ki, bütün bunlar olmasa türk xalqları arasında milli, mədəni və mənəvi birliyə nail olmaq mümkün deyil. Məhz bunu nəzərə alaraq Böyük Türk Qurultayının Çağrılması üzrə Təşkilat Komitəsinin yaradılması qərarına gəldik. Məqsədimiz dünyanın müxtəlif bölgələrindəki türk xalqları arasında milli, mənəvi birliyin təbliğ edilməsi və bununla bağlı bölgədəki türk dünyasının liderləri ilə çoxsaylı görüşlər keçirmək və son da türk xalqlarının qurultayını keçirməkdir. Bizim məqsədimiz türk dünyasının milli, mədəni, mənəvı birliyinə nail olmaqdır. Bunun üçün də müvafiq tədbirlər həyata keçirilir və sonda da bu istəyimizə nail olacağımıza əminəm. Bununla bağlı 2016-cı ildə dünya türklərinə qurultay çağrılması ilə müraciət etdik. Məqsədimiz qurultay xatirinə qurultay çağırmaq deyil, türk dünyasının həqiqi mənada mənəvi, mədəni baxımdan bir araya gəlməsini təmin etməkdir. Öncədən qeyd etmək istəyirəm ki, qurultay heç bir siyasi məqsədlər güdmür, heç bir siyasi mənfəətə iddia etmir, hər hansı bir dövlətin daxili işlərinə müdaxiləni qətiyyən mümkünsüz sayır, hər hansı bir xalqın və ya dinin əleyhinə yönəlməmişdir. Tək məqsədimiz bütün dünya türkləri arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, böyük türk evimizin içində illərlə, əsrlərlə qalaqlanmış  problemlərin həll olunması, dünya türklərinin birləşməsidir, burada söhbət dövlətlərarası, siyasi birlikdən deyil, xalq səviyyəsində birlikdən gedir. Qurultay beynəlxalq hüququn bütün əsas prinsip və normalarını tanıyır, hər bir dövlətin daxili qanunvericiliyinə hörmət və riayət edir. Dövlətlərimizi mümkün siyasi əngəllərdən qorumaq məqsədilə, Qurultayı müstəsna olaraq ictimai təşkilatların, özəl strukturların qüvvəsiylə çağırmağı zəruri hesab edirəm”.

İbrahim Xəlil Balayoğullarının sözlərinə görə, bütün dünya türkləri qarşısında bütövlükdə və hər bir türk eli qarşısında ayrılıqda təcili həllini tələb edən çağrılar və problemlər var, əks təqdirdə bir xalq kimi yer üzünüdən silinib getmə təhlükəsiylə üz-üzəyik və belə gedəcək olsa, haqqımızda yalnız keçmiş zamanda danışılacaq: “Bu problemlərin heç birini ayrı-ayrılıqda həll etmək mümkün deyil. Lakin hələ XIX yüzilliyin sonunda irəli sürülmüş birləşmə ideyası indiyədək heç cür həyata keçirlimir. İstəklərimizlə gerçəklik arasındakı belə bir durumun obyektiv və subyektiv səbəblərinə detallı şəkildə baxmaq istəmirəm, bu çox yer tutacaq və uzun mübahisələr doğuracaq. Birləşmə məqsədli konstruktiv təkliflərin irəli sürülməsi üçün belə səbəblərdən üzdə olan ikisini qeyd etmək yetərlidir. Birləşmə təklif edərkən hər bir türk elinin fərqli maraqlarını və xüsusiyyətlərini nəzərə almadan, konkret kiminsə bayrağı altında birləşməyi nəzərdə tuturdular. Bizlərə böyük qardaşlar lazım deyil, biz, sayımızdan, gücümüzdən, imkanlarımızdan asılı olmayaraq eyni hüquqlu əkiz qardaşlarıq.

Daxili inkişaf məntiqi qaçınılmaz olaraq birləşməyə gətirib çıxardacaq mexanizm təklif olunmur, bu sahədə praktik işlər görülmürdü. Bu iş zəruri qərarlar qəbul etməyən, qəbul etdiyi qərarların isə həyyata keçirliməsinə nail olmağa çalışmayan toplantıların, konfransların, qurultayların keçirilməsiylə məhdudlaşırdı.

Yuxarıda qeyd olunan məqamlardan yola çıxacaq olsaq, böyük İsmayıl Qaspralının «Dildə, fikirdə və işdə birlik» sözlərini əsas götürməyi uyğun bilirəm. Bu sözlər sadəcə şüar kimi deyil, öz açılışını tələb edən birləşmə formulu, fəaliyyət planı kimi qəbul edilməlidir.

