booked.netbooked.net booked.net  

İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq işləri birmənalı olaraq hər bir azərbaycanlını sevindirir. 44 günlük Vətən müharibəsindən sonra qalib ölkə kimi Azərbaycanın qarşısında duran prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq və insanların oraya qaytarılmasıdır. Artıq iki ildən çoxdur ki, dövlət öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilən ərazilərimizdə möhtəşəm layihələr reallaşdırır. Burada məqsəd Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında xüsusi mərhələyə qədəm qoymaq deməkdir.

Elə bu məqsədlə də Prezident İlham Əliyev ötən il noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Prezidentin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nı təsdiq edib.

Sərəncamda göstərilir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Qarabağa Böyük Qayıdış Azərbaycan xalqının 30 ildir həsrətlə gözlədiyi arzusunun reallığa çevrilməsidir. Bu gün görünən odur ki, Böyük Qayıdışın reallıqları ölkə ictimaiyyətində, xüsusən də dədə-baba torpaqlarımıza qayıdışı həsrətlə gözləyən həmvətənlərimizdə qürur doğurur.

Böyük Qayıdışı həsrətlə gözləyən insanlarımızdan biri də  ki, Ağdamda doğulub böyüyən Amil Ağalardır.

...Onunla ilk tanışlığımız 1996-cı ildən çalışdığım "Təzadlar" qəzetinin redaksiyasında oldu. Redaksiyamıza məqaləsini gətirmişdi. Sonralar isə o, redaksiyamıza tez-tez gələrək yazılarını təqdim edirdi. Müxtəlif mövzularda yazdığı məqalələr oxucuları tərəfindən maraqla qarşılanırdı. Özünün dediyinə görə, qəzetimizdə 70-dən çox məqaləsi dərc olunub...

Növbəti görüşümüz isə bu günlərdə oldu. Redaksiyada kompüterin qarşısında oturub, ölkədə və dünyada baş verən yenilikləri nəzərdən keçirirdim. Otağın qapısı döyüldü. Mən: - Buyurun! - deyib, diqqətimi kompüterdən ayıraraq qapıya yönəltdim. O idi.

- Amil müəllim, xoş gəlmisiniz, buyurun – deyərək onu içəri dəvət etdim.

O, içəri daxil olanda sanki halsız idi. Sağ əlini dizinə aparıb güclə eşidiləcək zəif səslə: – Liftiniz işləmir, 8 mərtəbəni pilləkənlə qalxdım. Lap əldən düşdüm, dizlərim zoqquldayır. - deyə bildi.

– Bəli, binanın lifti bir neçə gündür təmirə dayanıb... Nə yaxşı gəlmisiniz, nə vaxtdır görünmürsünüz. Səhhətiniz necədir? Əyləşin, nəfəsinizi dərin - stulu göstərdim. O. stulu çəkib əyləşdi.

Düşüncəli, nigaran simasında bir narahatlıq vardı.  Bir qədər dərindən nəfəs aldıqdan sonra əlindəki A 4 formatda olan vərəqələri stolun üstünə qoyaraq: - Yenə ürəyimi boşaltmışam, amma bu yazım əvvəlkilərdən fərqlidir – dedi. Sonra da kövrəldi: - Ramiz Məmmədzadəni də itirdik. Allah rəhmət eləsin! Daha yaşıdım olan dostlarım yanımda yoxdur. Tək qalmışam. Bunun necə ağır olduğunu heç bilirsiniz? Yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Mənim üçün çox ağırdır. Xeyir-şər məclislərində, tədbirlərdə bir yerdə olurduq, dərdləşirdik, torpaqlarımızın erməni işğalından azad olunacağına inanaraq, doğma yurd yerlərimizə, ev-eşiyimizə qayıtmaq ümidi ilə yaşamağa bir-birimizi həvəsləndirirdik. Görün kimləri itirmişəm: Seyid Kamran, Kamil Hüseynov, Əsaməddin Hüseynov, Ramiz Məmmədzadə, Baba Bağırov, Aftandil Bayramov, İlqar Bayramov, Fuad Məmmədov, Elxan Bayramov... Allah hamısına rəhmət eləsin!.. İndi isə tək qalmışam. Gözlərim hər yerdə onları axtarır... Bilsəniz onlar üçün necə darıxıram. Həmişə bir-birimizə dəstək olurduq, dərdimizi, sözümüzü bölüşürdük. İndi isə onlar yoxdur. Bu, çox ağır dərddir...

