Dünən Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun anadan olmasının 40-cı ildönümünə həsr edilmiş “Ölməz kəşfiyyatçı” adlı anım tədbiri keçirildi və müəllifi Avropa Mətbuat Federasiyasının üzvü, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili olan "Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov" kitabının təqdimatı oldu...

Anım tədbirində və kitabın təqdimatında qəhrəmanın ailə üzvləri, millət vəkilləri, Təlim-Tədris Mərkəzinin zabit-kursantları və rəhbər heyəti, həmçinin ölkənin tanınmış ziyalıları, ictimaiyyət nümayəndələri, yazıçılar, şəhid ailələri, qazilər, və KİV nümayəndələri iştirak edirdi. 
 “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində  görülən işlər barədə ətraflı məlumat verdi. Millət vəkilləri Ceyhun Məmmədov, Bəhruz Məhərrəmov qəhrəman ordumuzun şücaətindən bəhs etdilər. Qəhrəman polkovnik-leytenantın xatirəsinə həsr olunmuş "Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov" kitabının müəllifi, yazıçı-jurnalist  Asif Mərzili, eləcə də jurnalist Elçin Məmmədli və başqaları çıxış edərək bildirdilər ki, kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan bəhs edir. "Şeyx Şamil deyirdi: aqibətini düşünən əsgərdən igid çıxmaz!" Orxan Əkbərov aqibətini düşünmədi və düşmən üzərinı şığıdı, şəhid oldu, qəhrəman oldu!" deyən kitabın müəllifi Asif Mərzili şəhid qəhrəmanın ailə üzvlərinə, döyüş yoldaşlarına təşəkkürünü bildirdi ki, Orxan Əkbərovun xatirəsi unudulmur, adı əbədiləşdirilir...

Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş zabitlər- polkovnik Toğrul Şamxalov, polkovnik Telman Hüseynov şəhid qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, döyüş xatirələrindən, qələbənin əldə edilməsində böyük rolundan danışdılar. Tədbirdə xalq artisti Samir Cəfərovun ifasında qəhrəmanlıq musiqiləri səsləndirilib, bədii rəhbəri  Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın  olduğu şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” xorunun ifasında vətənpərvərlik mahnıları ifa olundu, sənədli filmlər nümayiş edildi. Tədbirin sonunda "Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov" kitabının müəllifi Asif Mərzili kitaba imza edərək iştirakçılara hədiyyə etdi.

Xatırladırıq ki, Avropa Mətbuat Federasiyasının üzvü, «Təzadlar» qəzetinin və “Tezadlar TV”nin təsisçisi və baş redaktoru, Türkiyənin «Anadoluyakasihaber.com» saytının köşə yazarı olan Asif Mərzilinin ərsəyə gətirdiyi kitab 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatında iştirak edərək son nəfəsinədək döyüşüb  qəhrəmancasına həlak olan, İkinci Qarabağ müharibəsində qanı ilə tarix yazan oğullarımızdan biri- şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlunun döyüş yolundan bəhs edir. Belə ki, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak edən, 2020-ci ilin sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərən Orxan Əkbərov düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv etmişdir.  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Orxan Nadir oğlu Əkbərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” Fəxri adı verilmişdir.  Eyni zamanda Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüş əməliyyatlarındakı igidlik və şücaət nümayiş etdirdiyinə görə, Orxan Əkbərov Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Orxan Nadir oğlu Əkbərovun adı verilmişdir. Kitabda şəhid qəhrəman Orxan Əkbərovun döyüş yoldaşlarının, komandir və əsgərlərinin, eləcə də dostlarının, ailə üzvlərinin, ona orta məktəbdə dərs demiş müəllimlərinin və s. xatirələri toplanmışdır.

E.Məmmədli