Bizim məqsədimiz türk xalqlarının milli, mədəni, mənəvi yaxınlığına nail olmaq, onlar arasında bu sahədə əlaqələri daha da genişləndirməkdir. Biz qarşımıza siyasi məqsədlər deyil, türk xalqları arasında mədəni, mənəvi əlaqələrin bərpa edilməsini qoymuşuq. Biz istəyirik ki, türklər yaşadıqları ölkələrin ictimai, mədəni həyatında daha yaxından iştirak etsinlər, öz milli mədəniyyətlərini, dillərini, tarixi ənənələriniu, milli varlıqlarını qoruyub saxlamaqla həmin dövlətlərin inkişafına öz töhfələrini versinlər. Buna paralel olaraq onlar özlərini türk dünyasının bir parçası kimi hiss etsinlər, digər türk toplumları ilə də mədəni, mənəvi əlaqələri davam etdirsinlər. Əslində bizim belə bir fəaliyyətimiz türk xalqlarının tərkibində yaşadıqları dövlətlərin də maraqlarına cavab verir”.

Türk xalqları arasında mühüm olan ortaq dil, ortaq tarix, ortaq mədəni əlaqələrin bərpası məsələlərinin həllinə toxunan  İ.X.Balayoğulları qeyd edib ki, türk xalqlarının ortaq dil məsələsi son yüzillikdə dəfələrlə gündəmə gətirilib: “Çünki dilin varsa, sən də varsan. Amma qismətimiz elə gətirib ki, müəyyən səbəblərdən türk xalqları əsrlər boyu biri-birlərindən ayrı düşüb. Bu da öz növbəsində türk xalqlarının dilinə, daha dəqiq desək, ləhcələrinə müxtəlif dillərdən çoxlu sayda sözlərin keçməsinə gətirib çıxarıb. Təbii ki, bütün bunlar da ortaq dil məsələsində daha ciddi işlər görülməsini, bu məsələyə bütün türk xaqlarının - ləhcələrinin əsasında ortaq dil yaradılmasını zərurətə çevirib. Bunun üçün biz Öztürkcə lüğətinin hazırlanmasını qərara aldıq. Öztürkcə sözlüyündə bütün türk ləhcələrindən, məhəlli dillərində olan sözlər toplanacaq. Onu da deyim ki, ilk olaraq məşhur yazıçı Çüngiz Aytmatov təklif etdi ki, oğuz türkcəsini ortaq dil kimi götürək və oradakı ərəb-fars sözlərini çıxararaq qıpçak dillərindəki sözləri əlavə edək. Bununla da ortaq dil problemı həll olunsun. Oljas Süleymenov isə təklif etdi ki, ortaq dil üçün Oğuz-Karluk qrupunu götürək. Oğuz türkcəsində sözlərin 50 faizi ərəb-fars mənşəlidir. Ərəb-fars sözləri təmizləndikdən sonra isə sonra qalan sözlər qıpçak dillərindəki ilə eynidir. Təbii ki, burada digər amillər də var. Belə ki, hazırda dünyada 50 türk ulusu var və onlar saylarından, ərazilərindən asılı olmayaraq hamısı bərabərdir. Yəni ortaq dil məsələsində saylarının azlığından və ya çoxluğundan asılı olmayaraq hamı bərabərdir. Ona görə də Öztürkcə sözlüyü hazırlayarkən hər bir ulusdan bir nəfər filoloqu dəvət edəcəyik, onlara müvafiq yer ayrılacaq, maaşla təmin ediləcək və qarşılarına bir şərt qoyulacaq: Müəyyən müddət ərzində dili alınma sözlərdən təmizləyərək yeni sözlüyü ortaya qoymaq. Bu məsələ beləliklə həllini tapmış olacaq. Bununla da əlimizdə Öztürkcə sözlüyü olacaq. Bu lüğət əsasında uşaqlar üçün cizgi filmləri hazırlanacaq və ya məşhur mahnıların sözləri bu lüğətdəki sözlər əsasında ifa ediləcək. Bununla da ortaq dilə keçid baş verəcək. Onu da deyim ki, vaxtilə yəhudilər belə bir təcrübədən istifadə ediblər. Onlar qədim ivrit dilində deyil, idişdə danışırdılar. İsril alimləri yığışdılar və ivrit dilinin əsasında öz dillərini bərpa etdilər. Biz bu təcrübədən istifadə edərək biri-birini anlayan yeni nəsil ortaya çıxaracağıq. Amma bu ilkin məsələdir və ortada hər bir millətin idenfikasiyasını özündə əks etdirən dünyanı, özünü idarəetməsi məsələsi var. Biz bu məsələdə İsmayıl Qaspıralınin dildə, sözdə və işdə birlik ideyasını əsas götürərək onu açdıq. Məsələn, ermənilərin idenfikasiyasından danışarkən qeyd edək ki, onlar Efiopiya yazısını tərsinə çevirərək öz əlifbaları etdilər və bununla da öz varlıqlarını qoruyub saxladılar. Eyni sözləri digər millətlər haqqında da demək olar. Məsələn, Çin əlifbasında 3 mindən artıq heroqlif var. Və çinlilər onların hər birinə kosmik kod kimi baxırlar. Biz də belə hesab etdik ki, türklərin öz qədim əlifbasına qayıtmasına ehtiyacı var. Bu məsələdə hörmətli dilçi alimimiz, təşkilatımızın ağsaqqallar şurasının üzvü Firudin Cəlilovla məsləhətləşdik. O masanın üzərinə runik, finikiya, etrusk və latın əlifbalarını düzdü. Bunlardan biri olmayanda bu əlifbaların qohumluq əlaqələrini görmək mümkün olmur. O vaxt daş üzərində yazılar həndəsi fiqur üzrə həkk edildiyindən hərflər də buna uyğun olurdu. Daşdan dəri üzərinə keçid baş verəndən sonra runik əlifbası da buna uyğun formasını aldı. Runik əlifbası finikiya və etrusk əlifbaları üçün əsas rolunu oynadı. Beləliklə, sonrakı dövrlərdə türk-etrusk əlifbası əsasında latın əlifbası yaradıldığı ortadadır. Latın əlifbasında müasir Azərbaycan dilində olmayan səslər var. Onları runik əlifbadakı hərflərlə əvəz edəndə öz əlifbamız alınır.Yəni biz bu gün latın əlifbası bizimdir deyə onu özümüzünküləşdirə bilmərik. Amma ona runik əlifbamızdakı hərfləri əlavə edəndə özümüzünküləşdirmiş oluruq.