Amil müəllim yenidən dərin fikrə daldı. Kövrəldi. Dərindən ah çəkdi. Asta, həzin səslə "Heyif Ağdamlı, Şuşalı, Qarabağlı günlərimizə. O günlər çox dəyərli, əvəzsiz imiş", - dedi və susdu... Xəyalı onu çox uzaqlara, neçə onilliklər əvvələ apardı...

- 1960-cı ildə Çingiz İldırım adına Politexnik İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə qəbul olub, 1965-ci ildə ali təhsilimi başa vurdum. Bilirsiniz ki, o vaxtlar ali məktəbi bitirənlərə iş yeri üçün təyinat verilirdi. Mənim də taleyimə İndiki Texnikanın Tikintidə Tətbiqi Tresti qismət oldu. Trestdə tikinti üzrə mühəndis vəzifəsinə təyin edildim. Bir gün sənaye tikinti naziri Məmmədəli Abbasov qaydası üzrə testə gələrək tikdiyimiz oteldə işlərin gedişi  ilə maraqlandı. Sonra nazir məndən burada nə vaxtdan işlədiyimi soruşdu. Cavab verdim ki, iki ildir burada çalışıram. Dedi ki, sabah saat 9:00-da yanımda olarsan. Sonradan öyrəndim ki, işimdən razı qaldığına görə mənim istehsalatda işləməyimi istəyib. Ona görə də mənim Sumqayıt şəhərində DSK-3-də 103 nömrəli tikinti idarəsində baş mühəndis vəzifəsinə təyin olunmağım barədə əmr verildi. Nazirin bir sözü yaxşı yadımdadır ki, dedi, ayıq-sayıq ol, sənə saxta sənədlərə imza etdirməsinlər. Sumqayıt şəhərində 8-ci mikrorayonda quraşdırma evlər tikməyə başladıq. 8-ci mikrorayonda onlarla 5 mərtəbəli evlər tikdik. Sonra məni Abşeron rayonunda yüksək mərtəbəli panel evlərin tikintisinə göndərdilər. İşlərin qızğın vaxtında məni nazirliyə çağırdılar. Nazir Məmmədəli Abbasov məni qəbul etdi. Məndən soruşdu ki, ağdamlısan? Cavab verdim ki, bəli. Dedi ki, orada dəzgah tərtibatı zavodu tikirik, kimi göndəririk, işləyə bilmir, səni oraya təyin etmək istəyirəm, get, tikintiyə rəhbərlik elə. Düzü, çətin vəziyyətdə qaldım. Bir qədər fikirləşdikdən sonra dedim, baş üstə! 1969-cu ilin yay ayları idi. Ağdam şəhərindəki 33 nömrəli tikinti idarəsində baş mühəndis vəzifəsində çalışırdım. Zavodun tikintisinin maliyyə işində direktor Məmməd Niftəliyev bəzi saxtakarlıqlara yol verirdi. Mən də bir baş mühəndis kimi həmin saxtakarlıqların qarşısını almağa çalışırdım. İdarə rəisi Təyyar Novruzov sifarişçi ilə, nədənsə, düz dolanmırdılar. O vaxt Ağdam rayonunun birinci katibi Həsən Əliyev mənim 33 nömrəli tikinti idarəsinin rəisi vəzifəsinə təyin olunmağım barədə məktub tərtib etdi. Bakı şəhərində 4 nömrəsi trestdə idarənin nömrəsini dəyişməklə 4 nömrəli tikinti idarəsinə rəis, daha sonra isə Sənaye Tikinti Nazirliyində şöbə rəisi vəzifəsinə təyin edildim. İlk başladığım iş Dəzgah Tərtibatı Zavodu oldu. Zavodun smeta dəyəri o zamankı qiymətlə 1,2 milyon manat idi. Xidməti qulluq üzrə 3 mərtəbəli bina, 530 nəfərlik yeməkxana, anbarlar və s. obyektlərin tikintisinə başlanılmışdı. Zavodun əsas hissəsi 144 metr x 144 metr məsafədə dəmir-beton konstruksiyadan ibarət idi. Hələ binanın özül hissəsinə yeni başlanmışdı. 2000 nəfərlik işçi qüvvəsi tələb edən zavodun tikintisi Mərkəzi Komitənin qərarı ilə nəzarətə götürüldü.  Sanki bəxtimdən idi, istər Sumqayıtda, istərsə də Abşeronda tikdiyim obyektlər, nədənsə, nəzarətə götürülürdü. Dəzgah Tərtibatı Zavodunun tikintisinin gedişi ayda bir dəfə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini Həsən Seyidovun iştirakı ilə geniş müzakirə olunurdu. Yaranmış vəziyyəti nəzərə alaraq ilk gündən obyektdə işlərin gedişini xususi cədvəllə idarə olunmasına keçdim. Aylıq nəzarət və tələbkarlığa uyğun olaraq uzadılmış iş gününə keçdim. Xüsusi nəzarət qarşısında dayanan məsuliyyət bizi məcbur etdi ki, keyfiyyət və kəmiyyəti təmin etməklə zavodu tezliklə istismara verək. Yaxşı  yadımdadır, növbəti kollegiyada ulu öndər Heydər Əliyevin tələbkarlığı ilə seçilən məlum bir şəxsiyyət növbəti tədbirdə belə bir kəlmə işlətdi: siz onun boyuna baxın, bir qarış boyu var, amma işi ondan öyrənin. Bu sözlər məni daha yaxşı işləməyə həvəsləndirdi.

Biz tələb olunan tikinti materiallarını Mərkəzi Komitənin qrafiki üzrə vaqonla alırdıq. Bütün bunlara baxmayaraq, idarəmiz Xankəndidəki 9 nömrəli trestin tabeçiliyinə verildikdən sonra trestin rəhbəri Sergey Qriqoryanın göstərişi ilə növbəti vaqonlar gələrkən ikisinin Su-44-ə, beşinin isə Xankəndiyə  ayrıldığını Mərkəzi Komitəyə məlumat verdiyim üçün artıq trestin rəhbərliyi mənimlə düz yola getmədi.

Dəzgah Tərtibatı Zavodunun tikintisi ilə eyni zamanda Ağdam rayonunda tikinti tresti üçün yeni texniki sənədlər almışdım. 250 maşın üçün qaraj, dəmir-beton zavodu, digər köməkçi obyektlər üçün 11 metrlik şveller sifariş vermişdim. Ancaq Sergey Qriqoryan Ağdam Dəmir Yolunun yaxınlığında tikilən obyekti dayandırıb Əsgəran rayonuna köçürtdü. O vavt Xankəndinin birinci katibi Boris Gevorkov idi. O, Mərkəzi Komitə ilə danışdıqdan sonra Ağrdam rayonu üçün nəzərdə tutulan oyektləri Xankəndiyə yönəltdilər. Belə olan halda, bu barədə mən Ağdam rayonunun birinci katibi Telman Orucova müraciət etdim. Onun bu məsələyə müdaxilə etməsini istədim. Lakin Telman Orucov heç bir kömək etmədi. Bir sözlə, ermənilər istədiklərini edirdilər və onların qarşısını alan yox idi.

