booked.netbooked.net booked.net  

Rayon rəhbərliyinin əsas diqqəti rayonun sosial iqtisadi inkişafının dinamikasına nail olmaqla,  əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etməkdir…

…Şamaxıya bu dəfəki səfərimiz rayonun sosial-iqtisadi vəziyyətinin əvvəlki illərlə müqayisədə necə dəyişdiyini real olaraq görmək idi.

Bəli, son illər rayonda böyük tikinti və quruculuq işləri görülüb. Rayon ərazisinə daxil olarkən Şamaxı Diaqnostika Mərkəzində rayon sakinlərinin bir neçəsi ilə söhbətimiz bir daha yuxarıda qeyd edilən qənaəti təsdiqləyirdi. Onlar söylədilər ki, Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən ildə respublika və rayon miqyasında əldə olunan uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri və qarşıda duran vəzifələr barədə daim səyyar görüşlərində əhalini məlumatlandırır.

 Təsadüfən isə söhbətimiz zamanı bizə yaxınlaşan Nail Mürsəlov adlı gənc bir maraqlı faktı söylədi. Məlum oldu ki, ADA Universiteti və "Regional İnkişaf" İctimai Birliyi arasında mövcud əməkdaşlıq əsasında Şamaxı rayonundan olan bir qrup gəncin ADA Universitetinə tanışlıq səfəri və Almaniya Federativ Respublikasının ölkəmizdəkı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemanın mühazirəsində iştirakı təşkil edilib. O da həmin görüşdə iştirak edib. Səfər çərçivəsində gənclər ADA Universitetinin kampusunu gəzərək, tədrisin təşkili ilə yaxından tanış olublar. Sonra səfir Ralf Horlemanın cari iqtisadi və geosiyasi məsələlərlə bağlı fikirlərini dinləyiblər, Almaniya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr barədə maraqlı fikirlərə malik olublar.

 

 Yeri gəlmişkən, bu yaxınlarda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə regionlarda fəaliyyət göstərən sahibkarlar arasında istehlakçı hüquqlarının müdafiəsi sahəsində görüş keçirilib. Bu dəfə isə belə bir görüş Şamaxı şəhərində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil olunub. Görüşdə quruma ünvanlanan istehlakçı müraciətləri təhlil edilib. Bunun ardınca isə Şamaxı rayonunun 2 kəndinin - Zarat Xeybəri və Ərçiman kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub. Rayonun Zarat Xeybəri kəndi dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 kilometr kənarda, çətin relyefli ərazidə yerləşir. Kəndin enerji təsərrüfatı 70 ildən çoxdur istismarda imiş. Yenidənqurma işləri nəticəsində Zarat Xeybəri kəndində 2 komplekt transformator məntəqəsi quraşdırılıb. 5 kilometrə yaxın 10 kilovoltluq, 6 kilometrə yaxın 0,4 kilovoltluq elektrik xəti tam yenilənib. Həmçinin Ərçiman kəndində də 10 və 0,4 kilovoltluq elektrik xətləri ləğv edilərək 20 kilometrdən artıq yeni kabel xətti çəkilib. Kənddə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb.

Şamaxı iqtisadiyyatı rəqəmlərdə…

Rayon İcra Hakimiyyətinin və Dövlət Statistika Komitəsinin saytından götürdüyümüz rəqəmlərdən onu da öyrəndik ki, 2021-ci ildə Şamaxıda əvvəlki illə müqayisədə ümumi daxili məhsulun həcmi 26,5 faiz artaraq 400 milyon manata yaxın olub. Rayon üzrə artımda ən yüksək faiz tikinti-quraşdırma işlərində nəzərə çarpır. İqtisadiyyatın bütün göstəriciləri üzrə artımla yadda qalmış 2021-ci ildə rayonda üzümçülüyün inkişaf etdirilməsinə də xüsusi diqqət yetirilib. Təkcə 2019-cu ildə üzümlüklərin sahəsi artaraq 1809,3 hektara çatıb, məhsuldarlıq il ərzində 4405 ton artıb. Və Şamaxıda yeni tingçilik təsərrüfatı yaradılıb, üzümçülüyün inkişafına təkan verəcək, həmçinin turist axınına səbəb olacaq yeni layihələr icra olunub. Diqqəti çəkən həm də odur ki, Azərbaycanda Birinci Üzüm və Şərab festivalı məhz Şamaxıda keçirilib.

 Bundan başqa, Şamaxıda iqtisadiyyatla bərabər rayon sakinlərinin sosial həyatında da böyük dəyişikliklər olub. «Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində təkcə son iki ildə dövlət tərəfindən 4 çoxmənzilli bina, 182 fərdi yaşayış evi tikilib, 1100-dən çox ev bərpa, 1300-dən çox ev təmir edilib və bu işlər hazırda da davam edir», -deyə Şamaxı RİH-nin rəsmi saytında qeyd olunur.

 Bildiyimiz kimi, rayonda “ASAN xidmət” mərkəzi istifadəyə verilib, 8 orta məktəb, 3 uşaq bağçası, 7 tibb məntəqəsi tikilib. Hazırda 3 məktəbin tikintisi başa çatdırılıb, bir məktəbin tikintisi yekunlaşmaqdadır. Böyük bir heyvandarlıq kompleksinin tikintisi isə davam etməkdədir.  

 Rayonda 44 günlük Vətən Müharibəsində şəhid olan ailələrə və qəhrəmanlıq göstərmiş qazilərə xüsusi diqqət göstərilir. Bu yaxınlarda isə  rayonun Dəmirçi kəndində 44 günlük Vətən müharibəsində şəhid olmuş Rəcəb Quliyevin anım günü keçirilib Həmin gün şəhidlərimizin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhməd Mustafayev, şəhid ailələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

 Bəli, Şamaxıda təkcə rəqəmlərdə-statistikada deyil, həm də real həyatda-rayonun çoxsahəli iqtisadiyyatında, insanların sosial həyatındakı müsbət dəyişikliklərdəki davamlı inkişafının şahidiyik. Bu isə o deməkdir ki, bu dəyişikliklər və inkişaf dinamikdir, yeni iqtisadi nailiyyətlərin stimuludur…

Elbar Şirinov

Bakı-Şamaxı-Bakı

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst.6.3.11)

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN