“Bu gün dünya mətbuatı özünü hər zaman “demokratiyanın beşiyi” kimi təqdim edib, digər dövlətləri demokratik prinsiplərə riayət etməməkdə ittiham edən Fransada yaşanan qanunazidd hadisələrdən,

insan hüquqlarının pozulmasından, polis zorakılığından yazır. Bir sual ortaya çıxır: Fransa hökuməti bu yaşananlar fonunda yenə də “öz gözündə tiri görməyib başqasında çöp axtarmaq”dan əl çəkməyərək, vətəndaşların sərbəst toplaşmaq azadlığının yolverilməz olduğunu “demokratiyanın prinsipi” kimi təqdim edəcək? Bu gün Fransanın ayrı-ayrı şəhərlərində yaşananları inkar etmək, hadisələri başqa yönümdə izah etməyə cəhdlər göstərmək mümkünsüzdür. Çünki bu gün reallıqlara işıq salan, reallığı ortaya qoyan videolar, fotolar var.  Özünü demokratik ölkə adlandıran Fransa küçələrində polis vətəndaşlara hücum edir, onları dəyənəklə döyür, yerdə vəhşicəsində sürüməkdən utanmır. Etiraz aksiyalarını dağıtmaq üçün gözyaşardıcı qaz əsas vasitə kimi  istifadə edilir.  “Demokratiyanın beşiyi” dünyaya bu nümunəni təqdim edir.”

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə "Təzadlar"a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, “özünə umac ova bilməyib, başqasına əriştə kəsməyə” adətkar olan Fransada illərdir etirazlar, mitinqlər mütəmadi xarakter daşıyır: “Başı Ermənistanı müdafiə etməyə, bölgədə sülhün, təhlükəsizliyin, sabitliyin təmin edilməsinə mane olmağa qarışan Emmanuel Makron ölkəsindəki vəziyyəti unudub, vətəndaşlarının nə istədiyini belə eşitmək, bu istiqamətdə  addımlar atmaq fikrində deyil. Amma unudur ki, insan hüquqlarının qorunması, vətəndaşların düşüncələrini sərbəst ifadə edə bilməsi demokratiyanın əsas göstəriciləri sırasındadır. Daxildə sabitliyi, əmin-amanlığı, vətəndaş məmnunluğunu təmin edə bilməyən bir ölkənin rəhbərinin  digər ölkələrin daxili işinə müdaxiləni özünə bir prinsip kimi qəbul etməsi gülüş və təəccüb doğurur. Görünür, Fransanın demokratiyanın əsas tələblərini, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərini öyrənməyə və ədalətə söykənərək tətbiq etməyə böyük ehtiyacı var.”

 Baş redaktor bildirib ki, vətəndaşların sərbəst toplaşmaq azadlığının kobud şəkildə pozulduğu Fransanın “demokratiya”nı öz maraqlarına uyğun formada təqdim etməsi dünyada etimadsızlıq mühitinin niyə aşağı səviyyədə olduğunun səbəbini açıqlayır: “Fransada bugünün reallıqları Makron hakimiyyətinin həyata keçirdiyi siyasətin güzgüsüdür. İnsanlar öz hüquqlarından istifadə edərək təqaüd yaşının artırılmasına qarşı dinc şəkildə aksiya keçirdiyi halda polis zorakılığa əl atır. Fransanın iri  şəhərləri olan Paris, Marsel və Lionda  hökumətin pensiya islahatlarına etiraz edib küçələrə çıxanların sayı  iki milyona yaxındır.  Fransa Prezidenti Emmanuel Makron açıqlaması ilə insanların haqlı narazılığını daha da dərinləşdirir. Belə ki, Makron  təqaüd sistemində nəzərdə tutulmuş dəyişiklikləri həyata keçirəcəyini bildirir. Bu, insan haqlarının qorunmasından danışan, “Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün səyləri artırmaq” tələbini,  “Ermənistana humanitar yardımı artırmağa”, həmçinin “erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə” çağırışları özündə ehtiva edən bədnam  qətnamələri  qəbul edən Fransadır.  Fransa  öz yurd-yuvasından didərgin düşən yüz minlərlə azərbaycanlını unudaraq qondarma erməni qaçqınlarından bəhs edir. Azərbaycanı Ermənistana qarşı guya hərbi təcavüzdə ittiham edir.  Bu ölkə Senatının qəbul etdiyi qərəzli qətnamələr, eyni zamanda, Fransada  yaşananlar demokratiya və humanizm idealları ilə pərdələnmiş ölkənin  əsl simasını, yürütdüyü  siyasəti təqdim edir.  Tarixi  müstəmləkəçilik və soyqırımı siyasəti ilə zəngin olan Fransanın, onun hökumətinin  Ermənistana və onun təcavüzkar siyasətinə dəstəyi əslində təəccüb doğurmur. Siyasətləri eyni dəyərlərə söykənən “iki bacı”nın demokratiyaya yanaşmaları da oxşardır. İnsan hüquqlarının kobud şəkildə pozulması bu ölkələr üçün adi haldır. Əməldə   demokratik dəyərləri maraqlarına qurban verib, üzdə "demokratiyanın beşiyi” görüntüsünü yaradan Fransa hazırda beynəlxalq münasibətlər sistemində etimadın ən zəif  olduğu ölkələrdən biridir.”