Mən Dəzgah Tərtibatı Zavodunu tikib təhvil verəndən sonra 9 nömrəli trestlə vidalaşdım. Sonra Ağdam şəhərində bir ilə respublikada ikinci olan 600 işçi qüvvəsi tələb edən Xalçaçılıq fabriki tikdim. Daha sonra tikdiyim Üzümçülər evi heç bir ölkədə tikilməyən layihə əsasında idi. Şellidə tikilən müalicə binası 900 kvadratmetr sahəni əhatə edirdi. Bu binaya 600 min manat vəsait xərclənmişdi. Tikintidə istifadə olunan xarici kafel, metlax, oboy və tavan materialları insanın zövqünü oxşayırdı. Zövqlə tikilmiş "Aqroprom"un ikimərtəbəli binası da Ağdam şəhərinə yaraşıq verən tikililərdən idi. Mədəniyyət evinin yenilənmiş layihə əsasında təmiri də başa çatmaq üzrə idi...

Amil müəllim dərindən köks ötürüb, sonra yenidən sözünə davam etdi:

- Mən Ağdamda üç şərab emalı zavodu tikərkən ağlıma gəlməzdi ki, bu obyektlərin taleyi acınacaqlı olacaq. KP MK-nın 22-ci qurultayı adına sovxozda tikdiyim camaşırxana, məktəblər, Mərzili kəndində 1 May adına soxvozda 2000 başlıq iribuynuzlu mal-qara üçün tikdiyim ferma, Ergidə qoyunçuluq üçün 3000 başlıq təsərrüfat tikilisi heç vaxt yadımdan çıxası deyil. O vaxtdan artıq 40il keçir... Qarabağ sovxozunda tikdiyim orta məktəbin özünəməxsus layihə gözəlliyi vardı. 8 nömrəli TTSM üçün idarə işçilərinə tikdiyim 16 mənzilli iki yaşayış evini tikib 32 aliləyə, 3 və 4 mənzilli yaşayış evlərini təhvil verərkən nə hisslər keçirdiyimi bu gün təsəvvür edə bilmirəm. 8 nömrəli TTSM-in binası qarşısında tikdiyim ikimərtəbəli mağaza və yeməkxana idarənin işçilərinə xidmət edirdi. Əhmədavar yolunda tikdiyim Şampan zavodu artıq xarici ölkələrə müqavilə əsasında hazır məhsul ixracına başlamışdı.

1990-cı illərdən başlayaraq əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə çoxsaylı yaşayış evləri tikirdik ki, bu da bədnam qonşularımız gözünə ox olub batdı. Ona görə də ermənilər 204 minə əhalisi olan Ağdam şəhərini, ona yaxın qəsəbə və kəndlərimizi tarmar edərək, on minlərlə insanımızı qətlə yetirdilər, bir milyona yaxın soydaşımızı doğma el-obalarından didərgin saldılar. Halbuku vaxtilə Azərbaycan dövləti ermənilərə Qarabağda sığınacaq verdi, dövlət vəsaiti hesabına onlara yaşayış üçün hər cür şərait yaratdı...

Ancaq indi bir qarabağlı, ağdamlı, şuşalı kimi çox heyfslənirəm ki, mən əbədiyyətə qovuşandan sonra övladlarım, nəvə-nəticələrim dağılmış Ağdam şəhərinə baxarkən izi qalmamış zavodları, yaşayış evlərini, tarixi abidələri görməyəndə nə fikirləşəcəklər? Bəs onlar nə ilə fəxr edəcəklər? Axı onların ata-babalarının tikdiklərindən əsər-əlamət qalmayıb. Halbuki mən tikmişdim ki, izim qalsın... Mən Ağdamda yaşayıb işləyərkən 3 yerdə yaşayış evim olub. Axundov küçəsində tikdirdiyim üçmərtəbəli yaşayış evimin 4000 kvadratmetr sahəsi olmaqla, mansarlı evimin 3-cü mərtəbəsində 40 nəfərlik banket zalı, iki yataq otağı, 4 tərəfində  eyvan, bilyard otağı vardı.