Daha bir məsələ ortaq tarixlə bağlıdır. Ortaq tarix də olduqca vacibdir. Bizim bu günə kimi öyrəndiyimiz tarix məhəlli tarixdir. Bizm ortaq tarixi dəyərlərimiz, Mahmud Qaşqarlımız, Yusif Balasaqunlumuz, Əl-Fərabimiz, Xakas kurqanlarımız, Qobustan qayalarımız, Göbəkli təpəmiz və digərləri var. Ortaq tariximiz də yuxarıda artıq bəhs etdiyim ortaq dil təcrübəmiz əsasında yaradılacaq və bunu təkrarlamağa ehtiyac görmürəm”.

İ.X.Balayoğulları fikrincə, digər bir önəmli məsələ türkün dünyaya baxış fəlsəfəsidir: “Türkün tarix boyu özünəxas olan fəlsəfi dünya görüşü olub. Bu əsasda da biz türkün Altun kitabının yaradılmasını təklif edirik. Türkün fəlsəfəsi dünyada haqq-ədaləti bərpa etməkdir, türk işğalçı olmayıb heç vaxt. Dünyada ədaləti bərpa etmək üçün ona türkün pəncərəsindən baxmaq lazımdır. Yaponlarda samuray şərəfi məsələsi var, bu, yaponların xarakterini göstərir. Türkün isə tarix boyu formalaşan adət-ənənələri var və onların hamısında bəşəri fəlsəfi ideyalar, bəşəri sevgi var. Bunun əsasında da türkün Altun kitabı yaradılacaq və türkün fəlsəfi dünyagörüşünü özündə əks etdirərək onun mənəvi, mədəni böyüklüyünü bir daha ortaya qoymuş olacaq. Bütün bu məsələlər həllini tapandan sonra qurultay keçiriləcək. Qurultayda da türk ulusları bərabər nümayəndələr əsasında iştirak edəcək və ora bütün türk uluslarından nümayəndələr dəvət ediləcək. Qurultay Oğuz xaqanın dəfn olunduğu Xan Tanrı dağlarının ətəyində, indiki Qazaxıstanla Qırğızıstanın sərhədində keçiriləcək. Qurultayda BMT tımsalında Birləşmiş Türk Təşkilatı yaradılacaq. Bundan sonra bütün türklər biri-birinə doğru gedəcək, biri-birinə qucaq açacaq və türk ədaləti əsasında bütün məsələlər həll ediləcək. Bütün bunlar, əlbəttə, vaxt aparacaq, ancaq nəzərdə tutulanların hamısı həyata keçiriləcək”.

Müsahibəsində bir sıra mövzulara toxunan İ.X.Balayoğulları 44 günlük Vətən müharibəsi və şanlı qələbəmizlə də bağlı fikirlərini bölüşərək qeyd edib ki, dünyada geniş əks-səda doğuran İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Onun fikrincə, bu Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu. 44 günlük savaşın həm  də Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə düşdüyünü vurğulayıb. 

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində əldə etdiyi mühüm nailiyyətlərə münasibət bildirən İ.X.Balayoğulları respublikamızın özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirməsinə, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrildiyini bildirib. Onun fikrincə, əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır. İ.X.Balayoğulları bir daha vurğulayıb ki, Azərbaycanın hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi doğurur.

E.ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.9)