Ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib. Ə.İsmayılov deyib ki, müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digrlərinin müraciətləri baxılmaqdadır. Bundan əlavə, Əhməd İsmayılov bildirib ki, 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru media Reyestrindən keçməyən media subyektləri ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, media reyestrindən keçməyən media subyektləri məhkəməyə veriləcək. "Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək".

Elçin Məmmədli