Ağdamın işğalından sonra əvvəlcə Bərdədə, sonra isə Bakıda sığınacaq tapdığını deyən 81 yaşlı Amil müəllim ali təhsilli kadr kimi sadaladığı gördüyü işlərin əks olunduğu 47 illik əmək kitabçası əsasında aldığı 320 manat təqaüd bugünkü bazar iqtisadiyyatının tələblərinə cavab vermədiyini desə də, yenə nikbinliyini saxlayır:

- Nikbinəm, ona görə ki, Azərbaycanın Ermənistan tərəfindən cəlb olunduğu və cəmi 44 gün davam edən müharibə - İkinci Qarabağ müharibəsi Böyük Qələbəmizlə başa çatdı. Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Son 300 ildə ilk dəfə idi ki, Azərbaycanın işğal altında qalan əraziləri igid sərkərdəmizin – dövlətimizin başçısının rəhbərliyi ilə geri qaytarıldı. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldu.

30 illik erməni işğalından azad olan Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizin qəlbini fərəhləndirir. Bu gün ölkəmizin siyasi və iqtisadi potensialı Qarabağda işğaldan azad edilmiş ərazilərin tam dirçəlişinə yönəlib. Artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin baş planları təqdim olunub, digər şəhərlərdə də bu iş sürətlə davam etdirilir. Dövlət başçısının iştirakı ilə Şuşa, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının ərazilərində salınacaq yaşayış binalarının təməli qoyulub. Ərazilərin çoxsahəli potensialına uyğun olaraq, bölgədə iqtisadi fəaliyyətin tezliklə bərpası diqqət mərkəzindədir. Konkret olaraq sənaye zonalarının, istehsal sahələrinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində addımlar atılıb. Ağdam Sənaye Parkının, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının təməli qoyulub, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində sahibkarlarla və dövlət qurumları ilə müvafiq iş aparılır.

Qazanılmış tarixi zəfərin kökündə cənab İlham Əliyevin uzun illər ərzində böyük fədakarlıqla gördüyü çoxşaxəli işlər durduğu kimi, azad olunmuş ərazilərin dirçəldilməsi və bu yerlərə Böyük Qayıdışın təmin edilməsi də dövlət başçısının böyük əzmkarlığı, qətiyyəti və güclü siyasi iradəsinə əsaslanır.

Əminəm ki, tezliklə Ağdam şəhəri, Şuşa və digər bölgələrimiz yenidən dirçələcək, o yerlərdə həyat yenidən bərpa olunacaq. Qarabağ camaatının zəhmətsevər, yorulmaq bilməyən, yaradıcı  olduqlarına qətiyyətlə inanıram. Mən bütün xalqımızı dövlətimizin ətrafında sıx birləşərək, quruculuq işlərinə, ölkəmizin daha da abadlaşdırılmasına dəvət edirəm.

***

Həmsöhbətimi dinlədikcə ona əlavə suallar vermək, yaxud hansısa "təmas nöqtələri" axtarmaq lazım gəlmirdi. Ancaq buna baxmayaraq, aramızda çox səmimi söhbət alındı. Və oxucularımıza bu fədakar insanı daha yaxından tanıtmaq, onun iş fəaliyyətindəki nailliyyətlərindən söz açmaq istərdim...

O, danışdıqca mənə elə gəlirdi ki, həmsöhbətim hər sözü tələffüz etdikcə sanki ürəyini boşaldır, mənəvi rahatlıq tapır, gözlərinə işıq gəlir, üzündə qəribə bir təbəssüm oyanır, eyni açılırdı... Çünki onunla xudahafizləşərkən səsindəki əvvəlki kövrəklikdən, üzündəki dərin kədər və yorğunluqdan əsər-əlamət qalmamışdı.

Elbar ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.7.)

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN