Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(010)1136/2022 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsinə dair apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın sədrlik etdiyi açıq məhkəmə iclasına "Təzadlar" qəzeti və eyniadlı saytın, həmçinin TEZADLAR TV-nin əməkdaşı buraxılmayıb. Məhkəmənin mühafizə polisi bildirib ki, prosesə sədrlik edən hakim Şərafət Məmmədova qəzetin və TV-nin adını eşidən kimi jurnalistin zala buraxılmaması ilə bağlı göstəriş verib.

Xatırladaq ki, prosesin qapalı keçirilməsi barədə heç bir qərar qəbul olunmayıb. Açıq məhkəmə prosesinə jurnalistin buraxılmaması ilə bağlı isə hər hansı izah verilməyib.

Məlumata görə, sözügedən qətnamədən apellyasiya şikayəti verən Misirxanova Nazimət Yaşar qızının nümayəndəsi və vəkili Ceyhun Bayramovun hakim Şərafət Məmmədovanın jurnalistin prosesə buraxılmaması ilə bağlı göstərişinə etirazını bildirməsi səbəbindən proses qeyri-müəyyən günədək təxirə salınıb.

E.ŞİRİNOV